Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Putin nüvə müharibəsi riskindən danışır


Vladimir Putin mətbuat konfransında
Vladimir Putin mətbuat konfransında

Rusiya Prezidenti Vladimir Putin deyir ki, nüvə müharibəsi riskinə əhəmiyyətsiz yanaşmaq olmaz. O, Birləşmiş Ştatları silah sazişlərindən çıxdığına görə tənqid edib.

Putin dekabrın 20-də illik mətbuat konfransı keçirir.

O, televiziyayla canlı yayımlanan tədbirdə ümid etdiyini bildirib ki, Rusiyayla qərb arasında artan gərginlikdə sağlam məntiq üstün gələcək.

“SİVİLİZASİYANIN MƏHVİ”

Putin qeyd edib ki, nüvə müharibəsi “bütövlükdə sivilizasiyanın məhvinə” aparar. O, son bir neçə ayda artıq ikinci dəfədir belə bir fəlakətlə bağlı xəbərdarlıq edir.

Dövlət televiziyası jurnalistinin sualını cavablandıran Putin bu riskin “əhəmiyyətini azaltmaq tendensiyası”nın təhlükəli olduğunu söyləyib.

Putinin sözlərinə görə, Birləşmiş Ştatların 2002-ci ildə Ballistik Raketlərə qarşı Sazişdən çıxması Moskva və Vaşinqton arasında “strateji balans”a zərbə vurub, üstəlik, ABŞ-ın Ortamənzilli Raket Sazişindən çıxmaq planı bu istiqamətdə “daha bir addım”dır.

ABŞ silahlara nəzarət sazişindən çıxacağını deyir
ABŞ silahlara nəzarət sazişindən çıxacağını deyir

O söyləyib ki, Birləşmiş Ştatlar və Rusiyanın uzaqmənzilli nüvə silahlarına dair “Yeni START” sazişi üzrə danışıqlar aparmaması pisdir. Bu sazişin müddəti 2021-ci ildə bitir, hər iki ölkə razılaşarsa, daha beş illiyə uzadıla bilər.

“DÖNÜŞ”

Putin mətbuat konfransına iqtisadi göstəriciləri müsbət baxımdan təqdim etməklə başlayıb, deyib ki, işsizlik azalır, Rusiyanın ümumi daxili məhsulu isə ləng də olsa artır.

Dövlət başçısı iqtisadiyyata təkana verəcək, həyat standartlarını yaxşılaşdıracaq “dönüş”lə bağlı fikirlərini bir daha dilə gətirib, deyib ki, Rusiyaya “yeni texnoloji baza” lazımdır, “resurslarını cəmləməli”, onlardan səmərəli istifadə etməlidir.

ÜDM-nin bu yaxınlarda 2 faizi aşmayacağı halda dönüş necə əldə edilə bilər? Bu suala cavabında Putin problemlərin bəzilərinə görə xarici faktorları günahlandırıb. Onun sözlərinə görə, Rusiya ölçü və keyfiyyət baxımından “yeni iqtisadi liqaya” daxil olmalıdır, “ambisiyalı məqsədlər qoymasaq, heç nə əldə olunmayacaq”.

DƏNİZÇİLƏRİN TALEYİ

Ukrayna gəmilərinə Rusiyanın nəzarətində olan Krım yaxınlığında atəş açılması, ukraynalı dənizçilərin saxlanması insidentinə gəlincə, Putin buna görə Kremlin suçlanmalı olduğunu vurğulayıb.

FSB-nin saxladığı dənizçilər
FSB-nin saxladığı dənizçilər

Onun sözlərinə görə, Moskvada saxlanmış 24 ukraynalı dənizçinin taleyi barədə cinayət işi tamamlanandan sonra qərar veriləcək. Putin azından məhkəmə keçirilənədək onların buraxılmayacağını, Ukraynaya qaytarılmayacağını, yaxud dəyişdirilməyəcəyini deyib.

Kiyev Moskvayla münasibətlərə görə Rusiyanı ittiham edir. Putinsə Prezident Petro Poroshenko hökumətini 2019-cu ilin 21 mart seçkisi öncəsi tənqid edib.

Rusofoblar, öz xalqının maraqlarını anlamayanlar Kiyevdə hakimiyyət dəhlizlərində qaldıqca, Kremldə hakimiyyətdə kimin olmasından asılı olmayaraq bu anormal durum davam edəcək”, – o deyib.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan həmin münaqişədə 10 min 300-dən çox ölən olub.



***

Vladimir Putin özünün illik mətbuat konfransını dekabrın 20-də keçirəcək. Rusiya lideri ənənəvi marafon xarakteri daşıyan builki tədbirini populyarlığının xeyli düşdüyü bir vaxtda keçirir.

Kremlin məlumatına görə Putinin sayca 14-cü kütləvi mətbuat konfransına 1702 jurnalist akkreditə olunub.

Putin ilsonu mətbuat konfranslarından öz imicini möhkəmləndirmək, rusiyalıları etibarlı əllərdə olduqlarına əmin etmək və bir də ABŞ başda olmaqla bütün dünyaya müxtəlif siqnallar göndərmək üçün istifadə edir.

Lakin builki mətbuat konfransı rəy sorğularının nəticələrinə görə Putinin populyarlığının çox aşağı olduğu bir vaxta düşür. Rusiya iqtisadiyyatı, belə görünür ki, uzunmüddətli durğunluq fazasına daxil olub, qeyri-populyar pensiya islahatları isə liderin imicinə zərbə vurub. Üstəlik regional seçkilərdə Kremlin dəstəklədiyi bir sıra namizədlər uduzub.

Beynəlxalq səhnədə vəziyyət bir az babatdır. Ukraynanın Krım yarımadasını ilhaq edəndən bəri Rusiyanın Qərblə münasibətləri gərgin olaraq qalır. Qərb Rusiyanı Suriyadakı hərəkətlərinə, ABŞ seçkilərinə müdaxiləsi barədə iddialara görə tənqid edir.

Putinin ilsonu sual-cavab sessiyası əvvəlcədən çox ciddi şəkildə hazırlanır. Dəvət və akkreditə edilənlər yüzlərlə olsa da, sual verənlərin kimliyi əvvəlcədən müəyyən edilir. Yalnız say-seçmə media qurumlarının yerli problemlərdən tutmuş qlobal məsələlərədəkk sualları əvvəlcədən planlaşdırılır.

Bu tədbir bir qədər də teatrlaşdırılır. Beləki jurnalistlər liderin və onun mətbuat katibinin diqqətini cəlb etmək üçün əllərində plakatlar, müxtəlif işarələr və hətta heyvan müqəvvaları tuturlar.

Tədbir həm də uzunluğuna görə ad çıxarıb və 2008-ci ildəki 40 dəqiqədən hazırda 4 saata çatıb.

Ötən il dekabrın 14-də keçirilmiş sual-cavab marafonunda Vladimir Putin 1600 rusiyalı və xarici jurnalistin qarşısında mart ayında keçiriləcək seçkiyə qatılacağını elan etmişdi.

O həmin seçkini 76 faiz səslə udaraq dördüncü müddətə prezident seçilsə də, seçkinin özü ədalətsiz keçirildiyinə görə sərt tənqid edildi.

Lakin o vaxtdan bəri ölkənin üzləşdiyi sosial və iqtisadi problemlər Putinin populyarlığına ciddi xələl gətirib.

Rusiyanın aparıcı, müstəqil Levada ictimai rəy sorğusu mərkəzinin noyabrda keçirdiyi sorğu Rusiya liderinin populyarlığının son beş ildə ilk dəfə olaraq 60 faizdən aşağı düşdüyünü göstərib.

Levadanın dekabrın 19-da elan etdiyi başqa bir rəy sorğusunun nəticələrinə görə Rusiyada Sovet İttifaqının xiffətini çəkənlərin sayı xeyli artıb. Hərçənd elə eyni rəy sorğusu bunu da göstərib ki, adamların SSRİ xiffəti əsasən Rusiya iqtisadiyyatının bugünkü ağır vəziyyəti ilə daha çox bağlıdır.

Putinin bütün vədlərinə baxmayaraq vəziyyətin yaxşıya doğru dəyişəcəyinin əlamətləri görünmür. Audit Palatasının rəhbəri Aleksei Kudrin noyabrın axırlarında demişdi ki, Rusiya iqtisadiyyatı İkinci Dünya Müharibəsinin sonundan bəri “ən uzun və ən dərin tənəzzülünü” yaşayır.

Kudrin bildirmişdi ki, Rusiya “ciddi durğunluq girdabındadır” və Qərbin hər hansı yeni sanksiyaları vəziyyəti daha da pisləşdirə bilər.

Lakin sanksiyalar oldu-olmadı Putin bildirib ki, məqsəd 2021-ci ildədək ümumi daxili məhsulu ikiqat artırmaqdır.

Burası da var ki, dekabrın 20-də keçirilən mətbuat konfransında bir çox jurnalistlər daha bir suala cavab almaq istəyəcəklər: 2024-cü ildə Rusiya Konstitusiyasının Putinin prezidentliyinə verdiyi icazə bitəndən sonra nə olacaq? Bu müddətdən sonra Putin qanuna görə prezidentliyə namizəd ola bilməz.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG