Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Prezidentin nümayəndəsi Gürcüstan sərhədində insidentdən danışıb


Xarici işlər nazirinin müavini Xələf Xələfov
Xarici işlər nazirinin müavini Xələf Xələfov

Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov Gürcüstanla sərhəddə bu ölkədən olan bir qrup şəxslə Azərbaycan sərhədçiləri arasında baş verən insidentlə bağlı AZƏRTAC-ın sullarına cavab verib. Müsahibəni qısa ixtısarla təqdim edirik

AZƏRTAC: İki gün əvvəl (iyulun 14-də) bir qrup şəxs Keşikçidağ mağaralar kompleksi ərazisində Gürcüstandan Azərbaycan istiqamətində sərhədi pozaraq Azərbaycan sərhədçilərinə hücum edib, onları nalayiq ifadələrlə təhqir edib və güc tətbiq edərək silah-sursatlarını əllərindən alıblar. Bununla bağlı nə söyləyə bilərsiniz?

Xələf Xələfov: "Bəli, təəssüflər olsun ki, iyulun 14-də bir qrup şəxs tərəfindən birbaşa Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş təxribat xarakterli, dövlət sərhədinin keşiyində duran sərhəd naryadına qarşı törədilən cinayət əməli baş verib. Güman edirəm ki, bu insidentin Gürcüstan hökuməti ilə əlaqəsi yoxdur".

Xələf Xələfov vurğulayıb ki, Gürcüstan sərhədçiləri öz hərəkətsizliyi ilə təxribatçıların və cinayətkarların Azərbaycan ərazisinə buraxılmasına görə məsuliyyət daşıyırlar.

Onun fikrincə, bu kimi təxribatlar iki ölkə arasında təşəkkül tapmış dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurur.

Prezidentin nümayəndəsi hesab edir ki, həmin əməli törədən şəxslər məsuliyyətə cəlb edilməli və qanunların tələbinə uyğun cəzalanmalıdırlar.

Xələf Xələfov daha sonra iki ölkə arasında sərhəd delimitasiyasından (sərhəddin müəyyən edilməsindən) danışıb:

“Dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub. Bu, eyni zamanda, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb. SSRİ-nin süqutuna qədər (1991) tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib. Buna görə də hüquqi baxımdan qeyd edilən sahə ilə bağlı hər hansı mübahisədən və ya iddiadan söhbət gedə bilməz. Eyni zamanda, bu sahə də razılaşdırılmayan digər sahələr kimi delimitasiya çərçivəsində razılaşdırılmalı, iki dövlət arasında imzalanacaq dövlət sərhədinə dair müqavilədə təsbit olunmalıdır”.

İyulun 14-də sərhəddə nə baş verib?

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) bildirib ki, iyulun 14-də saat 14:50 radələrində “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları Azərbaycan sərhəd naryadına qarşı insident törədiblər:

“Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nın şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Azərbaycan və Gürcüstan sərhəd nümayəndələri arasında görüş keçirilib, baş vermiş hadisə birgə araşdırılıb, gələcəkdə bu kimi hallara yol verilməməsi üçün görülməli olan tədbirlər müzakirə edilib”.

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan məlumatlara görə də, iyulun 14-də Gürcüstanın bir qrup vətəndaşı ilə Azərbaycan sərhədçiləri arasında insident yaşanıb. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə Gürcüstanın bir qrup vətəndaşının Azərbaycan sərhədçilərinə hücum etdiyi əks olunur.

Gürcüstanın kütləvi informasiya vasitələrində bu olay Azərbaycan sərhədçilərinin məbəddəki ikonaları icazəsiz götürmələri ilə izah edilir.

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə də, “vəziyyət vaxtında yoluna qoyulub və hazırda hadisə yerində sakitlikdir”.

Xatırlatma

Gürcüstanın bəzi kütləvi informasiya vasitələrində yer alan məlumatlara görə, bu ilin əvvəlində də bu ölkə ilə Azərbaycan sərhədində yerləşən Keşikçidağ-David Qareci məbəd kompleksində narazılıq yaşanmışdı.

Gürcüstanla Azərbaycan arasında sərhəd delimitasiyası məsələləri, əsasən, razılaşdırılıb. Ancaq bu kompleksin yerləşdiyi ərazidə sərhədin tam müəyyən edilmədiyi bildirilir. Xüsusilə orada mübahisələr Udabno məbədi ilə bağlıdır. SSRİ zamanında ora Azərbaycanın ərazisi olub.

Bu ilin mayında isə iki ölkə rəsmiləri arasında sərhədin delimitasiyası ilə bağlı müzakirələrin yenidən bərpa edildiyi açıqlanıb.

Azərbaycan prezidentinin sərəncamı ilə 2007-ci ildə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Orda 70-dək mağara, bir qala, iki məbəd və bir inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən isə 28 kilometr məsafədə yerləşir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG