Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:54

Prokurorluq narazıdır: 'Onun 1 ilə islahı inandırıcı deyil'


Həbsxana
Həbsxana

«Aztelekom» MMC-nin keçmiş rəhbəri, milyonlarla dövlət vəsaitinin mənimsənilməsində suçlanan «Aztelekom» MMC-nin keçmiş rəhbəri Məhəmməd Məmmədova 5 il 6 ay cəza kəsilsə də, 1 il sonra onun üzərindən həmin cəza da, məhkumluq da götürülüb. Prokurorluq isə bu qərardan narazıdır və ötən həftə məsələ Ali Məhkəmədə araşdırılıb.

M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxsləri – nazirliyin aparatının sabiq rəhbəri Vidadi Zeynalov, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin keçmiş müdiri Beytulla Hüseynov və başqaları ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunmuşdu. Onlar təmir-tikinti adı altında on milyonlarla büdcə vəsaitini mənimsəməkdə və israf etməkdə suçlanırdı.

Şərti cəza altında xaricə də gedib

2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunanda təqsirləndirilən 11 nəfərin bir neçəsi, o cümlədən M.Məmmədov məhkəmə zalından azadlığa buraxılmışdı. Mənimsəmə nəticəsində onun vurduğu ziyanın ödənilməsi əsasıyla M.Məmmədova 5 il 7 ay 19 günlük şərti cəza verilmişdi. Sonradan Bakı Apellyasiya Məhkəməsi həmin ilin noyabrında şərti cəzanın müddətini 5 il 5 ay 19 günə endirib, 2 il də sınaq müddəti təyin edib.

Düz bir il sonra – 2018-ci ilin noyabrında Xətai rayon Məhkəməsi M.Məmmədovun üzərindəki şərti məhkumetməni ləğv edib, ümumiyyətlə, məhkumluğunu da götürüb. Prokuror bu qərardan narazı qalıb apellyasiya şikayəti versə də, təmin olunmayıb. Ali Məhkəməyə də prokurorluq müraciət edib.

Cinayət Məcəlləsinin 70.3 maddəsinə istinad edən prokurorluq yazıb ki, şərti məhkumetmənin sınaq müddəti 6 aydan 5 ilə qədər müddətə müəyyən edilib. Məhkəmə M.Məmmədova sınaq müddətinin qanunda nəzərdə tutulmuş yuxarı həddinin yarısından da az müddət təyin edib:


«Belə olan halda, Məhəmməd Məmmədovun törətdiyi cinayətin ağırlığı və ictimai təhlükəliliyi nəzərə alınarsa, qısa müddətdə - cəmi 1 il ərzində onun islah olunması inandırıcı deyil».

Şərti cəza altında olduğu 1 il ərzində M.Məmmədovun iki dəfə xarici ölkələrə gedib-qayıtmasına da şərait yaradılıb. Bu, 2018-ci ilin yanvar və iyun aylarında olub.

Ali Məhkəmə prokurorluğun kassasiya şikayətini təmin etməyib.

153 milyon manatlıq dövlət vəsaitinin mənimsənilməsi ilə bağlı olan «Rabitə işi» üzrə cinayət məsuliyyətinə cəlb olunan 11 nəfərdən yalnız 1 nəfər – Beytulla Hüseynov həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 13 il həbs cəzası verilsə də, apellyasiya məhkəməsi müddəti 7 il 6 aya endirdi. Oktyabrda Ali Məhkəmədə B.Hüseynovun kassasiya şikayətinə baxılacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG