Keçid linkləri

2025, 16 Yanvar, Cümə axşamı, Bakı vaxtı 18:58

Prezidentin 'beşinci kolon' sözlərinə iki fərqli baxış


Prezident İlham Əliyev, Norruz təbriki, 19 mart 2020
Prezident İlham Əliyev, Norruz təbriki, 19 mart 2020

Prezident İlham Əliyev Novruz Bayramı təbrikində dəqiq ad çəkmədən müxalifətin bir kəsimi haqqında sərt ifadələr işlətdi, onları “beşinci kolon” adlandırdı. Bu da cəmiyyətdə müzakirələrə səbəb oldu.

Siyasi icmalçı Hikmət Hacızadə Azadlıq Radiosuna deyib ki, Azərbaycanda “beşinci kolon”un olmadığı qənaətindədir. Amma Hikmət Hacızadə İlham Əliyevin “beşinci kalon” deyəndə kimləri nəzərdə tutduğunu bildiyini söyləyib:

“Ən vətənpərvər zümrədir “beşinci kolon””

“Ən vətənpərvər zümrədir “beşinci kolon”, Qarabağda döyüşənlərdir “beşinci kalon”, bu gün intelektuallar, ədalət uğrunda mübarizə aparanlardır həmin Əliyevin “beşinci kolon” adlandırdıqlarıdır. Əgər hakimiyyət onları təcrid etmək istəyirsə, vay, bu ölkənin halına. Prezidentə elə gəlir ki, ətrafı ilə sakit yaşayıb ölkəni idarə edə biləcək. Ancaq biz 17 ildir Əliyevin heç bir problemi həll edə bilmədiyini gördük. Nə səhiyyə normaldır, nə Qarabağı azad edə bildi, nə qeyri-neft sektoru inkişaf etdi. Baxın, qonşularımız tibbi sığortaya çoxdan keçib, amma biz hələ qalmışıq, Qarabağ azad olunmayıb, büdcənin 80 faizindən çoxu neft gəlirləri hesabına doldurulur”.

“Çox təəssüf ki, biz belə çıxışları eşidirik”

Hikmət Hacızadə, arxiv foto
Hikmət Hacızadə, arxiv foto

Hikmət Hacızadə dövlət başçısının ilk dəfə belə çıxış etmədiyini bildirib:

“Əvvəllər də bir neçə tədbirdə və ya görüşlərdə müxalifəti tənqid edib və aşağılayıb. Qonaqlara Elçibəydən ( Azərbaycanın mərhum keçmiş Prezidenti-red), AXC-Müsavat hakimiyyətindən danışır. Çox təəssüf ki, biz belə çıxışları eşidirik”.

“Belə gündə barışığa çağırmaq və ümid vermək lazım idi”

Hikmət Hacızadə İlham Əliyevin sərt çıxışlarının heç nəyə xidmət etmədiyi gümanındadır:

“Əliyevə elə gəlir ki, o, bu cür çıxışlarla ictimaiyyəti ovsunlayır. Bununla da vəziyyəti düzəldəcək, hakimiyyətini möhkəmləndirəcək, yəqin belə düşünür. Xüsusilə Novruz Bayramı çıxışını nəzərdə tuturam. Belə gündə barışığa çağırmaq və ümid vermək lazım idi, amma biz bunları görmədik, əksinə, qeyri-müəyyənlik və aqressiv çıxış eşitdik”.

“Yəni pul ayırıb, ölkədə iğtişaş salmağı,..."

Elman Nəsirov
Elman Nəsirov

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Elman Nəsirov isə xatırladıb ki, Prezident “beşinci kolon” məsələsini ilk dəfə VI çağırış parlamentin ilk iclasında gündəmə gətirib. Onun deməsinə görə, dövlət başçısı vurğulayıb ki, Azərbaycanda “beşinci kolon”un fəalyyətindən onu yaradanlar narazı qalıb:

“Yəni pul ayırıb, ölkədə iğtişaş salmağı, vətəndaş həmrəyliyini pozmaq tapşırıqlarını lazımı səviyyədə yerinə yetirməyiblər”.

Elman Nəsirov deyib ki, müəyyən beynəlxalq dairələr yeni “beşinci kolon”u yaratmaq istəyirlər, söhbət yeni “beşinci kolon”dan gedir. Onun fikrincə, amma eyni zamanda, ölkə başçısı Novruz Bayramında xalqı təbrik edəndə məsələyə xüsusi diqqət ayırıb və qeyd edib ki, həmin “beşinci kolon” üzvləri, özünü müxalifət kimi təqdim edən radikallar indiki məqamda, dövlətin təhlükəsizliyi üçün çox ciddi təhdidin yarandığı vaxtda iğtişaşların yaranmasını istəyirlər:

“Onların təcrid olunması tarixi zərurət ola bilər”

“Onlar hər şeyi elə təqdim edirlər ki, nəticə etibarı ilə ölkəni xaosa sürükləsinlər. Ona görə cənab prezident fövqəladə vəziyyətin tətbiq ediləcəyini istisna etmədi. Bu gün Azərbaycanda iğtişaş yaradıb sabitliyi pozmaq istəyən qruplaşmalar, “beşinci kolon” da fövqəladə vəziyyət tətbiq ediləcəyi təqdirdə onların təcrid olunması tarixi zərurət ola bilər. Açıq şəkildə demək lazımdır ki, indiki vəziyyətdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Koronavirus bu günlərdə dünya xalqlarına olduğu kimi Azərbaycan xalqı və dövləti üçün də təhlükə mənbəyinə çevrilib. Cənab Prezidentin dediyi kimi ona nə vaxt son qoyulacağını heç kim bilmir. Belə olan halda dövlət operativ və sistemli tədbirlər həyata keçirir. Məqsəd də odur ki, Azərbaycana dəyən ziyanı minimuma endirmək, həm iqtisadiyyata, həm sosial həyata. Ən başlıca vəzifə vətəndaşın sağlamlığını qorumaqdır. Belə olan təqdirdə Azərbaycan müxalifətinin radikal kəsimi də iqtidarla bu sferada danışıqlara getməlidir. Prezidentin dediyi kimi Azərbaycan hakimiyyəti indiyə qədər olmadığı səviyyyədə güclüdür, güclü olduğu üçün əlini uzadıb müxalifətlə siyasi dialoqa gedir. Bu gün siyasi dialoqa getməyən həmin müxalif qruplaşmalar faktiki olaraq öz davranışları ilə Azərbaycandakı sabitliyi pozmaq, vətəndaş itaətsizliyini yaratmaq niyyətini güdürlər”.

Elman Nəsirov prezidentin bayram təbrikində sərt ifadələrə yer ayırmasını belə şərh edib:

“Bəli, bayramdır, amma bu dəfəki bayram əvvəlkilərdən deyil. Bu gün bəşəriyyət üçün 11 sentyabr terror aktından sonra daha beynəlxalq terrorizm dünya üçün təhlükə mənbəyi sayılmır. Artıq, 3 aydır dünyada ən ciddi təhlükə mənbəyi koronavirus bəlasıdır ( Dünyada bu virusdan 11 mindən çox şəxs ölüb.red). Belə bir reallıqda Azərbaycan vətəndaşının sağlamlığı prezident üçün 1 nömrəli məsələdir. Ona görə ölkə başçısının çox sərt ifadələr anlaşılandır”.

““Beşinci kolon” üzvləri “bəlkə də qaytardılar”, hakimiyyətə gəlmək düşüncəsi ilə yaşayırlar”

Elman Nəsirov-un fikrincə, “beşinci kolon”un üzvləri, radikal müxalifət dövlətin yanında olmalı, təkliflərlə çıxış etməlidirlər ki, Azərbaycana və xalqa dəyən zərbəni minimuma ebdirmək mümkün olsun:

“Sanki sevinirlər ki, koronavirus gəlib və bununla insanlar təşvişdə olacaq, süni şəkildə narazılıqlarını genişləndirib etiraz dalğası yaratmaq olar. Fikir verin, dövlət başçısı hansı məsələlərlə məşğul olur, milləti xilas etmək istəyir, belə bir durumda “beşinci kalon” üzvləri “bəlkə də qaytardılar”, hakimiyyətə gəlmək düşüncəsi ilə yaşayırlar. Bu, dönüklükdür, xəyanətdir və belə məqamlarda kim millətə qarşı dönüklük edirsə, onlar ictimai qınaq obyekti olmalıdırlar”.

XS
SM
MD
LG