Hər il keçirilən "Miss Rusiya" gözəllik müsabiqəsində Qafqaz respublikaları bu il təmsil olunmayacaq.
Müsabiqənin baş direktoru Larisa Tikhonova-nın sözlərinə görə, qızlar sosial şəbəkələrdə həmyerlilərinin mənfi reaksiyası ucbatından müsabiqədə iştirakdan imtina ediblər. Bu barədə “Kavkaz.Realii” saytı yazır.
Ötən il bu müsabiqəyə Şimali Qafqaz təmsilçiləri ilk dəfə qatılıblar. Şimali Osetiyanı təmsil edən 21 yaşlı Yekaterina Khachirova, dağıstanlı 21 yaşlı Albina İldarova və Kabarda-Balkardan 18 yaşlı Nazima Goova finala çıxıblar. Onların müsabiqədə iştirakı birmənalı qarşılanmayıb. Məsələn, Rusiya Qafqaz xalqları konqresinin icraiyyə komitəsinin sədri Sultan Togonidze konqres adından qızların müsabiqədə iştirakını qınayıb.
Buna da bax: Putin Trump-a dair iddiaları “cəfəngiyyat” adlandırıb
“MÜSABİQƏMİZ DƏ FƏRQLİ OLMALIDIR”
"Hərə özünü necə ifadə edəcəyini və göstərəcəyini özü seçir. Ancaq bu, insanın şəxsi həyatına aiddir. Bu regionların alt paltarında dəfilə göstərilən müsabiqədə təmsil olunması bizim üçün qəbuledilməzdir. Çünki bu, həmin regionlarda yaşayan xalqların simasına və ənənəvi dəyərlərinə ziddir", – deyə Togonidze bəyan etmişdi.
Ancaq qızları ictimai xadimlərin fikirləri yox, sosial şəbəkələrdəki narazılıq dalğası narahat edirdi. Yazılan şərhlərin arasında hətta hədələr də var idi. "Kavkaz.Realii" portalı bununla bağlı sosial şəbəkələrdə öz oxucuları arasında sorğu keçirərək onların qafqazlı qızların gözəllik müsabiqəsində iştirakına münasibətini soruşub. Yazılan cavabların çoxu müsbət olub.
"Biz mədəni cəhətdən fərqliyik, müsabiqəmiz də fərqli olmalıdır", – Kabarda-Balkar Respublikasından Zaur Zhemukha yazır.
Buna da bax: Fransız qız dünya gözəli seçildi
Shamil Nasretdinov adlı istifadəçi isə məsələyə siyasi tərəfdən yanaşır. Onun sözlərinə görə, Rusiya vahid millət yaratmağa çalışır. Bu kütlənin içində isə dili, mədəniyyəti və mentaliteti fərqli olan Qafqaz, Volqaboyu xalqlarına yer yoxdur. İstifadəçi beləliklə belə müsabiqələrin "başqalarını" assimilyasiya etmək məqsədi daşıdığına eyham vurub.
“ONLARA HƏR TƏRƏFDƏN BAXIRLAR”
İnquşetiyalı sahibkar Ahmed Buzurtanov da qızların müsabiqəyə qatılmamaq qərarını sevinclə qarşılayıb: "Yaxşı olardı ki, təkcə qafqazlılar yox, digərləri də məsələyə belə baxsınlar".
Xəbəri təkcə qafqazlı kişilər yox, həm də qafqazlı qadınlar müsbət qarşılayıblar. Onlardan bəziləri bu müsabiqənin qadınların hüquqlarını pozaraq onları əmtəəyə çevirdiyini düşünür. Rusiyanın başqa bir yerində biznes qurmaqla məşğul olan dağıstanlı Diana Arslangereyeva deyir: "Mən prinsipcə bu müsabiqəni bəyənmirəm. Qızlar yarmarkadaymış kimi podiumda addımlayırlar. Onlara hər tərəfdən baxırlar, qiymət verirlər, ən yaxşısını seçirlər. Nə üçün? Bu, qadın ləyaqətini alçaldır. Hələ bir ordaca dişlərinə də baxsınlar. Podium gözəllik standartlarının milyonlarla qızın beyninə təsiri barədə isə danışmağa dəymir. Anoreksiya, ...kosmetoloji prosedurlar və plastik əməliyyatlar çoxdan yayılıb. Bu isə qadın sağlamlığına zərərlidir. Odur ki, bu şovinist müsabiqə lazım deyil. Ondansa, qoy olimpiadaları və elmi konfransları populyarlaşdırsınlar".
Buna da bax: Trump-la Clinton-un söz davasına bu dəfə gözəl səbəb oldu
QADIN GÖZƏLLİYİ OLMADAN...
Ancaq ictimai xadim Soyun Sadykov deyir ki, Qafqaz gözəlliyi olmadan müsabiqəyə tamaşa etmək maraqsız olacaq.
"Miss Rusiya" Rusiyada hər il keçirilən milli gözəllik müsabiqəsidir. İlk vaxtlarda iştirakçıları yalnız Parisdə, mühacirlərin arasından seçirdilər. İkinci Dünya müharibəsi başlananda müsabiqə dayandırılıb və yalnız 1989-cu ildə "Miss SSSR" adı ilə bərpa olunub. O vaxtdan bu yarış hər il Moskvada keçirilir. 2016-cı ildən bəri isə o, Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilir.
Bu ilki müsabiqədə ölkənin müxtəlif regionlarını təmsil edən 50 qız iştirak edəcək. Finalçıların adları bir neçə gündən sonra bəlli olacaq. Finalın özü isə aprelin 15-də Moskvada keçiriləcək. Miss Rusiya – 2017 brilyant və mirvari ilə bəzədilmiş ağ qızıldan tac, pul mükafatı, avtomobil və "Dünya gözəli" və "Kainat gözəli" müsabiqələrində ölkəni təmsil etmək hüququ qazanacaq.