Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:19

İpotekanın 6 faizdən yuxarısını dövlət ödəyəcək


V.Putin Kremldə çoxuşaqlı ailəni mükafatlandırır.
V.Putin Kremldə çoxuşaqlı ailəni mükafatlandırır.

Noyabrın 28-də Rusiya prezidenti Vladimir Putin ölkədə demoqrafik inkişaf siyasətinin «yenidən yükləndiyini» və «önümüzdəki onillikdə Rusiyanın əhalisinin azalmasına imkan verməmək» üçün prinsipcə yeni tədbirlərin gerçəkləşdiriləcəyini elan edib.

Bu tədbirlər uşaqların maraqları naminə milli fəaliyyət strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirmə şurasının iclasında açıqlanıb. Putin çıxışında vurğulayıb ki, bundan sonra çoxuşaqlı ailələrə, aztəminatlı ailələrə dəstək, ikinci və üçüncü uşağın dünyaya gəlməsi üçün əlavə stimulların yaradılması məsələsi ön plana çıxır.

Təklif edilən tədbirlərsə bunlardır:

1. Yeni «uşaq müavinəti»

2018-ci ildən birinci uşağın doğulduğu ailələrə uşaq yaşyarımına çatanadək yaşayış minimumundan bir qədər yüksək məbləğ ödənəcək. Putin-in sözlərinə görə, ödənişin dəqiq məbləği regiondan regiona dəyişəcək, ancaq «2018-ci il üçün ortalama 10.5 min rubl (179 dollar) təşkil edəcək».

Hökumətin qətnaməsinə görə, 2017-ci ilin ikinci rübü üçün yaşayış minimumu 10 min 329 rubl (176 dollar) olub.

«Hesab edirəm ki, bu, ədalətlidir: ilk növbədə həqiqətən ehtiyacı olanlar dəstəklənməlidir», - Putin deyib. Ümumilikdə büdcədən bu ödəmələrə 144.5 milyard rubl (2.46 milyard dollar) xərclənib.

Bir çox federasiya subyektinin valideynlərə ödədiyi «regional» müavinətlər ləğv ediləcəkmi? Putin bu haqda danışmayıb. Moskvada bu ödəmələr («Lujkov ödəmələri») ayda 16 min rubldan (273 dollar) artıqdır.

2. İpotekanın subsidiyalaşdırılması

Bundan başqa, 2018-ci ildən Rusiyada ikinci və üçüncü uşağı olan ailələr üçün ipotekanın faiz dərəcələrinin dövlət tərəfindən ödənilməsi (subsidiyalaşdırılması) proqramı işə düşəcək. Əvvəllər belə proqramlar yalnız ayrı-ayrı regionlarda mövcud olub.

«İkinci və üçüncü övladı 2018-ci il yanvarın 1-dən sonra dünyaya gələn ailələr xüsusi ipoteka proqramının imkanlarından yararlana biləcəklər. İlkin bazarda ev alanda, yaxud da daha öncə götürdükləri ipoteka kreditlərinin ödənilməsi zamanı ailələr faiz dərəcələrinin 6%-dən yuxarı hissəsinin dövlət tərəfindən ödəniləcəyinə güvənə bilərlər», – Putin deyib.

Prezidentin sözlərinə görə, Rusiyada orta ipoteka dərəcəsi 10.5% təşkil edir. İkinci və ya üçüncü uşağı olan ailə bu faiz dərəcəsi ilə ipoteka götürərsə, 4.5%-ni dövlət ödəyəcək, ailəyə isə yalnız 6%-i ödəmək qalacaq.

Putin tikinti və Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin məlumatına istinadən deyib ki, yaxın beş il ərzində bu proqram 500 mindən artıq ailəni əhatələyəcək.

3. Analıq kapitalına daha çox imkanlar yaradılacaq

Putin bundan başqa, 2021-ci ilədək analıq kapitalı proqramının 2021-ci ilədək uzadılmasını (bu proqram 2015-ci ilədək bitməli idi, sonra o daha iki illiyinə uzadılıb) və onun müavinət şəklində hər ay hissə-hissə ödənilməsinə imkan verilməsini təklif edib. Bundan başqa, o, həmin məbləğin xərclənə biləcəyi sahənin genişləndirilməsini təklif edib. Hazırda bu məbləği yalnız ev və təhsilə xərcləmək olar. Putin bu siyahıya uşağa qulluq, o cümlədən bağça xərclərinin ödənilməsini də salınmasını təklif edib.

«Bilirəm ki, bu tədbirə tələb böyükdür. Ana uşaq doğulandan sonra işini və təhsilini davam etdirə biləcək», – o deyib.

Hələlik, Putin 2018-ci il seçkilərinə qatılacağını rəsmən elan etməyib. Ancaq son bir neçə həftə ərzində o, artıq bu istiqamətdə bir neçə piar addımı atıb. Məsələn, özünü Suriya münaqişəsində «sülhyaradan» kimi göstərib.

Amma sosioloqlar bildirmişdilər ki, son sorğuların nəticələrinə görə, rusiyalıların prezidentə əsas iddiaları onun xalqdan «qopması», onun problemlərini, o cümlədən maddi problemlərini həll etməməsi ilə bağlıdır. Putin-in noyabrın 28-də etdiyi çıxış prezidentin bu iddiaları eşitdiyini və onlarla üzləşməyə hazır olduğunu göstərmək cəhdi kimi də qiymətləndirilə bilər.

Sosioloqlar həmçinin, Rusiyada məhz ananın bir neçə il ərzində işləyə bilmədiyi çoxuşaqlı ailələrin bu gün ölkədə yoxsul əhalinin əsas hissəsini təşkil etdiyini göstərmişdilər. Onlar siyasətçiləri bu kateqoriyaya diqqət yetirməyə çağırmışdılar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG