Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 11:59

Kreml Rusiya dövlətinin ABŞ seçkisinə müdaxilə etmədiyini deyir


Dmitri Peskov

ABŞ-ın Ədliyyə Nazirliyi 13 rusiyalıya və bir neçə Rusiya şirkətinə qarşı 2016-cı il ABŞ seçkisinə müdaxilə ilə əlaqədar rəsmi ittiham irəli sürdükdən bir neçə gün sonra prezident Vladimir Putinin sözçüsü Rusiya dövlətinin seçkiyə müdaxilə etmədiyinə dair inkarını bir daha bəyan edib.

Fevralın 19-da Dmitri Peskov tərəfindən verilmiş bu bəyanat ABŞ xüsusi prokuroru Robert Mueller-in bir neçə gün əvvəl irəli sürdüyü ittihamlara Moskvanın ilk reaksiyası olub.

İttihamnamədə deyilir ki, Putinlə sıx bağları olan bir biznesmen “troll ferması” yaratdıqdan sonra öz agentlərini Birləşmiş Ştatlara göndərib. Onlar Birləşmiş Ştatlarda saxta sosial media hesabları açıblar. Bu, sonradan həmin hesablardan Amerika cəmiyyətini parçalayan mesajlar göndərilməsi üçün istifadə olunacaq və zahirən ABŞ-dan göndərildiyi təsəvvürü yaradılmasına imkan verəcəkdi.

2017-ci ildə ABŞ kəşfiyyatının gəldiyi nəticələrə əsaslanan ABŞ Ədliyyə Nazirliyi bildirib ki, bu hərəkətlərdən məqsəd ABŞ demokrtiyasına inamın sarsıdılması, namizəd Hillary Clinton-un gözdən salınması və əksinə, onun rəqibi Donald Trump-a dəstək verilməsi idi.

Jurnalistlər qarşısında çıxış edən Peskov deyib ki, “ittihamnamədə Rusiya vətəndaşlarının adları çəkilir, lakin biz Vaşinqtondan verilən bəyanatlarda Rusiya dövlətinin, Kremlin və Rusiya hökumətinin seçki müdaxiləsinə dair iddialar eşidirik”.

Peskov deyib: “Rusiya dövlətinin bu işə qarışdığını göstərən heç bir əlamət yoxdur. Yoxdur və ola da bilməz. Rusiya müdaxilə etməyib və onun başqa ölkələrin daxili işlərinə qarışmaq kimi vərdişi yoxdur və bunu etmir”.

Putin Rusiya hökumətinin ABŞ seçkisinə müdaxiləsi barədə iddiaları daim danıb.

ABŞ kəşfiyyatı özünün 2017-ci il yanvar tarixli qiymətləndəriməsində bu nəticəyə gəlmişdi ki, 2016-cı il ABŞ seçkisini təsirləndirmək məqsədilə aparılan kampaniyaya göstərişi şəxsən Putinin özü verib.

"Putinin aşpazı" adı ilə tanınan Priqojin
"Putinin aşpazı" adı ilə tanınan Priqojin

Kremlin tənqidçiləri isə bildirirlər ki, ABŞ-ın rəsmən ittiham etdiyi 13 nəfərdən biri – Yevgeni Priqojinin Putinlə sıx bağları olması Rusiya hökumətinin bu müdaxiləni inkar etməsinin inandırıcı olmadığını göstərir.

Sankt Peterburqda mənzillənmiş İnternet Araşdırmaları Mərkəzini maliyyələşdirməkdə ittiham edilən Priqojini həm də “Putinin aşpazı” adlandırırlar, çünki onun Kremllə bir neçə iaşə xidməti müqavilələri var. Bundan başqa Priqojin Putin və Rusiya siyasi elitasının başqa üzvləri üçün banket təşkilatçılığında iştirak edir.

ABŞ Ədliyyə Nazirliyi Priqojinin üzərinə 2016-cı ildə sanksiyalar qoyub. Nazirlik onun Rusiya hökumətinin vəzifəli rəsmilərinə maddi dəstək verdiyini, habelə Rusiyanın Müdafiə Nazirliyi ilə biznes bağlarının olduğunu bildirirdi.

Şirkətlərə dair rəsmi məlumat bankı Priqojinə bağlı şirkətlərə Rusiya prezident administrasiyası və Müdafiə Nazirliyi tərəfimndən sərfəli dövlət sifarişlərinin verildiyini göstərir.

Reuters agentliyinin verdiyi məlumata görə onun şirkətlərindən birinə 2011 və 2017-ci illər arasında 8 milyard dollarlıq dövlət kontraktları verilib. Sözü gedən şirkət həm iaşə, həm də təhsil sistemlərində fəaliyyət göstərir.

ABŞ-ın böyük jürisi tərəfindən verilmiş və Mueller-in ofisindən açıqlanmış ittihamnamədə deyilir ki, Rusiya vahidləri ABŞ-dakı siyasi proseslərə 2014-cü ildən müdaxilə etməyə başlayıb.

Bu ittihamnamənin açıqlanmasının ardınca ABŞ baş prokurorunun müavini Rod Rosenstein deyib ki, Rusiya müdaxiləsinin seçkinin nəticəsinə təsiri olduğunu göstərən əlamətlər yoxdur.

Rusiya ilə əlaqələri araşdıran cinayət istintaqının əhəmiyyətini azaltmağa çalışan Trump Rosenstein-in bəyanatını öz mövqeyinin doğruluğunun isbatı kimi bəyan edib.

O Tvitterdə yazıb: “Rusiya özünün anti-ABŞ kampaniyasına 2014-cü ildə, mən prezidentliyə namizədliyimi verəcəyimi bəyan edəndən çox əvvəl başlayıb. Seçki nəticələri təsirlənməyib. Trump kampaniyası qanunsuz heç nə etməyib – heç bir sövdələşmə yoxdur!”

Lakin Mueller-in ofisi indiyədək Trump kampaniyasının iki üzvü – Paul Manafort və Michael Flynn-ə qarşı ittiham irəli sürüb. Onlar təqsirlərini etiraf ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG