Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 03:55

Baş Prokurorluq Gəncə hadisəsi ilə bağlı saytlara cinayət işi açıb


Baş Prokurorluqda Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə terrorçuluğa açıq çağırışlar edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar) maddəsi ilə cinayət işləri başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında belə yazılır.

Məlumatda deyilir ki, sosial şəbəkələrdə insanları qanunsuz etiraz aksiyaları təşkil etməyə çağırışlar da yayılıb.

Baş Prokurorluq həmin çağırışlara görə, Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddəsi ilə ayrıca cinayət işi başlayıb.

Həmin cinayət işlərinin ibtidai istintaqının aparılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərildiyi, təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb edilmələri üçün əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.

Açıqlamada criminalaz.com və bastainfo.com xəbər saytlarının adı çəkilir və onlarla bağlı cinayət işlərinin açıldığı da vurğulanır.

Bildirilir ki, adı çəkilən saytlar iyulun 3-6-da " ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq" məqsədi ilə bilə-bilə yalan məlumatlar yayıblar.

“Həmin faktlarla bağlı Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanmaqla, ibtidai istintaqın aparılması Bakı şəhər prokurorluğuna tapşırılmışdır”, - məlumatda yazılır.

Prokurorluq topxeber.az və fia.az saytlarında da “cəmiyyətdə çaşqınlıq yaranmasına səbəb olan, konkret faktlara əsaslanmayan, sensasiya xarakterli” məlumatların məqsədli şəkildə yayılması hallarının müəyyən edildiyini bildirirr. Həmin saytların rəhbərlərinə rəsmi xəbərdarlıq edildiyi qeyd olunur.

Eyni zamanda vurğulanır ki, bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilib.

Baş Prokurorluq açıqlamasının sonunda KİV-ə, sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib, qanunla qadağan edilən məzmunda çağırışlar edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirir.

Hələlik Baş Prokurorluğun açıqlamasına adı çəkilən şəxslərin münasibətini almaq mümkün olmayıb.

Açıqlamda adı çəkilən bastainfo.az saytının baş redaktoru Mustafa Hacıbəyli hazırda Baş Prokuroluqdadır.

XS
SM
MD
LG