Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 12:03

Rusiyada süni zəka məsələlərinə Putinin qızı baxacaq


Putinin kiçik qızı Katerina Tikhonova
Putinin kiçik qızı Katerina Tikhonova

Rusiyada Lomonosov adına Moskva Dövlət Universitetinin süni zəka və zəkalar sisteminə dair problemlərin perspektivli tədqiqatı institutuna prezident Vladimir Putinin kiçik qızı Katerina Tikhonova rəhbərlik edəcək.

Bu barədə MDU-nun rektoru Viktor Sadovnichi-nin universitetin elmi şurasına verdiyi təqdimat barədə məlumata istinadən Vedomosti qəzeti xəbər verib.

Bu iclas yanvarın 20-də keçirilsə də, bu barədə media yalnız indi xəbər tutub.

Təqdimat sənədlərinə görə bu instituta “K.V. Tikhonova” rəhbərlik edəcək.

MDU-dan Vedomosti qəzetinə təsdiq ediblər ki, söhbət məhz “Milli İntellektual İnkişaf” fondunun (İnnopraktika) baş direktoru Katerina Tikhonova-dan gedir.

Bir çox medialar 2014-cü ildən bəri, xüsusilə də Reuters və Bloomberg agentliklərinin təhqiqatından sonra Tikhonova-nın Vladimir Putinin qızı olduğunu bildirir.

Nə Putin, nə də Tikhonova bu xəbərləri nə təsdiq, nə də təkzib edirlər.

“İnnopraktika” fondunun mətbuat xidmətindən Dojd telekanalına bildiriblər ki, süni intellekt institutu ötən il yaradılıb.

Ötən ilin mayında MDU-da belə bir institutunun yaradılması planlarından Putinin də iştirak etdiyi müşavirədə Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev danışmışdı.

Rusiya prezidenti öz çıxışlarında süni zəka məsələlərinə tez-tez toxunur.

O hətta bir dəfə demişdi ki, süni zəka sahəsində inhisara sahib olan “dünyanın ağası” olacaq.

“İnnopraktika” fondunun hamilər şurasına Putinə yaxın iri biznesmenlər daxildir.

Bunların sırasında Sergey Chermezov-un, Nikolay Tokarevin, Igor Sechin-in, Boris Kovalchuk-un adlarını çəkmək olar.

2018-ci ildə xəbər verilirdi ki, Katerina Tikhonova-nın “Milli intellektual inkişaf” fondu “müxtəlif miqyaslı məlumatlar vasitəsilə kollektor keyfiyyətinin qiymətləndirilməsi üçün texnologiyanın işlənməsi” layihəsinə Rosneft enerji nəhəngindən kontrakt alıb.

Tikhonova Putinin dostunun oğlu Kirill Shamanov-un arvadı olub.

O bir vaxtlar Forbes jurnalının zənginlər siyahısına daxil idi.

Sonradan Tikhonova və Shamalov-un boşandıqları xəbər verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG