Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:36

Əli Həsənovun nəvəsi törətdiyi qəzanın səbəbini açıqladı


Nail Allahverdiyev
Nail Allahverdiyev

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev həbsinə səbəb olmuş hadisənin necə baş verdiyini danışıb. O, dekabrın 5-də öz məhkəməsində bu haqda ifadə verib.

N.Allahverdiyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Nail Allahverdiyev sürəti niyə artırıb

Jurnalistlər prosesə buraxılmadığından, AzadlıqRadiosu məhkəmədə olub-bitənləri vəkillərdən öyrənib. Bugünkü məhkəmədə N.Allahverdiyevin ifadəsindən öncə hadisə yerində olmuş «Mazda»nın sürücüsü Mirməhəmməd İsmayılov dindirilib. «Maqa» ləqəbli şahid deyib ki, hadisənin onlar yolda ötüşərkən baş verməsi haqda yayılan söz-söhbətlər yalandır. Onun sözlərinə görə, xeyli vaxt idi Naillə bir-birini görmədiklərindən həmin gün Mərdəkanda görüşüblər. Axşam saatlarında də evə qayıtmaq üçün birlikdə çıxıblar – hərə öz maşını ilə.

***Buna da bax-Övladına görə vəzifəsini itirən məmurlar

«Ardıcıl gəlirdik. Birdən Nailgil sürəti artırdılar, uzaqlaşdılar. Zəng elədim, telefona cavab vermədi. Mən onlara çatanda artıq hadisə olmuşdu», – M.İsmayılov bildirib.

N.Allahverdiyev isə avtomobili yüksək sürəklə idarə etməsinin səbəbini həmin vaxt maşında olan, hadisə nəticəsində dünyasını dəyişmiş Mehdi Əliyevin səhhətindəki problemlərlə izah edib. Onun sözlərinə görə, Mehdinin ürəyi ağrıyırdı, onu təcili çatdırmaqdan ötrü sürəti artırıb.

«Mən qaçmamışam»

Komitə sədrinin nəvəsi onu da bildirib ki, hadisə yerindən qaçması haqda yazılanlar, deyilənlər yalandır. Onun vəkili də hadisə yerindən qaçmağa görə CM-nin 264-cü maddəsi ilə verilmiş ittihamın çıxarılmasını istəyib. Müdafiəçi istintaqdan da gileylənib. Deyib ki, ibtidai istintaq qərəzli aparılıb.

Bundan öncə isə mərhum M.Əliyevin həyat yoldaşı Ülviyyə Əliyeva zərərçəkmiş qismində ifadə verib. Bildirib ki, N.Allahverdiyevdən şikayətçi deyil. Həyat yoldaşı ilə Nailin dost olduğunu deyən zərərçəkmiş təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza verilməsini istəyib. Deyib ki, əmindir, əgər sükan arxasında onun həyat yoldaşı olsaydı, belə hadisə qarşı tərəfin başına gəlsəydi, onlar da şikayətçi olmayacaqdılar.

***Buna da bax-Deputat oğlunun tanışlıq cəhdi və gecəyarı atəşlər

Daha bir zərərçəkmiş – qəzada dünyasını dəyişmiş piyada Vaqif Əsədovun oğlu Ramiz Əsədov da ifadəsində şikayətçi olmadığını deyib. Hadisədən danışan zərərçəkmiş söyləyib ki, atasının işdən qayıtmadığını görüb polisə xəbər verib. Bir qədər sonra ona kişi meyiti göstəriblər. O, atasının meyitini tanıyıb.

Təkrar ekspertiza istəyirlər

Məhkəmədə N.Allahverdiyevin müdafiəçiləri təkrar avtotexniki ekspertizanın keçirilməsi haqda vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.

Daha sonra məhkəmə istintaqının tamamlanması haqda qərar çıxarılıb.

Məhkəmə dekabrın 11-də davam edəcək. Növbəti iclasda prokuror çıxış edib, təqsirləndirilən şəxsə cəza istəyəcək.

Xatırlatma

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar V.Əsədovu və Türkiyə vətəndaşları olan Tekiş cütlüyünü vurub, ardınca «VAZ 21015» markalı avtomobilə çırpılıb. Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG