Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Prezident problemli borcların silinəcəyini yox, ‘həll olunacağını’ vəd edib


Polis müxalifət partiyaları Xocalı Abidəsinə niyə buraxmadı?
Gözlə

No media source currently available

0:00 0:15:00 0:00

Polis müxalifət partiyaları Xocalı Abidəsinə niyə buraxmadı?

Prezident İlham Əliyev əhalinin banklara qaytara bilmədikləri problemli kreditlər məsələsinin həll olunacağının anonsunu verdi.

O, fevralın 25-də prezident yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu haqda danışıb.

Amma ABŞ-dakı Rutgers Universitetinin professoru, iqtisadçı ekspert Qubad İbadoğlu bildirir ki, problemli kredit geniş anlayışdır. Prezident iclasda hansı tip kredit borcları ilə bağlı problemlərin və konkret necə həll olunacağını açıqlamayıb.

2015-ci ildə gözlənilmədən iki dəfə devalvasiya olub və manat 2 dəfədən çox dəyər itirib. Dolların qiyməti 70 qəpikdən 1 manat 70 qəpiyə qalxıb. Buna görə də o zaman bankdan məsələn 70 dollar kredit götürən vətəndaş indi 170 manat ödəməyə məcbur olur.

Əvvəlcə aztəminatlıların problemi

Bu cür problemli kreditlərin həlli ilə bağlı millət vəkilləri Vahid Əhmədov və Əli Məsimov da bir neçə ay əvvəl prezident İlham Əliyevə müraciət etmişdi. Millət vəkili Vahid Əhmədov deyir ki, tezliklə prezident fərmanı ilə bu məsələ həll olunacaq. Çoxsaylı təkliflərdən hansının nəzərə alınacağını isə indidən söyləyə bilmir:

“Biz də öz təkliflərimizi vermişik. İndi Mərkəzi Bank, Maliyyə Bazarına Nəzarət palatası bütün təklifləri ölçüb biçir. Yəqinki yaxın günlərdə prezident fərmanı ilə biz bütün detalları bilərik. Amma bizim əsas istəyimiz odur ki, öncə sosial problemləri olan, aztəminatlı ailələrin problemi həll olunsun. Bir də əsas bank sisteminin sağlamlaşdırılmasını istəyirik”.

Vahid Əhmədov deyir ki, ümumilikdə problemli kreditlərin həcmi 1,6 milyard manatdır, kreditlərin növü, problemin səbəbləri araşdırılır və buna da uyğun qərar veriləcək.

Amma Bakı sakini Tahir Ağayev sadə insanların probleminin həll olunacağına elə də inamlı deyil. O, 2014-cü ildə bankdan 20 min dollar kredit götürüb. 11 aydan sonra devalvasiya olub, 2 dəfə ziyana düşüb. 5 ildir kredit ödəyir, hələ də borcu bitməyib:

“İndi prezident bildirdi ki, problemli kreditlər həll olunacaq. Amma konkret qərar olmadı. Elə bil, uşaq başı qatırlar”.

Konstitusiya Məhkəməsi də banklarla vətəndaşlar arasında bu kredit mübahisəsini araşdırıb. Amma Tahir Ağayev kimi minlərlə vətəndaş Konstitusiya Məhkəməsinin vətəndaşların xeyrinə qərar verəcəyini gözləsə də, bu məhkəmə bankların xeyrinə qərar vermişdi.

Faiz yüksək qalacaqsa...

İqtisadçı Zöhrab İsmayıl isə düşünür ki, vətəndaşın xeyrinə həll, kreditlərin köhnə məzənnədə qaytırılması, gecikmələrə görə cərimələrin və əsas borc ödənibsə, kredit faizlərinin tam silinməsi ola bilər. Onun fikrincə, Azərbaycanda problemli kreditlərin yaranma səbəblərindən biri devalvasiya olubsa, digəri yüksək kredit faizləridir:

“Azərbaycanda kredit faizləri çox yüksəkdir. 20 faizdən daha yüksəkdir. Məsələn, qonşu Gürcüstanda 4 faizdir. Ona görə mən hesab edirəm ki, təkcə problemli kreditlərin həlli ilə bu sahədəki problemlərin tam həlli mümkün deyil. Bank sektorunda islahatlar aparılmalıdır”.

Zöhrab İsmayıl bank və maliyyə sektorunda inhisarın aradan qaldırılması, banklara sərbəstlik verilməsini və kredit faiz dərəcələrinin aşağı salınmasını zəruri hesab edir. Onun fikrincə, əks halda problemli kredit məsələsi yenidən gündəmə gələ bilər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Sizcə, problemli kreditlər məsələsini necə həll etməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Prezident İlham Əliyev deyib ki, Azərbaycanda problemli kreditlərin həllinə bənzər problemlər qarşısında olan başqa ölkələrdən fərqli üsul tətbiq edəcəklər.

Başqa ölkələrin təcrübəsinə gəldikdə, bir neçə il əvvələ qədər Gürcüstanda da vətəndaşlar qaytarıla bilməyən kreditlər problemi ilə üz-üzə idilər.

2018-ci ildə keçirilən prezident seçkisində müxalifətin namizədinin əsas şüarı bu kredit borclarının silinməsi idi.

Seçkinin ikinci tuturna az qalmış hakim Gürcü Arzusu partiyası problemli kreditlərin silinəcəyini vəd elədi.

Gürcüstanda olan həmkarlarımızın bildirdiyinə görə seçkidən dərhal sonra vətəndaşların ümumlikdə 1,5 milyard dollarlıq borcu silinib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG