Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

‘Putinin Ukraynadakı adamı’ ABŞ sanksiyalarını necə pozub?


Kollaj: Medvedchuk, Marchenko və Putin
Kollaj: Medvedchuk, Marchenko və Putin

Birləşmiş Ştatların sanksiyaları altında olan Ukrayna siyasətçisinin arvadı ABŞ-a emal edilmiş neft məhsulları satırmış.

AzadlıqRadiosu xəbər verir ki, söhbət Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınan moskvayönlü siyasətçi Viktor Medvedchuk-un arvadına məxsus Novoşaxtinski neftayırma zavodundan gedir.

Məlum olub ki, bu zavod özünün bəzi neft məhsullarını İsveçrədə qeydiyyatda olan broker vasitəsilə ExxonMobil şirkətinin filiallarından birinə satırmış.

Qızının xaç atası Putin olan Medvedchuk 2014-cü ildən bəri ABŞ-ın sanksiya siyahısına daxil edilib.

Birləşmiş Ştatlar Medvedchuk-u “Putinin Ukraynadakı adamı” adlandırıb.

ABŞ sanksiyaları Medvedchuk-un bank hesabları da daxil Birləşmiş Ştatlardakı bütün aktivlərini dondurub.

Vaşinqton onun və ya onunla maliyyə əlaqəsində olan başqa şəxslərin ABŞ-a girişinə qadağan qoyub.

Novoşaxtinski neftayırma zavodu Rusiyanın Ukrayna ilə həmsərhəd Rostov şəhərinin yaxınlığında yerləşir.

Teleulduzun neft biznesi

AzadlıqRadiosunun əldə etdiyi sənədlərə görə bu müəssisə 2020-ci il ərzində özünün neft məhsullarını azı 6 dəfə ExxonMobil şirkətinə satıb.

Neft məhsulları ABŞ-ın Hyuston şəhərinə Qara dənizdən tanker vasitəsilə göndərilib.

Ukrayna televiziya ulduzu və Medvedchuk-un arvadı Oksana Marchenko Novoşaxtinski şirkətində nəzarət səhm paketinə malikdir.

AzadlıqRadiosu bildirir ki, keçmiş Sovet İttifaqından olan siyasətçilər öz aktivlərini adətən arvadlarının və övladlarının adına keçirirlər.

Medvedchuk ailəsi 2018-ci ildən bəri bir neçə Rusiya şirkətinə sahiblənib.

“Mənim arvadım bizneslə məşğul olmur…”

Medvedchuk həmin ildə telekanallardan birinə verdiyi müsahibədə demişdi:

“Mənim arvadım Oksana Marchenko bizneslə məşğul olmur. O biznes sahibidir. Bu biznesi isə mən idarə edirəm. Mənim özüm niyə biznes sahibi ola bilmərəm? Çünki mənim sevimli amerikalılarım mənə sanksiyalar qoyublar”.

ExxonMobil şirkəti neft məhsullarını Medvedchuk ailəsinin sahibi olduğu neftayırma zavodundan birbaşa yox, İsveçrədəki NewCoal Trading araçı şirkəti vasitəsilə alıb.

Rusiya təhqiqat jurnalistlərindən Mikhail Maglov-un məlumatına görə maraqlıdır ki, NewCoal şirkətinin rusiyalı millət vəkili Gleb Khor-a bağlı olduğuna inanılır.

NewCoal şirkətinin satdığı neft məhsullarının pul dəyəri açıqlanmasa da, bəzi təxminlərə görə Novoşaxtinski neftayırma zavodu ExxonMobil şirkətinə 150 milyon dollarlıq mal satıb.

Putinin başqa bir dostu -Rotenberg

Bu da məlumdur ki, Vaşinqton Venesuela üzərinə sanksiyalar elan edəndən bəri ABŞ Rusiyadan rekord həcmlərdə neft məhsulları alır.

AzadlıqRadiosu yazır ki, məhz belə bir şəraitdə Vaşinqtonun sanksiya siyahısında olan bir sıra Rusiya işbazları dolayısı ilə bu sanksiyalardan yayına bilirlər.

Məsələn Putinin uşaqlıq dostu, milyarder Arkady Rotenberg neft və qaz qazma biznesini oğlu Igor Rotenberg-ə satıb.

Sanksiya siyahısında olan biznesmen bu fəndlə sanksiyalardan yan keçə bilib.

Bəzi ABŞ ekspertlərinin fikrincə, bu halların qarşısının alınması üçün Birləşmiş Ştatların Maliyyə Nazirliyi üzərinə sanksiyalar qoyduğu şəxslərin ailə üzvlərinin və yaxınlarının da bizneslərinə diqqətlə yanaşmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG