Noyabrın 22-də Rusiya prezidenti Vladimir Putinin Azərbaycan prezidenti İlham Əliyevlə telefon danışığı olub.
Bu barədə Rusiya Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, telefon danışığı zamanı Soçi şəhərində bu il oktyabrın 31-də Rusiya, Azərbaycan, Ermənistan liderlərin arasında razılaşma və həmçinin üç ölkənin əvvəlki birgə bəyanatlarının reallaşdırılması məsələsi müzakirə edilib.
Habelə bildirildiyinə görə, Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin və Cənubi Qafqazda nəqliyyat əlaqələrin bərpasının təmin edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Mətbuat xidməti onu da bildirir ki, telefon danışığında enerji sahəsində əməkdaşlığın gələcək inkişafı da müzakirə olunub.
Soçi və…
Oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilmişdi. Görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin demişdi ki, görüş çox faydalı olub. Lakin vurğulayıb ki, razılaşdırılmayan məsələlər də olub.
Bununla belə, tərəflər üçtərəfli görüşün yekunları ilə bağlı bəyanat qəbul ediblər. Bəyanatda Rusiya sülhməramlı kontingentinin Qarabağda təhlükəsizliyin təmin olunmasına mühüm töhfəsi qeyd edilib.
Əslində ötən ilin dekabrından başlayaraq iki ölkə arasında sülh danışıqları Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə aparılırdı.
Azərbaycanla Ermənistan liderlərinin həmin formatda sonuncu görüşü də oktyabrın 6-da Aİ Şurasının prezidenti və Fransa dövlət başçısının iştirakı ilə Praqada gerçəkləşmişdi. Həmin görüşdən sonra Ermənistan Azərbaycanla sərhədə mülki Aİ missiyası göndərilməsinə razılıq verdi.
Sentyabr gərginliyi
Bu il sentyabrın 12-13-də isə Azərbaycan və Ermənistan sərhədində vəziyyət daha da gərginləşmişdi.
Hər iki tərəfdən ümümilikdə 300-ə qədər hərbi qullqçunun həlak olduğu bildirilirdi.
Tərəflər atəşkəsin pozulmasına görə, bir-birlərini günahlandırırlar.
Ermənistan Azərbaycan hərbi quluqçularının onların ərazisinə daxil olduğunu, Azərbayca isə öz növbəsində qarşı tərəfin təxribatıyla üzləşdiyini vurğulayırdı.
Sentyabrın 14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.
Xatırlatma
2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin 2020-ci il noyabrın 10-da imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
2021-ci ildə isə tərəflər bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı daha iki bəyanat imzalamışdılar.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.