Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:41

‘Ora xəstəxana yox, tövlə idi...’


"Rusiyada, Türkiyədə yanğınlar oldu, adamlar öldü, buna görə matəm elan olundu. Azərbaycanda 25 nəfər öldü, bir gün də matəm eləmədilər. Səhiyyə Nazirliyindən heç kimi cəzalandırmadılar. Halbuki, onlar birbaşa məsuliyyət daşıyırdılar..." Bunlar 82 yaşlı Abdulla Ələkbərovun sözləridir.

O, martın 2-də səhər saatlarında Narkoloji Mərkəzdəki yanğında dünyasını dəyişmiş 25 nəfərdən biri, Tərlan Ələkbərovun atasıdır. Deyir, oğlu yanıb elə vəziyyətə düşmüşdü ki, dörd gün sonra DNT analizi ilə onun kim olduğunu müəyyənləşdirib, meyiti ailəsinə veriblər.

Mərhum Tərlan Ələkbərov spirtli içkiyə qurşandığına görə orada müalicə olunurmuş:

"2004-cü ildə oğlumun həyat yoldaşı 26 yaşında ürəktutmadan qəfil dünyasını dəyişdi, 4 yaşlı uşağı qaldı. Bundan sonra içməyə başladı. Sonra ikinci dəfə ailə qurdu, bir övladı da oldu. Sağlamlığını bərpa eləmək üçün ora getdi. Ancaq ora xəstəxana deyil, türmədən də beşbetərdi. Taxtadan xəstəxana olar? Köhnə balıqçıların yerini xəstəxana eləyiblər. Ora sağlamlıq ocağı yox, tövlə idi..."

Hüquq müdafiəçisi Murad Sadəddinov da məhkəmədə ifadə verib. Yanğın zamanı onun qardaşı Azər Sadəddinov dünyasını dəyişib.

Yanğında 38 yaşlı qardaşını itirmiş Rübabə İsmayılova hesab edir ki, hadisənin əsl günahkarları məsuliyyətdən kənarda qalıb:

"Mənim qardaşım bağlı qapı arxasında qalıb, çıxa bilməyib, ona görə yanıb. Bunu əminliklə deyirəm. Yoxsa o, gecə ayıq yatırdı. Deyirlər, bu adam (təqsirləndirilən Məhəmməd Məmmədovu göstərir-red.) yandırıb oranı, bəs ona qapını kim açdı ki, qaçsın? Oranı məqsədli şəkildə bağlayıb yandırıblar. 25 nəfərin əsl qatili kimdirsə, onlar gəlib burada oturmalıdır. Mən prezidentə də şikayət göndərmişəm".

Təqsirləndirilən Məhəmməd Məmmədov bir daha zərərçəkmişlərə deyib ki, Mərkəzi o yandırmayıb, onu döyüb boynuna qoyublar.

Quliyev Sübhan adlı zərərçəkmiş də yanğında qardaşını itirib. Deyir ki, qardaşının müalicəsindən ötrü 450 manat pul vermişdilər.

Məhkəmə sentyabrın 14-də davam edəcək.

XATIRLATMA

Narkoloji Mərkəzdə baş vermiş yanğına görə beş nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Səhhətindəki problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan bir nəfərin haqqındakı cinayət işi ayrılıb, qalan dördünün işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Onlardan Mərkəzdə müalicə olunan 64 yaşlı Məhəmməd Məmmədov yanğını törətməkdə, Mərkəzin direktoru Telman Məmmədhəsənov və mühəndisi Mahir Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə, yanğın təhlükəsizliyi qaydalarına əməl etməməkdə, Məhəmməd Məmmədovun müalicə həkimi olmuş Afət Məmmədova isə oğlundan rüşvət alıb onu orada saxlamaqda ittiham olunur.

Onların heç biri özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG