Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 21:54

AzadlıqRadiosu əməkdaşlarını təhdid edənə cinayət işi açılıb


Andriy Portnov

Ukrayna polisi keçmiş deputat, prezident administrasiyası sədrinin keçmiş müavini Andriy Portnova cinayət işi açıb. O, AzadAvropa/AzadlıqRadiosu jurnalistlərinin peşəkar fəaliyyətini əngəlləməkdə ittiham olunur.

Dövlət Polisinin rəis müavini Maksym Tsutskiridze noyabrın 7-də radioya deyib ki, cinayət işi bir gün öncə Cinayət Məcəlləsinin iki maddəsi üzrə açılıb – “jurnalistlərin legitim peşəkar fəaliyyətinin önlənməsi” və “jurnalistə qarşı təhdid, yaxud zorakılıq” maddələri üzrə.

Portnov AzadlıqRadiosunun Ukrayna xidmətinin birgə layihəsi olan “Sxemlər” (Skhemy) araşdırma qrupunun bir neçə üzvüylə bağlı şəxsi informasiya yayıb.

Noyabrın 6-da “Sxemlər”in reportyoru Mykhaylo Tkach parlament komitəsində deputatlara və Prezident Volodymyr Zelenskiy hökumətinə müraciət edərək onları “işlərini görməyə”, mətbuat azadlığını təmin etməyə çağırıb.

***

Ukraynada AzadlıqRadiosunun jurnalistləri təhdid olunur

Ukraynanın keçmiş yüksək rütbəli rəsmisi “Sxemlər” araşdırmaçı jurnalistika qrupunun üzvləri haqda şəxsi məlumatları yaymaqla hədələyir. “Sxemlər” (Skhemy) AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidməti ilə UA:Pershy televiziyasının birgə layihəsidir.

Keçmiş deputat və eks-prezident Viktor Yanukovych administrasiyasının sədr müavini olmuş Andriy Portnov oktyabrın 31-dən noyabrın 5-dək özünün Telegram kanalında bəzi məlumatları paylaşıb. Həmin məlumatlara “Sxemlər”in redaktor və əməkdaşlarının istifadə etdiyi 16 maşının qeydiyyat nömrəsi daxildir.

Bundan öncə isə “Sxemlər” keçmiş məmurun Ukrayna hökumətinin indiki üzvləri ilə münasibətlərinə dair araşdırma yayıb.

Portnov noyabrın 5-də mesajında sözügedən maşınların sürücülərinə “yaxşı dərs verməyə” çağırıb. O, oktyabrın 31-də bildirib ki, barəsində şəxsi informasiya açıqladığı sürücü nəzarət altındadır və ona fiziki xəsarət yetirilə bilər.

Portnov AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidmətinin jurnalistləri və yardımçı heyəti barədə əlavə şəxsi informasiya paylaşacağını deyib. Öz hərəkətlərini Ukraynanın 112 telekanalı üçün jurnalist tapşırığının bir hissəsi olduğunu deyib.

“Oktyabrın 30-dan 112 telekanalında jurnalist kimi çalışıram və adamların izlənməsində qanunsuz hərəkətləri müəyyənləşdirmək redaksiya tapşırığımdır”, – o deyib.

Portnovun hərəkətləri pislənilir

AzadAvropa/AzadlıqRadiosu-nun Prezidenti Jamie Fly Portnovun hərəkətlərini pisləyib.

“Ukraynada şəxsi informasiya yaymaq, fiziki güclə hədələmək, jurnalistlərə peşəkar fəaliyyətinə görə təzyiq göstərmək qəbuledilməz və qanunsuzdur”, – Fly noyabrın 2-də bəyanatında deyib.

Noyabrın 4-də Ukraynanın medianın inkişafı və mətbuat azadlığı qruplarının koalisiyası olan “Mediarukh” hökuməti və hüquq-mühafizə orqanlarını Portnov-u məsuliyyətə cəlb etməyə çağırıb.

Portnov 2014-cü ilin Avromaydan hərəkatı zamanı Yanukovych-lə birlikdə Rusiyaya qaçıb, bu ilin prezident seçkisindən sonra ölkəyə qayıdıb.

Onun yaydığı tapşırıqda deyilir ki, Portnov 112 TV-nin xüsusi müxbiridir.

112 telekanalı ötən il ziddiyyətli siyasətçi Viktor Medvedchuk-un müttəfiqi Taras Kozak tərəfindən satın alınıb. Medvedchuk AzadlıqRadiosuna deyib ki, Rusiya Prezidenti Vladimir Putin-lə yaxın dostdur, Putin onun qızının xaç atasıdır.

Ukrayna deputatları 2018-ci ilin oktyabrına qətnamə qəbul edərək Milli Təhlükəsizlik və Müdafiə Şurasını 112 televiziyasının sahiblərinə sanksiya tətbiq etməyə çağırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG