Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 21:22

Prezidentin beşillik proqramı dövründə artan narkomaniya


Narkoman

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğınla bağlı məhkəmədə hadisənin necə baş verdiyi araşdırılsa da, proses ölkədə narkotik istifadəçilərinin sayının çoxluğu, müalicə olunmaq istəyənlərin qarşılaşdıqları çətinliklər və başqa məsələləri də üzə çıxardı. Yaxınlarını yanğında itirən, yaxud özü həmin hadisədə xəsarət alan zərərçəkənlərin çoxu deyir ki, Mərkəzdə yer olmurdu. Müalicə olunmaq istəyən həftələrlə, bəzən aylarla gözləməliydi ki, yer boşalsın, ora yerləşsin.

Adamlar həm də Narkoloji Mərkəzdə rüşvət hallarından gileylənirlər: «Adı pulsuzdur, orada pulsuz heç nə yoxdur...».

Özü və ya yaxını Mərkəzdə müalicə olunan zərərçəkənlər bir kursluq müalicə üçün ödənilən vəsaitlə bağlı məhkəmədə konkret rəqəmlər də səsləndiriblər – 450 manatdan 750 manata qədər...

«Danışırlar da özləri üçün. Havayı müalicə vardı orada? Mənim valideynlərimdən 600 manat bir alıblar, 50 də bir, 10 manat da buraxılış üçün...», – Mərkəzdə müalicə olubmuş Hüseyn Səfərəliyev belə deyir.

Müalicə olunmaq istəyən narkotik istifadəçilərinə yer tapılmır

Səhiyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, 2018-ci il yanvarın 1-nə olan rəsmi məlumata görə, respublikada 30 min 131 narkotik istifadəçisi qeydə alınıb.

Nazirlik xəstələrin sayının çoxluğuyla əlaqədar onların yerləşdirilməsində problemlər yaşandığını təsdiqləyir. Ancaq orada müalicə olunmaqdan ötrü pul tələb olunması barədə deyilənləri qəbul etmir: «Mərkəzdə yerləşdirilmə ilə bağlı problemlər yaranır. Xəstəxanada yer olmur. Məcbur oluruq xəstələri siyahıya salaq və yer boşaldıqca, onları xəstəxanaya dəvət edirik. Ödəniş məsələsinə gəlincə, xeyr. Respublika Narkoloji Mərkəzi dövlət müəssisəsidir, xəstələrin müalicəsinə ödəniş tələb olunmur».

Ə.Həsənov
Ə.Həsənov

Əli Həsənovun etirafı

Səhiyyə Nazirliyinin istinad etdiyi dövrdən altı ay əvvəl - 2017-ci ilin iyununda açıqlanan rəsmi məlumatda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 29 min 448 min nəfər göstərilmişdi. Bu da o deməkdir ki, altı ay ərzində təkcə qeydiyyata düşənlərin sayı 683 nəfər artıb. Rəsmilər də etiraf edir ki, qeydiyyata düşənlər ölkədəki narkotik istifadəçilərinin çox az bir hissəsidir.

«Bu gün də o fikirdəyəm ki, ölkədə narkomanların sayı ilə bağlı rəsmi statistika reallığı əks etdirmir», – Baş nazirin müavini, Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun sözləridir.

Müstəqil ekspertlər də hesab edir ki, narkotik istifadəçilərin real sayı qeydiyyatda olanlardan dəfələrlə çoxdur. Bəs dövlət problemlə mübarizə məqsədiylə hansı addımları atır?

2013-cü ilin iyununda Prezident sərəncamı olub, 2013-2018-ci illər üçün narkomaniyaya qarşı mübarizəyə dair Dövlət Proqramı qəbul edilib. Sayca dördüncü olan bu proqramın icrası üçün 2018 sonuncu ildir.

Rəsmi statistikanın özü də sübut edir ki, ötən beş ildə vəziyyət daha da pisləşib.

Əgər 2013-cü ildə rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 28 min 376 nəfər idisə, 2017-ci ilin sonunda artıq 30 min 131 nəfər olub.

Ancaq Ə.Həsənov müraciətində iddia edir ki, beşillik proqramın icrası müddətində narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının önlənməsi yönündə müsbət nəticələr əldə edilib. Bununla belə, etiraf edir ki, ölkədə bu sahədə problem yetərincə ciddidir: «Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar göstəricilər təhlükəli həddə olmasa da, əhəmiyyətsiz dərəcədə də deyil. Problemin narahatlıq doğuran məqamlarından biri də narkomaniya və narkobiznes kimi çirkin işlərə yeniyetmələrin və qadınların cəlb edilməsidir».

Dövlət Komissiyası nə iş görür

Dövlət Komissiyasından hansı işlərin görülməsi, Ə.Həsənovun dediyi müsbət nəticələrin nədən ibarət olması kimi məsələlərə şərh vermək istəməyiblər. Bildirilib ki, bu barədə materialları Komissiyanın saytından tapmaq olar.

Materiallar isə ancaq hansısa rayonda tədbir keçirilməsi haqda qısa xəbərlər, nə qədər narkotikin dövriyyədən çıxarılması barədə statistik göstəricilərdən ibarətdir.

Z.Mustafayeva
Z.Mustafayeva

«Reabilitasiya mərkəzlərinə ehtiyac var»

«Hüquqi İnkişaf və Demokratiya» İctimai Birliyinin rəhbəri, illərdir narkomaniya ilə bağlı araşdırmalar aparan ekspert Zülfiyyə Mustafayeva deyir ki, narkotik istifadəçilərinin əksəriyyəti qeydiyyatdan kənarda qalırlar. Qeydə alınanların özləri də istifadə olunan narkotiklərin tərkibi, üsuluna görə müxtəlif kateqoriyalara bölünür. Narkotik istifadəçilərinin dəqiq sayının bilinmədiyini deyən Z.Mustafayevanın sözlərinə görə, hələ 10 il öncə beynəlxalq hesabatlarda Azərbaycanda bu sayın 70 mindən çox olduğu göstərilirdi: «Azərbaycanda narkomaniyanın müalicəsi sahəsində ən ciddi problemlərdən biri reabilitasiya mərkəzlərinin olmamasıdır. Narkotik istifadəçisi müalicə alır, ağrıları keçir, amma reabilitasiya olmayanda onun təkrar bu yola qayıtmaq ehtimalı da çox olur. Reabilitasiya mərkəzindən keçənlərin, hətta 3-5 faizi də bu bəladan birdəfəlik qurtulacaqsa belə, yenə də onların yaradılmasına ehtiyac var».

Ekspertin sözlərinə görə, belə reabilitasiya mərkəzləri əksər ölkələrdə var. Hətta İranda həmin mərkəzlər əcnəbilər üçün də ödənişsizdir.

Səhiyyə Nazirliyindən bildirilib ki, narkotik istifadəçilərinin qeydiyyatı Nazirlər Kabinetinin 2002-ci ildə verdiyi qərara uyğun aparılır. Qərara əsasən, narkoloji xəstələr üçün sağalma (dözümlü remissiya) və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməkdən özünü saxlama müddəti 5 ildir.

XS
SM
MD
LG