Qırğızıstan parlamentinin komitəsi Rusiyanın ölkə ərazisindəki “birləşdirilmiş bazasının” icarə haqqını artıran qanun layihəsini qəbul edib.
Parlamentin beynəlxalq işlər, müdafiə və təhlükəsizlik komitəsinin iyunun 9-da qəbul etdiyi layihə Rusiyaya icarəyə verilmiş bazadan istifadə qaydaları və onun statusuna dair Qırğızıstan-Rusiya sazişinə dəyişikliklər protokolunun ratifikasiyası ilə bağlıdır.
Bu qanun layihəsinin irəli sürülməsinə ehtiyac Rusiya hərbi bazasının yerləşdiyi ərazidə aparılmış topoqrafik araşdırmadan sonra yaranıb.
Məlum olub ki, Rusiyanın birləşdirilmiş bazası 924 min hektar ərazini əhatə edir və bu, icarə razılaşmasında göstərildiyindən 58 hektar çoxdur.
İcarə olunan sahənin artması ilə əlaqədar onun icarə haqqı da 291 min dollar artırılacaq. Hazırda Rusiya bu baza üçün illik 4,502,495 dollar icarə haqqı ödəyir.
İctimaiyyət narahatdır
Bu qanun Qırğızıstanda ziddiyyətə səbəb olmuşdu, beləki bəzi internet istifadəçiləri Rusiyanın hərbi bazasındakı uçuş-eniş zolağının sahibliyi məsələsini sual etmişdilər.
Bəzi iddialara görə Qırğızıstanın Kant şəhərindəki bu bazanın uçuş zolağı yenidənqurma işlərindən sonra Rusiyanın mülkiyyətinə verilməlidir.
Lakin qanunda deyilir ki, “Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının təqdim etdiyi düzəlişə görə Rusiya-Qırğızıstan sazişi başa çatdıqdan sonra obyektlər Qırğızıstana qaytarılmalıdır”.
Bu da qeyd olunur ki, uçuş-eniş zolağı və onun qurğularının Qırğızıstan və Rusiya tərəfindən şərikli işlədilməli olduğu barədə müddəa da sazişə əlavə edilib.
Rusiyanın Kantdakı hərbi hava bazası 2003-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) egidası altında açılıb.
KTMT-yə Rusiya, Qırğızıstan, Ermənistan, Belarus, Qazaxıstan və Tacikistan daxildir.
2001-ci ildə Qırğızıstan paytaxtı Bişkekin yaxınlığındakı bazalardan biri Birləşmiş Ştatlara verilmişdi.
Lakin həmin baza 2014-cü ildə Moskvanın təzyiqi ilə bağlanıb.
2017-ci ildən etibarən Kant hərbi hava bazası və daha üç hərbi obyekt Rusiyanın birləşmiş hərbi bazası statusunu daşıyır.