Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:31

Bələdiyyə sədrindən prezidentə yazdı, polisə çağrıldı


Prezident İlham Əliyev sakinlərlə görüşür (arxiv fotosu)
Prezident İlham Əliyev sakinlərlə görüşür (arxiv fotosu)

Bələdiyyə sədrindən ölkə başçısına yazdığı şikayətə polis niyə qarışır, bax, bunu Xımıllı kənd sakini özü də başa düşə bilmir.

«Prezidentə bələdiyyənin, icra hakimiyyətinin işçilərindən yazdım. Dünən məni polis rəisi çağırdı».

Şahkərəm Zülfüqarov Qobustan rayonunun Xımıllı kəndində yaşayır. AzadlıqRadiosu-na danışır ki, ölkə başçısına kənd bələdiyyəsinin yüz hektarlarla torpaqları satmasından, kəndlilərin heyvandarlıqla və əkinçiliklə məşğul olmalarına əngəllər yaratmasından, yerli icra hakimiyyətinin də bu məsələlərdə bələdiyyəni himayə etməsindən yazıb. Yazdıqlarına Prezident Administrasiyasından cavab gözləməkdəykən, «sorağı» yerli polis şöbəsindən çıxıb:

«NİYƏ PREZİDENTƏ YAZDIĞIMI SORUŞDU»

«Mayın 3-də şöbədən zəng vurdular ki, «rəis səni görmək istəyir». Mən də durdum getdim. Dedi, «ay kişi, nə məsələdir, niyə yazırsan yuxarıya? Nə dərdin var, de, biz həll edək». Dedim, «dərdim bələdiyyə sədridir, 79 sot torpağımı 2013-cü ildən bu tərəfə hissə-hissə başqalarına satıb. Nə heyvandarlıqla, nə əkinçiliklə məşğul ola bilirəm. Ailəm acından ölür». Rəis də zəng vurdu, bələdiyyə sədri Namiq Mirzəyevi şöbəyə çağırdı. O da gələn kimi niyə prezidentə yazdığımı soruşdu. Sonra da əlini stola çırpıb dedi ki, “hamısı paxıllıqdandır, məni gözün götürmür”».

Şahkərəm Zülfüqarovun deməsinə görə, polis rəisi onu bələdiyyə sədri ilə barışdırmaq istəyib:

«Dedi, «barışın, a kişi, sən də heç yerə şikayət göndərmə, hər şey yaxşı olar». Dedim, “mənim bələdiyyə sədri ilə nə qohumluq, nə qonşuluq, nə dostluq münasibətim yoxdur ki, ondan küsəm. Torpağımı, haqqımı tələb edirəm. Onun min oyununa görə mənimki kimi nə qədər ailə ac qalıb. Qarşısına çıxan torpağı satır, pulunu qoyur cibinə”».

MÜNBİT TORPAQLARI SATIRLAR

Kəndlinin sözlərinə görə, bələdiyyə işçiləri münbit torpaqları qazıb satır:

«Gecə-gündüz qara, münbit torpaqları qazıyıb maşınlara doldurub aparırlar. Alt qatdakı şoran torpaqlar qalır. Hansı ki, o alt qat torpaqda heç nə bitmir. Ancaq dərd bununla da bitmir. Kənddən torpağı kənara daşıyan ağır maşınlar yolları pis günə qoyub. Prezidentin göstərişi ilə bu yollar təzə çəkilmişdi. Şüşə kimi yollar idi. Biz yığışıb şikayət edəndən sonra bələdiyyə sədri dağılan yerləri tələsik yamatdırdı».

Kəndli deyir, bələdiyyə ilə torpaq çəkişmələri davam etməsində, ailə isə bu arada aclıqla üz-üzə qalmaqdadır:

Gözlə

No media source currently available

0:00 0:02:16 0:00

«Dəfələrlə icra başçısının yanında olmuşam. Başa salmışam ki, oğlanlarım, qızlarım, onların ailələri, övladları – sayanda gedib 40 nəfərə çatırıq. Bu 40 nəfər də o torpaqdan dolanırdı. Deyib ki, «arxayın ol, yerini alıb qaytaracam özünə». 5-6 ay əvvəl yenə getdim yanına, demişəm ki, «torpağım onun-bunun istifadəsində, özüm ailəlikcə acından qırılıram». Dedi, “niyə acından ölürsüz ki, gedin məşğulluq idarəsinə müraciət edin, sizə iş versinlər». Mən də, övladlarım da sənədlərimizi toplayıb aparıb verdik məşğulluq idarəsinə, heç ordan da səs-soraq çıxmadı. Nə vaxt gedirik, deyirlər, «sizə uyğun iş yoxdur”».

«İCRA BƏLƏDİYYƏYƏ MÜDAXİLƏ EDƏ BİLMƏZ»

Qobustan rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, Şahkərəm Zülfüqarov bir neçə dəfə başçının yanına gəlib: «Hər dəfə başçı ona bildirib ki, bələdiyyənin işinə qarışa bilməz. Bələdiyyələr icra hakimiyyətinə tabe deyil. Vətəndaşı başa salıb ki, əgər hüquqları tapdalanıbsa, bunun üçün məhkəmə var. O ki qaldı iş məsələsinə, başçı özü onun ailə üzvlərinin məşğulluq mərkəzində qeydiyyata düşməsini məsləhət görüb. İş yoxdursa, başçı neyləsin?»

Qobustan bələdiyyəsi də ittihamları qəbul etmir. Bələdiyyədən bildiriblər ki, Şahkərəm Zülfüqarov özü torpaqlarını satıb. Ancaq sonradan peşman olub.

Qobustan rayon polis şöbəsinin növbətçi hissəsindən isə mayın 3-də Xımıllı sakininin şöbəyə çağrılma səbəbi barədə heç bir şərh verilmədi.

XS
SM
MD
LG