Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:04

Professor: Bölgələrdə 65 yaşdan yuxarı tək insanlar müdafiəsiz qalmamalı


Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahının koronavirus infeksiyasının yayılmasına qarşı tədbirləri davam edir. İndiki məqamda hökumətin atdığı addımlar da müzakirə edilir.

Bəs daha hansı addımlara ehtiyac var?

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc hökumətin həyata keçirdiyi tədbirlərin mərkəzləşmiş, sistemli və planlı qaydada olduğunu düşünür. O, bildirir ki, birinci növbədə koronavirusun vətəndaşlara yoluxacağı təqdirdə onların test ediləcəyi və müalicə olunacağını ayrıca qeyd etmək lazımdır:

“ İkinci, bu dönəmdə xaricdə olan azərbaycanlıların vətənə qayıtması və bununla bağlı texniki məsələlər koordinasiya edildi. Məlumatlara görə, 10 mindən çox azərbaycanlı vətənə dönüb və böyük əksəriyyəti karantin rejiminə alınıb, mühüm hissəsi isə oranı tərk edib. Üçüncü, dövlətin sosial-iqtisadi yükünə rəğmən kütləvi fəaliyyət sahələrini iş yerləri baxımından, xüsusən də təhsil və səhiyyədə iş yerlərini dayandırmaq qərarını verdi. Eyni zamanda, sərhədlər bağlandı, paytaxta giriş qapadılıdı, rayonlararası gediş-gəliş əlaqəsi dayandırıldı. Bu cəhətdən Azərbaycan hökumətinin atdığı addımlar başqa ölkələrlə müqayisədə daha operativ və çevik idi. Təəssüf ki, bir sıra hallarda məsələni tam miqyası ilə qiymətləndirməyən insanlar da oldu”

Zahid Oruc, 24 oktyabr 2019
Zahid Oruc, 24 oktyabr 2019

Zahid Oruc əmindir ki, bəşəri təhlükənin Azərbaycanda minimuma endirmək mümkün olacaq:

“Konkret olaraq, cənab prezidentin 19 mart tarixli fərmanı ilə koronavirusun vura biləcəyi zərərləri önləmək üçün 1 milyard manat ayırması qeyd olunmalıdır. O cümlədən, hökumət komissiyasının yaradılması, ardınca sahibkarlara “insanları işdən çıxartmaq olmaz” mesajını verməsi bu prosesi öz çərçivəsində saxlamağa imkan verəcəyinə əminəm”.

“...Bəşəri bir bəla”

İtaliya, xəstəxana,19 mart 2020
İtaliya, xəstəxana,19 mart 2020

Zahid Oruc bildirib ki, koronavirus infeksiyası iqtidar-müxalifət, varlı-kasıb tanımayan, heç kəsə fərq qoymayan bəşəri bir bəladır:

“Ötən əsrin 30-40-ci illərində Ruzvelt, Çerçill və başqa görkəmli simaların qlobal xilaskarlıq missiyalarını indi təkrarlayacaq böyük dövlət, güc sahibi olan rəhbərlərinin çağışları təəssüf ki, özünü qabarıq göstərmir. Əksinə, biz Boris Consonun yataqdan ölkəni idarə edəcək mesajlarını görürük. Bizə qaldıqda, Yaxın Şərq hadisələri zamanı Bakını danışıqlar meydanı kimi təklif etdik. Elə bir müstəvi yaransın ki, həmin təhlükələr sovuşa bilsin. İndiki halda bütün dövlətlər karantin tələblərinə riayət etsə, öz xilasına nail olacaq və az itkilərlə keçəcək”.

Professor Adil Qeybulla da mövzu ilə bağlı Azadlıq Radiosuna bunları deyib:

“Azərbaycanın müvafiq orqanları, o cümlədən də, Operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında hərəkət edir. Əslində, həyata keçirilən sərt karantin tədbirləri təmas imkanlarını maksimum məhdudlaşdırılmasına yönəlib. Çin təcrübəsi göstərdi ki, infeksiyanın lokallaşdırılması istiqamətində bu adımlar çox mühim səciyyə daşıyır”.

“Almaniyada infeksiyanı lokallaşdırmağa doğru gedirlər”

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

Adil Qeybulla hələ geniş dezinfeksiya tədbirlərinin müşahidə olunmadığını xatırladaraq əlavə edib ki, ən mühim məsələlərdən biri əyalətlərdə, kəndlərdə 65 yaşdan yuxarı tək insanların müdafiəsiz qalmalarıdır:

“Düşünülməsin ki, kimsə, yəni yaxınları onlara yardım edəcək, düzgün yanaşma deyil. İndi sovet dövründə olduğu kimi cəmiyyətdə sosiallıq yoxdur. O baxımdan dövlətin müvafiq strukturları rayonlarda bu işi qulaqardına vurmamalıdırlar. Çünki Operativ qərargahın qərarı var ki, həmin sosial müdafiəyə ehtiyacı olan həmin şəxslər birinci növbədə nəzarətə götürülməli, onların sosial müdafiəsi təmin edilməlidir. Sosial müdafiə heç də yaşlı insanlara yemək verilməsi deyil. Bu məsələ izah olunmalıdır. Bütün bunlar müəyyən mərhələlərdə diskoordinasiya olduğunu göstərir. Əlbəttə, infeksiya gözlənilmədən bütün dünya ölkələrini yaxaladı, hətta ən inkişaf etmiş dövlətlərdə belə problemlər yaşanır. Ancaq intizamlı görülmüş tədbirlər sübut edir ki, prosesi çərçivəyə salmaq olar. Məsələn, Almaniyada infeksiyanı lokallaşdırmağa doğru gedirlər, ölüm hallarının da sayı xeyli azdır”.

“Dövlət evdə oturan insanların sosial müdafiəsini düşünməlidir”

Adil Qeybulla hesab edir ki, əhalidən də çox şey asılıdır:

“ İnsanlar bəzən vəziyyətin təhlükəliliyini başa düşmürlər, karantin rejimini pozurlar. Ona görə tədbirlər sərt olmalıdır. Amma bununla yanaşı dövlət evdə oturan insanların sosial müdafiəsini düşünməlidir. Bəzi işlər görülür və deyilir, onlayn xidmətə keçmək kommunal xərclərin ödənilmsinin uzadılması. Sadəcə, bunlar sistematik və intensiv xarakter almalıdır. İlk növbədə dövlət evdə tək qalan insnaların durumu haqda düşünməlidir”

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 30 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 182 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan bəzilərinin sağalıb evlərinə buraxıldığı, 4 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı 3 mindən çox şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.Bu gün, martın 29-dan xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb.Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG