Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinin dəvəti ilə fevralın 21-də bu ölkəyə səfər edib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan prezidentini, onun xanımı Mehriban Əliyevanı Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.
Putinlə Əliyev müttəfiqlik haqda bəyannamə imzalaya bilər
Fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Xəbəri Kremlin mətbuat xidməti yayıb.
Tərəflərin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafıyla bağlı kompleks məsələləri müzakirə edəcəyi bildirilir.
Eyni zamanda qeyd edilir ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının icrasının gedişi, o cümlədən Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası tədbirləri müzakirə ediləcək.
"Danışıqların yekununda "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında" bəyannamənin imzalanacağı gözlənir", – xəbərdə deyilir.
Xatırlatma
2020-ci ildə Ermənistanla 44 günlük müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
2021-ci ildə imzalanmış iki bəyanat isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.