Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:52

'Problem var ki, Miyatoviç onları dilə gətirib'


Ə.Məmmədli
Ə.Məmmədli

«Avropa Şurası insan haqları komissarı Dunya Miyatoviçin Azərbaycanla bağlı hesabatı çox obyektiv qiymətləndirmədir», – hüquqşünas Ələsgər Məmmədli AzadlıqRadiosuna bildirir. Onun sözlərinə görə, hesabatda ifadə azadlığı ilə bağlı cəmiyyəti ən çox narahat edən məqamlara toxunulub.

«Burda deyildiyi kimi, ifadə azadlığına yönəlik həbslər, son zamanlar məhkəmələrin veb-resursları bloklaması və ya ictimai-siyasi aktivlərin hansısa səbəblərdən inzibati və ya uzunmüddətli həbslərə atılması faktdır. Faktların dilə gətirilməsi onun obyektivliyindən xəbər verir. Hökumət bununla razılaşmasa da, bu belədir. Tutalım, hesabatda Seymur Həzinin, Əfqan Muxtarlının adları çəkilib. Seymur Həzi həbsdən çıxandan 39 gün sonra yenidən şərləndi və bir ay inzibatı həbsdə yatdı. Problem var ki, Miyatoviç onları dilə gətirib», – hüquqşünas qeyd edir.

Ə.Məmmədli daha bir məqamı önə çəkir, diffamasiya məsələsinə prezident İlham Əliyevin moratorium qoymağına baxmayaraq, onun geniş şəkildə tətbiq edildiyini bildirir. O, videobloqer Mehman Hüseynovun məhz bu səbəbdən 2 il həbs cəzası aldığını yada salır. Hətta ona ötən ilin sonunda əlavə ittihamların irəli sürüldüyünü, ancaq cəmiyyətin daha sərt etirazından sonra bu ilin əvvəlində onların ləğv edildiyini vurğulayır.

Hüquqşünas bəzi internet resursların bloklanmasına da toxunur. O, ölkədə «situasiya dəyişsə belə, bloklanmış resurslara çıxış məhduddur» deyir: «Məsələn, hamı bilir ki, AzadlıqRadiosu saytı obyektiv, alternativ resurs olduğuna görə məhdudlaşdırılıb. Meydan TV, Turan TV və başqa resurslar da onun kimi...».

«Yalandır» deməkdənsə...

Ə.Məmmədli də Azərbaycanda vəkil qıtlığı yaşandığını qeyd edir: «İki mənada vəkil qıtlığı var, həm fiziki, həm də tutum baxımından. Yəni, gerçək hüquq və azadlıqları müdafiə edənlər barmaqla sayılır. Vəkillərin özünün də ifadə azadlığına basqı var. Müvəkkilinin və ya pozulan hüquqları gündəmə gətirən vəkillərin ifadə azadlığına geniş basqı var. Hər hansı məsələ ilə bağlı açıqlamadan sonra dərhal onların Vəkillər Kollegiyasına üzvlük məsələsi müzakirəyə çıxarılır. Ən son Şəhla Hümbətova bu çərçivədə uzaqlaşdırılan vəkillərdən oldu və ya Elçin Sadıqlı, Nemət Kərimli ilə bağlı işlər başlayıb, onların uzaqlaşdırılması gündəmdədir».

Ümumilikdə Ə.Məmmədli hesab edir ki, Azərbaycan cəmiyyəti illərdir Avropa Şurası insan haqları komissarının hesabatda toxunduğu məsələlərin həllini gözləyir. Ona görə də hökumətin «Bu problem bizdə yoxdur, yalandır» deməkdənsə, vəd etdiyi islahatlar paketinə daxil edərək həll etməli olduğunu düşünür. O, həm media, həm məhkəmə-hüquq sistemində fundamental dəyişiklik gözləyir: «Hesabatdakı neqativlər düzəlməlidir, onları inkar etmək evdəki zibili palazın altına süpürməyə bənzəyir. Situasiya dəyişmədikcə, biz zibilin fəsadını ciyərlərimizdə hiss edəcəyik».

Ə.Kərimli
Ə.Kərimli

«Komissar Azərbaycan hökumətinin şantajından çəkinməməlidir»

«Dunya Miyatoviçin hesabatı korrektdir, ancaq həqiqətin hamısı deyil», – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli belə söyləyir. Onun yanaşmasına görə, hesabatda «həm siyasi məhbuslar, həm ifadə azadlığı ilə bağlı daha çox şey deyilməlidir».

«Təkcə bu il AXCP-nin 100 nəfərə yaxın fəalı şərlənərək inzibati həbs alıb. Onlar mitinq təşkilatçısı olduqlarına, ya da sosial şəbəkədə yazdıqlarına görə tutulublar. Fikirlərini ifadə etdiklərinə görə repressiyaya, cəzaçəkmə yerlərində işgəncəyə məruz qalıblar. Müxalif fikirli insanlar linc edilir, dözümsüzlük şəraiti yaradılır. Komissarın siyasi məhbuslar, ifadə azadlığı haqqında dedikləri doğrudur, amma hamısı deyil. Hökumətin bu məsələlərlə bağlı mövqeyi isə, əlbəttə, əsassızdır», – partiya sədri deyir.

Ə.Kərimli Vəkillər Kollegiyası haqda ayrıca danışır, bu qurumun repressiya aparatının tərkib hissəsinə çevrildiyini, Avropa Şurası insan haqları komissarının daha sərt mövqe nümayiş etdirməli olduğunu düşünür.

Partiya sədrinin iddiasına görə, dövlət səviyyəsində və Vəkillər Kollegiyasının iştirakıyla azadfikirli vəkillərə qarşı məqsədyönlü, planlı mübarizə aparılır. Ə.Kərimli bunu vəkil çatışmazlığı və ya bir neçə vəkilə təzyiq kimi göstərməyi doğru saymır.

O hesab edir ki, komissar Azərbaycan hökumətinin şantajlarından çəkinməməli, həqiqəti olduğu kimi ifadə etməlidir. Ə.Kərimli D.Miyatoviçin növbəti hesabatlarda sərbəst toplaşmaq azadlığının tamamilə aradan qaldırılması, işgəncənin xüsusi dövlət siyasətinə çevrilməsi haqda uca səslə danışacağını gözləyir.

Xatırlatma

Dekabrın 11-də Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviç Azərbaycanda ifadə azadlığı, vəkillərlə bağlı son baş verənləri, məcburi köçkünlərin hüquqlarını əhatələyən hesabatını açıqlayıb. Komissar Azərbaycanda ifadə azadlığının qorunması üzrə böyük irəliləyiş əldə olunmadığını təəssüflə qeyd edir. Miyatoviç Azərbaycanda kəskin vəkil çatışmazlığının yaşandığını, bunun özəlliklə paytaxtdan kənarda hiss olunduğunu bildirir. O, bəzi vəkillərin Kollegiyadan uzaqlaşdırılmasına diqqət çəkir, onların, əsasən, siyasi baxımdan həssas hesab olunan işlərə çıxdıqlarını vurğulayır.

Azərbaycan hökumətinin hesabata rəsmi münasibətində isə bu tənqidlər, əsasən, rədd olunur, qeyd edilir ki, «hesabatda bəzi sahələrdə mövcud olan ayrı-ayrı xüsusi hallar əsasında ölkədəki ümumi mənzərənin mənfi dəyərləndirilməsi daha çox narahatlıq yaradır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG