Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:31

'Qaçqınkom'un qarşısında aksiyaya cəhd edilib


Aksiya. 1 iyun 2020
Aksiya. 1 iyun 2020

İyunun 1-də bir qrup məcburi köçkün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qarşısında aksiya keçirməyə cəhd edib.

Aksiya iştirakçıları bildirib ki, onlar mayın 28-də açılışı olan, məcburi köçkünlər üçün salınmış "Qobu-3" yaşayış kompleksində onlara mənzil verilmədiyinə görə Komitənin qarşısına toplaşıblar.

"Evi olan adamlar ev alıb, mən isə küçədə qalmışam"

Məcburi köçkünlərin birinin sözlərinə görə, onlara illərlə söz verilsə də, mənzillər verilmir: "Ailəmlə Xırdalanda kirayədə qalırdım. İndi kirayə pulunu verməyə gücüm çatmır deyə, uşaqlarımla bir qadının yanında qalıram. Yoldaşım ağciyər xəstəsidir, hazırda xəstəxanada müalicə alır. Özüm isə başqalarının evlərini yığışdırıram və bununla dolanıram. Elə şəraitdə yaşayırdım ki, siçanlar uşağımın əlini dişləyib. Evi olan adamlar ev alıb, mən isə küçədə qalmışam. Evimi istəyirəm".

Komitə sədrindən cavab

Aksiya iştirakçıların qarşısına çıxan Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə bildirib ki, qaçqınlar və məcburi köçkünlər üçün tikilmiş evlər ədalətli paylanılır: "Bura gələn adamlar dözümsüzlük edib gəliblər. Bu adamlar bura gəlməməli idi. Onlara deyilib ki, ilin sonunda onlara Abşeron rayonunda ev veriləcək. Bizdən izahat alandan sonra jurnalistlərə şikayət etməyinin səbəbini bilmirəm. Onlar karantin rejimini pozurlar". (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-dən karantin elan edilib-red.)

Komitə sədri həmçinin bildirib ki, məcburi köçkünlər üçün yaşayış evlərin tikilməsi prosesi davam edir: ""Qobu-3" kompleksində 1336 mənzil var, Bakı şəhərin isə 52 min köçkün insan".

Komitə sədri vurğulayıb ki, köçkün ailələrinin bir hissəsi yataqxanalarda, yarımtikili sahələrdə, məktəblərdə, uşaq bağçalarında, sanatoriyalarda yaşayır: "İlk növbədə onlar köçürüləcək. Yol xəritəsi hazırlanıb. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına və yol xəritəsinə uyğun Komitə köçürülməni davam etdirəcək…".

Bundan sonra R.Rzayev toplaşan insanların suallarını cavablandırıb.

Aksiya insidentsiz başa çatıb.

Bəs onlara nə vaxt növbə çatacaq? Yaşları 80-i keçən köçkünlər
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin mayın 28-də keçirilən açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdi.

2018-ci ildə bu ərazidə "Qobu Park-1", 2019-cu ildə isə "Qobu Park-2" yaşayış kompleksləri istifadəyə verilib. Birinci yaşayış kompleksində 1026 ailəlik doqquzmərtəbəli 11 yaşayış binası, ikinci yaşayış kompleksində isə 1300 ailəlik onmərtəbəli 13 bina inşa olunub.

Prezidentin 1 ay əvvəl dedikləri

"...Bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır".

Bunu isə mayın 13-də Prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən demişdi.

Prezidentin vurğulamasına görə, əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmayıb: "Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi…".

Dövlət başçısının qeyd etməsinə görə, nəyinsə müqabilində bunu ediblər: "Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır…".

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası ilə Qarabağ münaqişəsi başlayıb. Ərazi mübahisəsi silahlı münaqişəyə çevrilib. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Bu münaqişə nəticəsində hər iki tərəfdən qaçqın və məcburi köçkünlər yaranıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG