Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:22

Bakıda Türkiyə toyuqları qalmaqalı: 'Bakıya gəlsən, həbs ediləcəksən'


Vəkil Aslan İsmayilov və Ömür Oral. mart2017
Vəkil Aslan İsmayilov və Ömür Oral. mart2017

Azərbaycana toyuq məhsulları satan «Emre Piliç Gida Sanayi ve Ticaret Limited» şirkəti fırıldaqçılarla üzləşib.

Bu Türkiyə şirkətinin sahiblərindən biri – Ömür Oral martın 10-da Bakıda mətbuat konfransı keçirib. O, ötən ildən bəri təxminən 1,7 milyon ABŞ dollar məbləğində vəsaitin mənimsənilərək şirkətə ödənilmədiyini, bu fakta hüquq-mühafizə orqanlarının seyrçi qaldığını söyləyib.

2,1 milyon nağd pul Türkiyəyə necə ötürülüb?

Hər şey «Siyəzən Broyler» ASC-yə satılmış 3,8 milyon dollar dəyərində damazlıq yumurtanın 1,7 milyon dollarının ödənişinin gecikdirilməsindən sonra başlanıb. Müqavilə iki şirkət arasında bağlanılsa da, ödəniş işadamı, «Xəmsə-M» MMC-nin sahibi Mürvət Həsənli vasitəsilə aparılıb. Mətbuat konfransında məlum olub ki, pul Türkiyə tərəfinə bank vasitəsilə deyil, nağd şəkildə çatdırılıb.

«Bakıya gəlmə, həbs ediləcəksən»

Başına gələnləri jurnalistlərə açıqlayan Ömür Oral «Siyəzən Broyler» ASC-nin pulun hamısının onlara verildiyini bildirdiyini, amma qalıq məbləği vermək istəmədiyini deyib: «Biz qalıq məbləği tələb etdikdə, M. Həsənli broyler fabrikinin prezident İlham Əliyevin yaxın qohumlarına məxsus olduğunu bildirərək, «Bakıya gəlsən, həbs ediləcəksən» deyərək məni təhdid edib».

Buna da bax:​ 'Atropatena' 'Siyəzən-Broyler'-dən qovuldu

Damazlıq yumurta və ana sürüsü üçün cücə istehsalının 8 faizini Azərbaycana ixrac edən Türkiyə şirkəti pulunun geri alınması üçün hüququ yardıma ehtiyac duyub. Türkiyədə Aslan İsmayılovu məsləhət görüblər.

Onkologiya hara, toyuq hara...

Bakıda «Viza» hüquq firması və firmanın sahibi A. İsmayılovla anlaşma imzalanıb. Mətbuat konfransına qatılan Aslan İsmayılov borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini və bir həftədən sonra Milli Məclisin deputatı, Milli Onkologiya Mərkəzi direktorunun müavini Kəmaləddin Qafarovun ona zəng edərək görüşdüyünü bildirib. Deputat hüquqşünası iddianı geri götürmək üçün dilə tutub.

Borc etiraf olundu, cinayət işi batırıldı

«Mürvət Həsənlinin borcu tam ödəmədiyindən xəbər tutan «Siyəzən Broyler» ASC Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət edib.

Burada aparılan araşdırma zamanı Mürvət Həsənli borcu boynuna alıb. Ona 167 min dollarlıq güzəşt də edilib və 1,3 milyon dollar məbləğində «Borcun etirafı haqqında müqavilə» imzalanıb», - Aslan İsmayılovun sözləridir.

Buna da bax:​ 'Toyuq əti istehsalı azalıb' - Media icmalı

Hüquqşünasın sözlərinə görə, türk işadamı bu müqavilə ilə sanki tora salınıb: Borcu ödəməkdən yayınan M. Həsənli Azərbaycan mediasında «Emre Piliç» şirkəti, onun rəhbəri və səhmdarlarına qarşı qarayaxma kampaniyası başladıb. Prokurorluqsa «mülki mübahisədir» deyərək, dələduzluq faktı üzrə cinayət işi açmaqdan rəsmən imtina edib.

Məktublara cavab yoxdur

Aslan İsmayılov prezidentin köməkçisi Əli Həsənovun M. Həsənlini himayə etdiyini bildirib. Hüquq-mühafizə orqanlarına, prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanan müraciətlərə isə məhəl qoyulmur. Türkiyə səfirliyi bu borc qalmaqalını diqqətdə saxlasa da, hələlik, iş ölü nöqtədən tərpənməyib.

Hazırda M. Həsənli borcu ödəməyi düşünmür. Onun məhkəməyə müraciət edərək, «Emre Piliç» şirkətinə qarşı vasitəçilik xidmətlərinin göstərilməsinə görə 4,8 milyon dollar tələb etməsi belə bir düşüncənin olmadığını təsdiqləyir.

Pul qurtarıb, ona görə ödəmirlər

«Şirkətə olan borc elə məbləğdə deyil ki, onun xatirinə adları çəkilən yüksək rütbəli şəxslər iki ölkə arasında ticarət əlaqələrinin zəiflədəcək işin iştirakçısına çevrilsinlər. Bəlkə bu məsələdə bilmədiyimiz başqa məqamlar da var?».

Buna da bax:​ Türkiyədə çalışanlar vətənə qayıtmağa qorxur

AzadlıqRadiosu-nun həmin sualına cavabında Aslan İsmayılov daha ölkəyə əvvəlki həcmlərdə pul gəlmədiyini deyib. Onun fikrincə, bu səbəbdən böyük pullar xərcləməyə alışmış bu adamlar iş adamlarının vəsaitini mənimsəməklə, bunu kompensasiya etməyə çalışırlar.

O biri şəxs kimdir?

Mətbuat konfransında borcun manimsənilməsində əli olan digər şəxslərin adı çəkilməsə də, onların «Siyəzən Broyler» ASC-nin sənəd üzərində deyil, gerçək sahiblərinin olduğuna eyham vuruldu. Söhbət biri məhkəmə hakimiyyətinə nəzarət edən şəxs olmaqla, iki nəfərdən gedir.

Davamlı təhdidlər olsa da, Ömür Oral pulunu son qəpiyinədək geri almaq üçün bütün hüquqi vasitələrdən yararlanacağını vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG