Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:50

Sovetin xiffətini çəkənlər çoxalıb


100 minədək nümayişçi Kremlə doğru yürüş edir, 20 yanvar, 1991-ci il
100 minədək nümayişçi Kremlə doğru yürüş edir, 20 yanvar, 1991-ci il

2004-cü ildən bəri rekord sayda rusiyalı Sovet İttifaqının çökməsinə təəssüflənir. Bunu yeni rəy sorğusu üzə çıxarıb.

Dekabrın 19-da açıqlanmış sorğunun nəticələrinə görə, respondentlərin üçdə ikisi, yaxud 66 faizi 1991-ci ildə sovetlərin dağılmasından təəssüfünü bildirib.

Bir il öncə cəmi 58 faiz Sovet İttifaqının xiffətini çəkirdi. 66 faiz 2004-cü ildən, yəni Prezident Vladimir Putinin birinci prezidentlik müddətinin sonuncu ilindən bəri ilk yüksək göstəricidir.

Sorğunu Levada mərkəzi keçirib.

Respondentlərin 25 faizi deyib ki, Sovet İttifaqının dağılmasına təəssüflənmirlər. Bu, 2005-ci ildən bəri ən aşağı göstəricidir. Doqquz faiz isə sualı cavablandıra bilmədiyini söyləyib.

2000-08 və 2012-ci ildən indiyədək prezident postunda oturan Putin Sovet İttifaqının uğurlarını tez-tez qabardır, qaranlıq səhifələrinə isə toxunmur.

PUTİN AMİLİ

2005-ci ildə Putin Sovetlərin çöküşünü 20-ci əsrin “böyük geosiyasi fəlakəti” adlandırıb, deyib ki, sonucda xeyli sayda rusiyalı Rusiyadan kənarda qaldı.

Vladimir Putin
Vladimir Putin

Martda isə ondan soruşublar ki, ölkə tarixindəki hansı hadisəni dəyişdirmək istəyərdi, Sovet ittifaqının dağılmasını deyib.

Ancaq Levada onu da bildirir ki, rusiyalıların iqtisadi təhlükəsizlikləri sarıdan narahatlığı təəssüf hissinin artmasının əsas səbəblərindəndir.

Bu il pensiya yaşının artırılmasının ortaya atılması hökumətə qarşı əhvalı qızışdırıb və Putinin reytinqi düşüb.

Sovetin dağılmasının xiffəti pik nöqtəyə 2000-ci ildə çatıb, o zaman rəyi soruşulan rusiyalıların 75 faizi Levada-nın bu sualına “bəli” cavabını vermişdi.

Levada sorğunu noyabrın 22-28-də 1600 nəfər arasında keçirib.

Respondentlərin 52 faizi deyib ki, təəssüf etdikləri əsas məqam Sovet İttifaqının “vahid iqtisadi sistemi”nin iflasıdır.

Mövcud iqtisadi durumdan narahatlıq, qaranlıq perspektivlər respondentlərin cavablarında əsas faktor olub, Levada bildirir.

36 faiz isə deyib ki, “böyük dövlətə aid olmaq hissi”ndən ötrü darıxırlar. 31 faiz cəmiyyətdəki inamsızlıq və qəddarlıqdan gileylənib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG