Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:44

'Qadağan olunan hekayələr' layihəsinin təqdimatı keçirilib


«Qadağan olunan hekayələr» layihəsinin təqdimatı
«Qadağan olunan hekayələr» layihəsinin təqdimatı

Vaşinqtondakı xəbər muzeyi - «Newseum»da «Sərhədsiz Reportyorlar» təşkilatı və Azad Səslər Şəbəkəsinin birgə «Qadağan olunan hekayələr» layihəsinin təqdimatı keçirilib.

«Amerikanın səsi»nin xəbərinə görə, qlobal innovativ layihənin təsisçisi Laurent Richard layihənin məqsədlərindən danışıb:

««Qadağan olunan hekayələr» layihəsinin əsas məqsədi təhdid olunduqları, həbs edildikləri, ya da qətlə yetirildiklərinə görə işləri yarımçıq qalan jurnalistlərin işini davam etdirməkdən ibarətdir».

XƏDİCƏ İSMAYILIN HƏBSDƏN YAZDIĞI MƏKTUB

L.Richard deyib ki, layihənin yaradılmasına əsas iki səbəb olub. Bunlardan biri Parisdə «Charlie Hebdo» dərgisinin jurnalistlərinin terror hücumu nəticəsində qətlə yetirilməsi və araşdırmaçı-jurnalist Xədicə İsmayılın ona həbsdən yazdığı məktub.

«Azərbaycanda araşdırmaçı jurnalistika o deməkdir ki, siz həbs oluna bilərsiniz. Xədicə İsmayıl Azərbaycanda korrupsiya araşdırmasına görə həbs edilmişdi», - L.Richard bildirib.

Müzakirələrdə iştirak edən Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumunun direktor müavini Marina Walker deyib ki, layihə çərçivəsində beynəlxalq jurnalistlərin əməkdaşlığı və birgə çalışması nəzərdə tutulur. O bildirib ki, layihənin əsas məqsədi jurnalistlərin işinin sərhədlərdən kənar, hökumət maneəsi olmadan və senzurasız ictimaiyyətə çatdırılmasından ibarətdir. Onun sözlərinə görə, X.İsmayılın işi jurnalistlər arasında əməkdaşlığın ən bariz nümunələrindən biridir.

«Xədicənin həmkarları və dostları onun həbsdən əvvəl korrupsiya ilə bağlı işini davam etdirmək üçün «Xədicə layihəsi»nə başladılar. Bu, jurnalistlər arasında əməkdaşlığa ən gözəl nümunələrdən biridir», - o bildirib.

«JURNALİSTLƏRİ SUSDURMAQ İSTƏSƏNİZ…»

Azərbaycanlı jurnalist Ələkbər Raufoğlu deyib ki, bu layihə repressiv rejimlərə jurnalistləri təqib etdikləri halda dünya ölkələrində başqa jurnalistlərin onlara dəstəyə hazır olduğu haqda mesajdır. O, Azərbaycanda və Türkiyədə azad mətbuat qarşısında çətinliklərdən danışıb.

«Bu ölkələrdə mətbuatın əsas problemi hakimiyyətdə olan liderlərin özləri ilə bağlıdır. Buna görə də layihə onlara bir mesajdır ki, jurnalistləri susdurmaq istəsəniz, onların işini başqa jurnalistlər davam etdirəcək», - o bildirib.

XATIRLATMA

Azərbaycan rəsmiləri isə ölkədə jurnalistlərin təqib olunması haqda deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, hər il Prezident yanında KİV-lərin İnkişafına Dəstək Şurası qəzetlərə maliyyə yardımı edir. Bakıda iki bina tikilərək jurnalistlərə pulsuz paylanıb. Rəsmilərin fikrincə, bütün bunlar prezident İlham Əliyevin jurnalistikaya qayğısıdır.

Ancaq Azərbaycanda bəzi jurnalistlər də düşünür ki, pulsuz ev paylamaq həmkarlarını hakimiyyətdən asılı vəziyyətə salır.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı. O, ittihamları qəbul etmir, araşdırma yazılarına görə sifarişlə həbs edildiyini bəyan edirdi.

Jurnalist 2016-cı il mayın 25-də Ali Məhkəmənin qərarı ilə həbsdən buraxılıb. Əvvəlki hökm 3 il 6 ay şərti cəza ilə əvəz edilib. Avqustda isə Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra şərti cəzanın müddəti 2 il 3 aya endirilib. Ancaq şərti cəza ilə əlaqədar jurnalistə Ali Məhkəmənin təyin etdiyi 5 il sınaq müddəti elə olduğu kimi saxlanılıb.

X.İsmayıl həbsdən buraxılsa da, ölkədən kənara buraxılmır. Ölkədən çıxışına qoyulan qadağanın aradan qaldırılmasından ötrü Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, şikayəti təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG