Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:06

Prokurorluq: Vəkilin şikayəti ilə bağlı araşdırma davam edir


O.Kəngərli
O.Kəngərli

Vəkil Orxan Kəngərlinin polisdə təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən, Binəqədi Rayon Prokurorluğunda araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.

Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib. Amma o, bu məsələ ilə bağlı vəkillərdən birinə istinadən polislər haqqında cinayət işinin açılması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib: «Bu məsələ ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4 saylı Polis Bölməsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil».

Vəkil O.Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində döyüldüyü bildirilir. Orxan Kəngərlinin artıq ekspertizadan da keçdiyi deyilir. O.Kəngərlinin hüquqlarını müdafiə edən vəkil Tükəzban Aşurova da AzadlıqRadiosuna ekspert rəyi ilə tanış olduqlarını, ancaq araşdırmaların davam etdiyini söyləmişdi: «Biz hadisədən sonra Binəqədi Rayon Prokurorluğuna şikayət etmişdik. Hər iki tərəf dindirilib, ekspertizanın rəyi alınıb. Araşdırmalar hələ davam edir».

İki gün öncə isə vəkil Anar Qasımlı bildirmişdi ki, həmin hadisə ilə bağlı bir neçə polis cəzalanıb. «Mənə daxil olan məlumatlara görə, daxili işlər naziri Ramil Usubovun iyunun 7-də imzaladığı əmrlə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov vəzifədən azad olunub. Daha bir məlumat budur ki, nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət, intizam məsuliyyətinə cəlbetmə tətbiq edilib», A.Qasımlı vurğulamışdı.

Amma vəkilin bu açıqlamasına Daxili İşlər Nazirliyi və sözügedən polis əməkdaşlarından münasibət almaq mümkün olmayıb.

Vəkil O.Kəngərli də yayılan məlumatı təsdiqləmişdi. O bildirirdi ki, bölmənin rəis müavini daxili işlər orqanlarından kənarlaşdırılıb, bölmənin təhqiqatçısı isə sərəncama götürülüb: «Digər iki nəfər hazırda həmin bölmədə xidmətlərini davam etdirir. Hesab edirəm ki, onlar da xidmətdən kənarlaşdırılmalı və barələrində cinayət işi başlanmalıdır».

DİN-dən əvvəlcə deyilənlər yalanlanmışdı

Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə bu olayla bağlı ilkin açıqlamada vəkilin özünü qanunları pozmaqda günahlandırmışdı. Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə demişdi ki, O.Kəngərlinin polis bölməsində döyülməsi barədə iddialar yalandır, özünümüdafiə xarakteri daşıyır. Onun sözlərinə görə, O.Kəngərli oğurluqda şübhəli bilinərək saxlanan tanışına görə bölməyə gəlib, ancaq nə vəkil olduğunu deyib, nə də orderini təqdim edib: «... Araşdırmanın gedişatına, nəticələrinə əsassız və qanunsuz olaraq müdaxilə etməyə cəhd edib. Bu zaman qanuni xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib, onları təhqir edib və şöbənin normal iş rejimini pozub. Onun hərəkətlərinin yolverilməz olduğu özünə bildirilib. Əməli ilə bağlı hadisə İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə sənədləşdirilib. Barəsində həmin maddəyə uyğun inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib».

XS
SM
MD
LG