Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:43

Ayaz Salayev: 'Sifarişlə yazmamışam'


R.İbrahimbəyov
R.İbrahimbəyov

Rüstəm İbrahimbəyovun ssenari müəllifi və prodüseri olduğu, 3 il öncə çəkilmiş «Qafqaz triosu» və ya «Qafqaz üçlüyü» adlı filmi bu günlərdə Azərbaycanda müzakirələrə yol açıb. Bu haqda birinci danışan kinorejissor, tənqidçi Ayaz Salayev oldu, filmlə bağlı məqalə yazdı. Bundan sonra prezidentin köməkçisi Əli Həsənov hər kəsi filmə, onun müəllifinə münasibət bildirməyə çağırdı. Beləliklə, məsələ KİV-lərə, sosial mediaya daşındı, deputatlar, siyasətçilər, kinotənqidçilər müzakirəyə başladılar.

AzadlıqRadiosu R.İbrahimbəyova zəng vuraraq bəzi suallara cavab almaq istəyib. Amma «İndi danışmağa vaxtım yoxdur» deyən ssenari müəllifi və prodüser bildirib ki, bu haqda fikrilərini yazılı şəkildə KİV-ə təqdim edəcək.

İbrahimbəyov contact.az-a göndərdiyi qısa yazıda deyir ki, əksər azərbaycanlılar kimi, o da Ermənistanın ərazi iddialarının milyonlarla insanın taleyində əksini tapmış «dəhşətli» nəticələrə gətirib çıxardığını düşünür. Bununla belə, o, baş verənlərə görə erməni xalqını deyil, Ermənistan rəhbərliyini və təcavüzkar milliyyətçi qrupları ittiham etdiyini söyləyir.

İbrahimbəyov daha sonra yazır ki, «Qafqaz triosu» filmi 2015-ci ildə çəkilib və çətin ki, kinoşünas A.Salayev ona bu qədər gec baxıb:

«Filmin səthi-siyasiləşdirilmiş təhlili və mənim ünvanıma filmdə bəhs edilən tarixdən çox-çox kənara çıxan ittihamlar Salayevin məqaləsinin ya «sifarişli» olduğu, ya da məhz bu gün üzərinə diqqət çəkmək üçün ona lazım olduğu barədə qənaət yaradır. Filmdə baş verənlərin mənası kobud və qərəzli şəkildə təhrif edilib; faktları dəyişdirən və diqqəti ikinci dərəcəli hadisələrə çəkən coşqun tənqidçi əsas şeyi görməyib: baş qəhrəman azərbaycanlı Fərhadın xeyirxah davranışı onun uşaqlıq dostunun, Bakı ermənisinin yanlış baxışlarını dəyişdirir».

R.İbrahimbəyovun sözlərinə görə, «Qafqaz triosu» düşmən ölkələr nümayəndələri arasında normal insani münasibətlərin mümkün olduğundan bəhs edir. Və o inanır, bu gün müxtəlif səbəblərdən bu həqiqəti qəbul etməyənlər gec-tez onu dərk edəcəklər.

A.Salayev
A.Salayev

Ayaz Salayev: «Rüstəm İbrahimbəyovu müxalif... adam kimi görmək yanlış olardı»

Film niyə üç il sonra gündəmə gətirilib? Məqsəd nədir? Bu təsadüfdür, ya A.Salayev «sifarişlə» belə bir məqalə yazıb? Məqalənin müəllifi A.Salayev AzadlıqRadiosuna deyir ki, bu film təsadüfən rastına çıxıb və ona baxanda əsəbiləşib. Amma o, məqaləni sifarişlə yazmadığını bildirir:

- Bəli, özüm də bu yazının belə reaksiya doğuracağını gözləmirdim. Bu da onu təsdiqləyir ki, bizdə çox böyük inciklik var və belə şeylərə toxunmaq olmaz. Düşmən tərəfdən bunu görəndə normal qəbul edirsən, amma öz tərəfimizdən xəyanəti görəndə hamı çox inciyir. Burda başqa bir şey axtarmaq yanlışdır. Sifarişlə də yazmamışam. Mənim addımımda çirkin, iyrənc bir şey axtarmaq bilmirəm nə dərəcədə düzgündür, nə dərəcədə mənəvi baxımdan sağlamdır? Siz ona baxmısınız?

- Məqalədə deyildiyi kimi, filmdə azərbaycanlılar heç də ucdantutma «vəhşi» kimi qələmə verilmir.

- Birinci dəfədir sizdən bunu eşidirəm.

- Orda erməni dostunun və oğlunun salamat qalması üçün çalışan Fərhad obrazı da var, məsələn.

- O, nə obrazdır? Film sizdə etiraz doğurmadı?

- Sizcə, filmin mesajı nədir?

- Mesaji çox aydındır. Mesajı odur ki, Qarabağ münaqişəsinin əsas problemi Azərbaycan torpaqlarının işğalı yox, azərbaycanlıların ermənilərə səbəbsiz və əsassız nifrətidir. Azərbaycanlıları çox vəhşi, təcavüzkar kimi təqdim edirlər. Orda azərbaycanlılar qoca gürcünü döyürlər, ölür. Mesaj budur ki, azərbaycanlıları sakitləşdirmək lazımdır, onda Qarabağ münaqişəsi həll olunar. Bu, Rusiya media məkanında çox geniş yayılmış, yanlış fikirdir. Məncə, ssenari müəllifi artıq bu filmlə azərbaycanlı mənsubiyyətindən imtina edir.

- Sizcə, sənətçinin milliyyəti olmalıdır?

- Siz dünya kinosunda milliyyəti olmayan böyük rejissor tanıyırsınız? Fellininin milliyyəti yoxdur, Tarkovskinin milliyyəti yoxdur, Akira Kurosavanın milliyyəti yoxdur?

- Bəlkə də sual belə qoyulmalı idi, yaradıcı adamlar milli hisslərin fövqündə dayanmağı bacarmalı deyillər?

- Mən elə bir dahi sənətkar görməmişəm ki, xalqının maraqlarının fövqündə dayansın, öz xalqı haqqında hər şeyi desin, vəhşiliyini göstərsin. Olar, o başqa şeydir, bəli, ürək ağrısı ilə göstərsin... Məncə, hökumət haqlı nəsə deyəndə bunu cəsarət tapıb söyləmək lazımdır. Rüstəm İbrahimbəyovu müxalif, azadlıq uğrunda, Azərbaycanda demokratiya uğrunda vuruşan adam kimi görmək yanlış olardı. Bu filmi Azərbaycanda kim görübsə qəlbinə toxunub.

E.Quliyev
E.Quliyev

«Rüstəmdən düşmən düzəltmək fiaskoya uğrayacaq»

«Psevdomillətçilik təhlükəli şeydir. Kimin nə deməsindən asılı olmadan Rüstəm İbrahimbəyov vətənini, xalqını sevən nadir tək-tük insanlardan biridir. Onu necə analiz edirlər bilmirəm», – R.İbrahimbəyovla Ziyalılar Hərəkatında təmsil olunan, Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev deyir.

O da eyni təəccüblə soruşur: «Mən filmə baxmamışam. Amma təəccüblü odur ki, niyə indi başlayıblar filmin müzakirəsinə?..».

E.Quliyev R.İbrahimbəyovun ssenarisi əsasında çəkilən «Bir cənub şəhərində» filminin də tənqidlərlə üzləşdiyini, müəllifinin, az qala, xalq düşməni elan olunduğunu yada salır:

«Üstünə düşdülər ki, azərbaycanlıları xuliqan kimi, bir-birini bıçaqlayan kimi göstərirsən filan. Amma indi o azərbaycanlıların adını biabır edən qəhrəmanlara münasibət başqadır. Buna görə hər hansı bədii əsərin analizində yanaşma bucağı düzgün seçilməlidir. Bir var hər hansı milləti kimliyinə görə sevəsən, bir də var insan sevgisi ilə. Kimliyinə görə sevmək birinci mərhələdir, bu mərhələni adlayan sənətkarda insan sevgisi başlayır. Heç bir halda xalq günahkar ola bilməz. İkinci Dünya müharibəsindən sonra demirdilər ki, alman xalqı əzazildir, deyirdilər, «günahkar faşizmdir». Rüstəmin yanaşması da sevgisi əsasındadır. Bu onun yaradıcılığında prioritet təşkil edir. Rüstəmdən düşmən düzəltmək cəhdi fiaskoya uğrayacaq».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG