Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:30

Prokurorluq Elina Hacıyevanın vəkillərinə cavab verib


Bu gün, iyulun 17-də Baş Prokurorluq Bakıdakı 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm işi ilə bağlı növbəti açqılama yayıb. Orada bu günlər mərhumun hüquqi varisi və yaxınlarının keçirdikləri mətbuat konfransında səslənən bəzi fikirlərə münasibət bildirilib.

Məlumatda xatırladılıb ki, Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə bağlı məktəbin direktoru Sevinc Abbasovanın məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib:

“Cinayət işinin istintaqı zamanı Elina Hacıyevanın hüquqi varisi Sevil Hüseynovanın vəkilləri tərəfindən verilmiş vəsatətlərə qanunvericiliyə uyğun baxılmaqla nəticəsi barədə mərhumun valideynləri və kütləvi informasiya vasitələri məlumatlandırılmışlar. Qeyd edilənlərə baxmayaraq zərərçəkmiş şəxsin qohumları tərəfindən cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparılması ilə bağlı mətbuat konfransı keçirilərək ibtidai araşdırmanın normal gedişatına təsir göstərilməsinə cəhd edilib”.

Prokurorluq cinayət işi üzrə təyin edilmiş komisyon məhkəmə-tibb ekspertizasını həyata keçirən ekspertlər komissiyasının tərkibinə Sevil Hüseynovanın təklif etdiyi mütəxəssisin cəlb edilməsi barədə vəkillərinin vəsatətinin qəbul edilməməsi ilə də bağlı izahat verib.

Qurum bildirir ki, bu, vəsatət istintaqa təqdim edilənədək Səhiyyə Nazirliyinin yüksək ixtisaslı mütəxəssislərindən ibarət komissiya yaradılmaqla ekspertiza tədqiqatı aparıldığından vəsatət təmin edilməyib:

“İş üzrə şahid qismində dindirilmiş Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova ilə Sevil Hüseynova arasında üzləşdirmə aparılmasına dair növbəti vəsatət qeyd edilən şəxslərin ifadələri arasında ziddiyyət olmadığından təmin edilməyib”.

Prokurorluğun açıqlamasında daha sonra da yazılıb: “...İş üzrə təyin edilmiş ekspertizaların rəyləri istintaq orqanına daxil olduqdan sonra zərərçəkmiş şəxsin hüquqi varisi Sevil Hüseynova vəkillərinin iştirakı ilə həmin rəylərlə tanış edilmiş və bununla bağlı narazı olmalarına dair istintaqa hər hansı vəsatətləri, şikayətləri daxil olmayıb.Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla qanunamüvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.

Elina Hacıyevanın vəkil və yaxınları nədən şikayətləniblər?

İyulun 16-da Elina Hacıyevanın yaxınları və vəkillər media nümayəndələrinin önünə çıxaraq, razı qalmadıqları bəzi məqamları dilə gətiriblər.

Elina Hacıyevanın anası Sevil Hüseynova deyib ki, qızının ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş məktəb direktoru Sevinc Abbasovanın həbs edilməməsini anlamır:

“İstəyirəm ki, bütün günahkarlar cəzalandırılsın. Direktorun ev dustaqlığına buraxılması məni, ümumiyyətlə, qane eləmədi. Həbs olunmalıdır. Bəlkə də onun arxasında kimlərsə dayanır ki, özünə arxayındır...”

Elina Hacıyevanın valideynləri
Elina Hacıyevanın valideynləri

İyulun 9-da Sevinc Abbasova haqqında ev dustaqlığı qətimkan tədbirinin müddəti daha iki ay uzadılıb. Zərərçəkən tərəf bu qərardan apellyasiya məhkəməsinə şikayət verib.

Vəkil Sevinc Əliyeva isə deyib ki, istintaqa xeyli vəsatətlər veriblər, onlardan bəzilərini iş üçün vacib sayırlar.

“Bunlardan biri dünyaca tanınmış bir mütəxəssisin tibbi ekspertizanı keçirən heyətə daxil edilməsi idi. Valideyn də o mütəxəssisə çox etibar edir... Bu vəsatətimiz rədd olundu. Daha bir vəsatətimiz Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ilə üzləşmə keçirilməsi idi. Ona veriləsi suallarımız var...”, deyə zərərçəkən şəxsin yaxınları bəzi vəsatətlərin qəbul edilməməsindən narazılıqlarını ifadə etmişdilər.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atdığı, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilmişdi.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

“Məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib”,- Baş Prokurorluğun açıqlamasında belə yazılıb.

İttiham sübuta yetirilərsə, məktəb direktoruna 5 ilədək həbs cəzası verilə bilər. Amma məktəb direktoru hadisədən az sonra mediaya açıqlamasında bu məsələdə özünün təqsirsizliyini bildirmişdi.

“Təhsil aldığı dövrdə məktəb rəhbərliyinin daimi nəzarətində olub. Onun müxtəlif davranışları barədə özü və anası ilə, məktəb psixoloqunun da iştirakı ilə, bir neçə dəfə söhbət aparılıb və bu barədə aidiyyəti dövlət qurumlarına müraciət olunub”, - direktorun Elina Hacıyeva haqqında yaydığı məlumatda bu sözlər əksini tapmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG