Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 20:43

Pulsuz maskalar paylayan şəxsə 30 sutka həbs verilib


Arxiv foto
Arxiv foto

Martın 20-də metronun “28 May” stansiyasının yaxınlığında karonovirus əleyhinə keçirilən aksiyada pulsuz maskalar və virusdan qorunmağın yolları barədə bukletlər paylamış Samir Babayevə 30 gün inzibati həbs cəzası verilib.

Martın 21-də Sabunçu rayon Məhkəməsində onun haqqında qərar çıxarıb. “Müsəlman Birliyi” Hərəkatının üzvü olan gənc fəal polisə müqavimətdə təqsirli bilinib. Bu barədə AzadlıqRadiosu-na təşkilatdan məlumat verilib.

Ancaq “Müsəlman Birliyi” Hərəkatı polisə müqavimət ittihamının əsassız olduğunu iddia edir. Təşkilatdan bildirilib ki, martın 20-də koronavirusa qarşı mübarizə məqsədilə paytaxtın mərkəzində keçirdikləri aksiyaya görə, bir neçə nəfər, o cümlədən Samir Babayev də polisə aparılmışdı. Vurğulandığına görə, onlar bir müddət orada saxlandıqdan sonra axşam saatlarında sərbəst buraxılıblar:

“Onlara deyilib ki, bu cür sosial aksiyalar üçün də əvvəlcədən dövlət orqanlarından razılıq alınmalıdır. Gecə saatlarında Samir Babayevə yenidən zəng gəlib, təkrar polis bölməsinə çağrılıb. Gecə ora gedib və buraxmayıblar. Martın 21-də axşamüstü xəbər tutduq ki, onu məhkəməyə aparıblar. Orada da haqqında 30 sutkalıq həbs qərarı çıxarılıb”.

Bu, deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Sabunçu rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.Amma məhkəmədən həmin qərarın verildiyini təsdiqləyiblər.

“Müsəlman Birliyi” Hərəkatı qeydiyyata alınmayıb. Sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə, cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özlliklə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də bir qayda olaraq ölkədə heç kimin siyasi baxışlarına görə, təqib olunmadığını vurğulayırlar.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 11 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 53 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı yüzlərlə şəxsin karantində saxlandığı açıqlanıb.

XS
SM
MD
LG