Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:06

'Putin-ə pul lazım idi'


V.Putin xanımı Lyudmila Putina ilə. 2004
V.Putin xanımı Lyudmila Putina ilə. 2004

İçərisində Peterburq neft terminalının sahiblərindən biri və onun köməkçisi olan maşın2006-cı il mayın 5-də avtomatlardan atəşə tutulmuşdu. Sergei Vasilyev və onun 3 cangüdəni yaralanmış, biri də ölmüşdü.

2014-cü ilin iyununda məhkəmə bu cinayəti törətməkdə suçlanan Vladimir Barsukov-a (Kumarin-ə) və onun cinayət ortağı sayılan şəxslərə bəraət qazandırdı. Noyabr ayında isə Ali Məhkəmə işlə bağlı hökmü ləğv etdi. Bu ilin mayında çıxarılan məhkəmə hökmü iyulda oxunmalı idi, ancaq məhkəmə iclasını avqustun 19-dək ertələdilər. Belə görünür ki, yenə ertələyəcəklər.

İSTİNTAQ VERSİYASINA GÖRƏ...

Kumarin-in qəsd etdiyi Sergei Vasilyev-in adı bu ilin iyununda medianın gündəminə gəldi. Həmin vaxt televiziyada onun «Rolls-Royce»unun keçməsi üçün mühafizəçilərin prospekti bağlaması haqqında süjet göstərilmişdi.

May ayında İspaniya məhkəməsi «Antikvar» ləqəbli biznesmen Ilya Traber-i Rusiyaya təhvil verdi. Onun da bu işlə bağlı həbsinə order vardı. İspaniya müstəntiqlərinin fikrincə, cinayətkar qrupda Traber-dən başqa Dövlət Dumasının deputat və məmurları da var və böyük ehtimalla, ipin ucu gedibKremlə çıxır.

İsraildə yaşayan işadamı Maksim Freidzon AzadlıqRadiosunun Rusiya xidmətinə silsilə müsahibələrində ötən əsrin 90-cı illərində Peterburqda hakimiyyətlə kriminalların ittifaqa girməsindən və bu işdə meriya məmuru Vladimir Putin-in oynadığı roldan söz açıb. O, gələcək prezidentin sənəd düzəltmək müqabilində ondan 10 min dollar rüşvət aldığını da söyləyib.

FREIDZON-UN SONUNCU MÜSAHİBƏSİNDƏ...

İşadamı sonuncu müsahibəsində Peterburqun keçmiş meri Anatoly Sobchak Parisə qaçandan sonra Putin-in Peterburqdakı nüfuzunu itirməsindən, di gəl, ardından da Moskvada başgicəlləndirici karyera qurmasından danışıb.Maksim Freidzon-un fikrincə, Peterburqun nüfuzlu iş adamlarının maliyyə dəstəyi olmasaydı, Putin-in belə sürətli yüksəlişi gerçəkləşə bilməzdi.

Söhbət, ilk növbədə, Putin-in Peterburq limanının aktivlərindəki payından gedir: «Bildiyim qədər, Putin Federal Təhlükəsizlik Xidmətində (rusca ФСБ, Azərbaycan dilində qısaca FTX kimi tanınır- red.) vəzifə tutandan bəri onun... tərəfdaşlarının tam cəzasızlıq dönəmi başlandı. Düşünürəm ki, FTX-nın belə dəstəyi və Putin kimi tərəfdaşın olduğu yerdə adamlar qanundan çəkinmək hissini yerli-dibli itirmişdilər. Cinayətkarlarla təhlükəsizlik əməkdaşlarının simbiozu tam və son dərəcə effektiv idi. Ancaq yaman çox qan vardı...».

İŞADAMININ SÖZLƏRİNƏ GÖRƏ...

Putin meriya məmuru işlərkən, rüşvət alır, çevrəsində olub-bitənləri gözdən qaçırmamağa çalışırdı: «Kazinodan gələn nağd pulları çamadanlarla Roman Tsepov-a aparırdılar. Oradan da pul «yuxarı»ya çatdırılırdı. Miller rüşvət yığırdı. Lixtenşteyndə Graham Smith neft biznesindən gələn çirkli payı «yuyub» toplayırdı. Ancaq Sobchak seçkiləri uduzub, cinayət işi üzündən qaçmağa məcbur qalanda, Vladimir Vladimirovich-in işi çətinə düşdü, axı oğru məmur heç kimə lazım deyil. Artıq ona pulu niyə verdiyimiz bilinmədi».

(Roman Tsepov bir müddət Putin-in yaxın adamı olub. Putin hakimiyyətinin ilk illərində jurnalistlər onu «boz kardinal» adlandırıblar. Aleksei Miller-sə Putin-in köməkçisi çalışıb. İndi «Gazprom» Direktorlar Şurasının sədridir).

«...Artıq kimin hakimiyyətə gələcəyi tam aydın idi. Məncə, Putin-ə, sadəcə, pul gərək idi və o, meriyada işlədiyi müddətdə o ki var pul oğurlamışdı. Ancaq Moskvada pul haqqında başqa təsəvvürlər var. Orada daimi yaxşı gəlir mənbəyi lazımdır, kasıb adamları sevmirlər. Bu, Moskvada düzgün sayılmaz. Beləcə, 1996-cı ildə Miller-i neft terminalı direktorunun müavini vəzifəsinə götürdülər. Direktorun digər müavini Sasha Dyukov, baş direktorsa Traber oldu».

Onun sözlərinə görə, bu şəxslər «öz adamları» olan Putin-i dəstəkləməli və bundan öz mənfəətlərini güdməli idilər: «Sizi inandırıram ki, bu, ciddi qərar idi. Çünki vəziyyət dəyişirdi və hələlik, heç nə verə bilməyən adama pul xərcləmək riskli bir strateji qərar idi».

Putin-in nadir, səmimi müsahibəsi

İŞADAMI PETERBURQ LİMANI ƏLƏ KEÇİRİLƏRKƏN ÖLDÜRÜLƏN, AZI, 9 ADAMIN ADINI ÇƏKİR

Putin FTX-ya rəis təyin olunarkən, dəstə çox sevinib, amma qoyduqları mayanı yalnız 1997-ci ildə - Putin Prezident Administrasiyasında möhkəmlənəndən sonra çıxarıblar. Putin onlara Peterburq limanını ələ keçirməyə və Moskvaya satmağa «kart-blanş» verir və «kollektiv» də bu işi yerinə yetirir. Freidzon danışır ki, Putin FTX-ya gələndən sonra Traber və dəstəsi qanun qarşısında hər hansı qorxu hissini itirib. O, Peterburq limanının ələ keçirilməsi naminə öldürülən, azı, 9 adamın adını çəkir.

Onlardan biri - Sankt-Peterburqun vitse-qubernatoru Mikhail Manevich düz Nevski prospektinin ortasında güllələnmişdi. O, limanın şəhərin nəzarətindən çıxmasına qarşı olub. Freidzon-un fikrincə, Manevich-in qətli də elə bununla bağlı olub. Onun sözlərinə görə, Dyukov, Miller və Traber üçlüyünün fəaliyyətini Putin təkcə payçı kimi yox, həm də FTX rəhbəri kimi kurasiya edib. Axı Sankt-Peterburq limanı dövlət əhəmiyyətli strateji obyektdir:

«VƏ İŞ KÖKÜNDƏN ÇÖZÜLÜRDÜ…»

«Putin-in FTX rəhbəri kimi cinayətkar aləmlə real bağlantılarından danışsaq, məncə, burada məsələ belədir: ən yaxın və etibarlı köməkçisi Miller birbaşa onun himayəsi altında limanda işləyirdi. Limandakı bütün fəaliyyət, o cümlədən onun kriminal aspekti Miller-ə yaxşı məlum idi. Limanı ələ keçirmək üçün həyata keçirilməli olan tədbirlərə Sasha Dyukov və Lyosha Miller baxırdı. Danışıqları da, «yetkili nümayəndələr» olaraq, onlar aparırdı. İşdir, nəsə alınmasa, Traber gəlir və iş kökündən çözülürdü».

Maksim Freidzon-un fikrincə, Peterburqun iş adamları Rusiya siyasətində mühüm rol oynayan bu limandan əvvəl də Putin-ə dəstək verməsəydilər, onun işi çətin olardı.

Yakovlev qubernator olandan sonra daimi gəlir yerlərinin çoxu onun əlindən çıxmışdı. İşadamının sözlərinə görə, sözügedən konkret «kollektiv»lə Putin-in əməkdaşlığı məmurun biznesdə payçı olması kimi, Rusiyadakı adi sayılan haldan çox kənara çıxmışdı. Bu əməkdaşlıq ən çox Sobchak-ın seçkini uduzmasından sonra özünü göstərib. Cinayətkar və biznesmenlərdən ibarət «kollektiv» işdən atılmış, artıq heç nə verə bilməyən məmuru dəstəklədi. Putin-sə, öz növbəsində, Kumarin, Traber, Vasilyev, Skigin, Timchenko, Smith, Dyukov və digər «hörmətli» şəxslərin olduğu «kollektiv»ə aktiv xeyir gətirməli idi. Artıq bu «kollektiv»in içində «ərimiş» Putin Moskvada dəstənin maraqlarını bacardığı qədər qoruyurdu, axı buvaxtadək aldığı maliyyə dəstəyinin əvəzini qaytarmalı idi. Freidzon-un qənaətincə, onun bu adamlar qarşısında hələ də bəlli «daxili öhdəlikləri» var.

«PUTIN-İ DƏSTƏKLƏDİKLƏRİNƏ GÖRƏ TOXUNULMAZ QALDILAR»

Biznesmen deyir ki, Putin-i çətin anlarda dəstəklədiklərinə görə Traber, Vasilyev və «kollektiv»in digər üzvləri toxunulmaz qaldılar: «Mənə elə gəlir ki, Kumarin istisnadır: o, hansı məqamdasa əndazəni aşıb...».

Sankt-Peterburq limanı ölkənin şimal-şərqində ən önəmli limandır. Rusiyanın Avropa hissəsinin, o cümlədən Moskvanın əsas yükdaşımaları Piterdən keçir. Eləbuna görə də bura strateji obyektdir. Freidzon deyir ki, bu limanın ələ keçirilməsi Rusiyanın Avropa hissəsindəki iqtisadiyyatı üzərində nəzarətin ələ keçirilməsi demək idi: «Vladimir Vladimirovich-ə Moskvada oynadığı oyunlar üçün böyük pullar lazım idi. Limanın satışı onu moskvalı tərəfdaşlarının da gözündə ucaltdı. O mənada ki moskvalılara əl uzatdı, ancaq özünü də unutmadı. Bu, moskvalı tərəfdaşların gözündə Putin-in onlara sadiqliyi və bir növ «bizim Piterdəki adamımız» mənasına gəlirdi. Piterdə moskvalıları sevmir və öz işlərinə yaxın buraxmırlar. Volodya savadlı şəkildə kömək etdi, özü də pis qazanmadı. Varlı adama da siyasətlə məşğul olmaq daha asandır».

«PUTIN-İ, MÜMKÜN QƏDƏR, TEZ UZAQLAŞDIRMAQ LAZIMDIR...»

İşadamı düşünür ki: «Putin və komandası 1990-cı illərin yırtıcıları deyil, onlar leş yeyən qurdlardır. tezliklə hər şey dağılmağa başlayacaq: yarımstansiyalar,qazanxanalar - axı heç biri əbədi deyil. Putin əməkçilərin diqqətini yayındırır. Elektrik enerjisi və qızdırıcı sistem dağılanda, vəziyyət heç də xoş olmayacaq... Ölkə öz-özünə yemək çatdırmır, yolların da sayı çox deyil. Bir dostum belə deyir: «Mən Rusiyaya o vaxt gələrəm ki, axır ki, Peterburq-Moskva yolunu çəkib bitirəsiniz. Bax ondaayağa qalxdığınıza inanaram». Məncə, Putin-i, mümkün qədər, tez uzaqlaşdırmaq lazımdır. Onun idarəçilik üsulu qanunauyğun şəkildə texnogen fəlakət doğuracaq. O, ölkənin axırına çıxacaq. Putin-in oğurluğu da, quldurları ört-basdır etməsi də, pul qazanıb, sonda özünü yurdsevər elan edib Krımı tutması da – bütün bunlar o fonda xırda-mırda hadisələrdir. Həyatda qalmaq lazımdır, vətənpərvərlik oyunu oynamaq yox».

XS
SM
MD
LG