Keçid linkləri

Təcili xəbərlər
2019, 22 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:36

'24 min köçkün ailəsi ağır şəraitdə yaşayır'


'Xaraba qalmış' yataqxana: 27 ildi gözləyən köçkünlər
Gözlə

No media source currently available

0:00 0:03:41 0:00

'Xaraba qalmış' yataqxana: 27 ildi gözləyən köçkünlər

«Hazırda təxminən 24 min məcburi köçkün ailəsi ağır şəraitdə yaşayır».

«Report» xəbər verir ki, bunu bu gün, oktyabrın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həmin məcburi köçkünlər yataqxanalarda, bağçalarda, sanatoriyalarda yaşayırlar: «Mən onlarla görüşürəm. Bu gün 700 minə qədər məcburi köçkün var və biz çalışırıq ki, onların problemlərini həll edək».

O vurğulayıb ki, bu ilin sonuna qədər 3700-dən çox mənzil tikilərək məcburi köçkünlərin istifadəsinə veriləcək.

Şikayətçilərin prezidentlə görüşə buraxılmadığı bildirilir

Oktyabrın 8-də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda məcburi köçkünlərə salınan «Qobu Park-2» yaşayış kompleksinin açılışı zamanı insident yaşandığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna ətraf ərazidə yaşayan sakinlərdən bəziləri məlumat verib. Onların sözlərinə görə, yaşayış kompleksinin yanına bu vaxta kimi ev ala bilməyən məcburi köçkünlər gələrək, prezidentə şikayətlərini çatdırmaq istəyiblər. Lakin verilən məlumata görə, əraziyə cəlb olunmuş çoxsaylı polis əməkdaşları buna imkan verməyiblər və onları oradan uzaqlaşdırıblar.

Məlumata görə, bir neçə nəfər saxlanaraq, Qaradağ rayon Polis İdarəsinə aparılıb.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Qaradağ rayon Polis İdarəsindən münasibət almaq mümkün olmayıb.

+++

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və «Paşa Holdinq» şirkətinin nümayəndəsi, layihə rəhbəri Kamil Əliyev dövlət başçısı İlham Əliyevə kompleksdə yaradılan şərait barədə məlumat veriblər.

AZƏRTAC-ın xəbərinə görə, bildirilib ki, təməli ötən ilin sentyabrında qoyulan bu kompleksdə onmərtəbəli 13 bina ilə yanaşı, məktəb, uşaq bağçası, poliklinika, gimnastika, güləş və trenajor zalları, şahmat mərkəzi, iaşə obyektləri yaradılıb. Habelə qeyd olunub ki, kompleksdə ümumilikdə 1300 mənzil var

Sifarişçisi «Paşa Holdinq», podratçısı isə «Kristal Abşeron» MTK olan yeni qəsəbə ötən il Lökbatanda istifadəyə verilən «Qobu Park-1» yaşayış kompleksinin yanında inşa edilib. Hazırda «Qobu Park-3» yaşayış kompleksində də tikinti işlərinin davam etdirildiyi vurğulanıb.

«Qobu Park-1» yaşayış kompleksində artıq 1000-dən çox ailənin yaşadığı bildirilir. «Qobu-3» də isə 1300 ailə yaşamalıdır.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildən Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1994-cü ildə tərəflər arasında əldə edilən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ora bitişik 7 rayonu işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupda həmsədr dövlətlərdir.

Bu münaqişə nəticəsində Azərbaycanda 700 min insanın köçkün düşdüyü bildirilir. Rəsmi açıqlamaya görə, indiyə kimi köçkünlərə 100-ə yaxın şəhərcik salınıb. 2007-ci ildə isə çadır şəhərciyinə son qoyulduğu açıqlanıb. Amma hələ də Bakı və bölgələrdə yataqxanalarda yaşayan köçkün ailələri var. Həmin yataqxana binalarının hətta bir çoxlarının qəzalı olduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG