Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:01

Repressiya növbəsi Qalatasaray klubuna çatdı?


Reuters agentliyinin verdiyi xəbərə görə Türkiyə hökuməti İstanbulun Qalatasaray futbol klubunun oyunu zamanı onun azarkeşlərinin açdığı plakatla bağlı təhqiqata başlayıb.

Türkiyənin hökumətyönlü mediası bu plakatın 2016-cı ilin uğursuz çevriliş cəhdi ilə birbaşa bağlı olmasını yazıb.

Oktyabrın 22-də Qalatasaray və Fenerbahce klublarının görüşünə az qalmış Qalatasaray azarkeşləri qapının arxasında nəhəng qırmızı-sarı plakat açıblar.

Plakatda Sylvester Stallone-nin məşhur qəhrəmanı Rocky-nin şəkli vardı. Şəklin altında isə iri hərflərlə yazılmışdı: “Ayağa qalx” və “Sən diz üstdə olduğundan onlar böyük görünürlər”.

Türkiyənin hökumətyönlü mediası bu plakatı və onun yazılarını ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenin şəbəkəsi ilə bağlayan məqalələr dərc edib.

Ankara Güleni 2016-cı il iyul çevriliş cəhdinin təşkilatçısı olmaqda ittiham edir.

İqtidaryönlü Takvim qəzeti yazıb ki, plakatın üstündəki sözlər Gülenin bir çıxışında dediyi şüara işarədir. Bu çıxışda Gülen bir şeirdən “Ayağa qalx, Sakarya” misrasını oxumuşdu.

Hökumətə yaxın mənbələrdən biri Reuters-ə baş nazir Binali Yıldırımın bu plakatla bağlı təhqiqat aparılması barədə sərəncam verdiyini deyib.

Qalatasaray-Fenerbahce matçı 0-0 hesabı ilə başa çatsa da, oyundan sonra hakimin də xəsarət aldığı zorakılıq baş verib.

Qalatasaray komandasının bəyantında ittihamlar klubu gözdən salmaq məqsədilə edilən “acız cəhd” adlandırılıb. Bəyanatda deyilir ki, eyni plakat may ayında keçirilən matçda da nümayiş etdirilmişdi.

Klubun internet saytında dərc edilmiş bəyanatda daha sonra deyilir: “Biz bütün hüquqi imkanlarımızdan Qalatasarayı o əliqanlı liderin xain təşkilatı ilə bağlamaq istəyən hər hansı təsisat, şəxs və ya sosial media hesabına qarşı istifadə edəcəyik”.

Türkiyədə 2016-cı ilin iyulundan bəri çevriliş cəhdi ilə əlaqədə şübhəli bilinən 50 min nəfər həbsxanaya salınıb, 150 min nəfər işindən məhrum edilib.

Beynəlxalq insan haqları təşkilatları bildirirlər ki, prezident Recep Tayyip Erdoğan baş tutmamış çevriliş cəhdindən öz hökumətinin opponentləri üzərinə hücum üçün istifadə edir.

Reuters yazır ki, Yıldırımın ofisindən verilmiş məlumatdan sonra Qalatasaray klubu səhmlərinin qiymətləri düşüb.

Hazırda Türkiyənin əsas liqasında lider olan Qalatasaray ölkənin ən şərəfli klubudur. Klub 20 dəfə Türkiyə çempionu olub, 2000-ci ildə isə UEFA kubokunu qazanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG