Keçid linkləri

Təcili xəbərlər
2019, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:28

Qızılca immun sistemini dağıdır


Qızılcaya qarşı peyvənd

BBC yeni araşdırmaların nəticələrinə əsasən yazır ki, qızılca insanın immun sisteminə dağıdıcı təsir göstərir, illərlə onun infeksiya ilə mübarizə imkanını çətinləşdirir.

Virus «immun amneziyası» yarada bilir. Bu zaman orqanizm əvvəllər öhdəsindən çox yaxşı gələ bildiyi bakteriyalarla necə mübarizə aparacağını unudur. İmmun sistemi körpələrdəki vəziyyətə düşür və yeni infeksiyaların öhdəsindən gələcək mexanizmlər qurmaq qabiliyyətini itirir. Mütəxəssislər bu yeni tapıntının vaksinasiyanın əhəmiyyətini bir daha nümayiş etdirdiyini deyirlər.

İmmun amneziyası

Əksər insanlar qızılcadan sağalırlar. Ancaq qızılca bəzi insanlarda ömürlük əlillik də yaradır. Pnevmoniya, yaxud ensefalitə yol açarsa, ölümlə də sonuclana bilər. Bütün dünyada hər il 110 minədək insanın qızılcadan öldüyü bildirilir.

Sözügedən yeni araşdırma Niderlandda bir ortodoks protestant icmasında peyvənd almamış uşaqlar üzərində detallı tədqiqat əsasında aparılıb. Uşaqlardan qan nümunələri götürülüb. 2013-cü ildə qızılcanın yayılmasından sonra həmin uşaqlardan bir dəfə də qan götürülüb. Daha sonra ABŞ, Britaniya və Niderlandda çalışan tədqiqat qrupları götürülən nümunələri təhlil edərək qızılcanın immun sistemə təsirini dəyərləndiriblər.

Tədqiqatçılar əsasən antitellərə və onları istehsal edən ağ qan hüceyrələrinə (leykositlərə) fokuslanıblar. Antitellər yad cisimlərə yapışan kiçicik zülallardır.

Məlum olduğu kimi, immun sistemi bədənə hücum edən, özünün əvvəllər mübarizə apardığı kənar orqanizmləri yaxşı xatırlayır. Bu yaddaşın bir hissəsi B hüceyrələrdə saxlanılır. B hüceyrələr antitellərin yalnız bir tipini istehsal etmək sahəsində ixtisaslaşıb. Qızılca virusu həmin hüceyrələri zədələyərək məhv edə, beləliklə «immun amneziyası» yarada bilir.

Qızılca HIV-ə nədə bənzəyir

Başqa bir araşdırmada isə Harvard Tibb Məktəbinin tədqiqatçıları 77 uşaqdan götürülmüş qan nümunələrini təhlil ediblər. Bu zaman onlar VirScan adlı alətdən istifadə ediblər. Bu alətin köməyi ilə minlərlə müxtəlif tipli antiteli balıq kimi tutmaq olur.

Bu üsul alimlərə uşaqların immun sisteminin qızılca infeksiyasından əvvəl və sonrakı vəziyyətinin inanılmaz dərəcədə detallı təsvirini qurmaq imkanı verib.


«Science» jurnalında dərc edilən araşdırma uşaqların antitellərin orta hesabla 20%-ni itirdiyini üzə çıxarıb. Kəskin infeksiyadan əziyyət çəkən bir uşaqsa o vaxta qədər bədənin istehsal edə bildiyi antitellərin 73%-ni itirib.

Harvard Universitetinin İmmunologiya və infeksion xəstəliklər kafedrasından doktor Michael Mina qızılcanı HIV infeksiyasının müalicəsiz buraxılmış ilk 10 ilinə bənzədib.

Alimlər deyir ki, antitellərin təsir gücü fərqlidir. Bəzi antitellər o qədər də çox iş görmür. Digərləri isə mikroskopik düşmənləri tamamilə neytrallaşdırmaq qabiliyyətinə malikdir.

«Həmin antiteli pozsanız ciddi probleminiz olacaq», – Harvard Universiteti Tibb Məktəbinin genetika professoru Stephen Elledge BBC-yə deyib.

Əlbəttə, bu, bəxt məsələsidir. Ancaq nə qədər çox antitel itirilərsə, bədən yeni infeksiya qarşısında bir o qədər gücsüz olur.

Peyvənd olunmaq niyə vacibdir

Professor Elledge deyir ki, qızılca insanların təsəvvür etdiyindən qat-qat təhlükəlidir. Onun sözlərinə görə, immun amneziyası dolayı yolla ilkin infeksiyanın yol aça bildiyi ölümlərdən ən azı beş dəfə çox ölümə səbəb ola bilər.

Bədənimizdə yaddaşı olan B hüceyrələrdən başqa hələ heç nə öyrənməmiş, «sadəlövh» B hüceyrələr də var imiş. Bədənə düşən yeni infeksiya ilə mübarizədə biz məhz bu ikincilərə güvənirik.

Britaniyanın Senqer İnstitutundan doktor Velislava Petrova-nın 26 uşaq arasında apardığı araşdırma da qızılcanın immun sisteminin yaddaşını sildiyi nəticəsinə gəlib.

Bu tədqiqat virusun, eyni zamanda, «sadəlövh» B hüceyrələrinə təsir etdiyini müəyyənləşdirib.

Bu hüceyrələrin DNT-si vaxtaşırı somatik rekombinasiyaya prosesindən keçir. Bu onlara antitelləri daha yaxşı dəstəkləmək imkanı verir. Yeni kombinasiyalardan biri yeni infeksiyaya qarşı effektiv ola bilər.

Körpələrin orqanizmi çox az sayda antitel istehsal etməyə başlayır. Yaşları artdıqca, antitellərin növləri də çoxalır. Ancaq qızılca bir növ «sil» düyməsini basır və immun sistemi bədəndə salamat qalmış məhdud sayda antitellə işləyə bilir; qalanları silinmiş olur.

Qızılcaya qarşı peyvənd olunmaq (bu çox vaxt MMR peyvəndidir) qızılca tutmaq ehtimalını demək olar ki, yox edir.

Alimlər immun sistemi qızılcadan zərər görmüş insanlara da yenidən peyvənd vurdurmağı tövsiyə edirlər.

Britaniya İmmunologiya Cəmiyyətindən professor Arne Akbar aparılan araşdırmaların dəqiq və dərin olduğunu deyib. O vurğulayıb ki, bu araşdırmalar MMR peyvəndinin immun amneziyası yaratmadığını ortaya qoyub. Çünki bu zaman bədənə yalnız zəiflədilmiş virus yeridilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG