Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:59

Azərbaycan hökumətindən 70 min manat təzminat tələb edən köçkün


Xəqani Abbasov Ağdam köçkünüdür. 2 övladı var.
Xəqani Abbasov Ağdam köçkünüdür. 2 övladı var.

“Prezidentə durmadan yazıram. Ölənəcən də yazacağam. Onsuz da bu şəraitdə çox yaşaya bilməyəcəyəm. Səhər uşaqlar yuxudan durub, üzümə baxıb, yemək istəyəndə, parça-parça olan ürəyim bir gün dayanacaq. Hiss edirəm ki, daha bu yükü daşıya bilmirəm. Nə qədər nisyə çörək aldığım mağazaların, apteklərin qarşısından utandığımdan qaça-qaça keçim? Nə qədər borclandığım qohumlarla küçədə rastlaşanda xəcalətdən ölüm-dirilim?..”.

23 ildir köhnə inzibati binada yaşayır

İllərdir dərdini içinə yığan adamın əlinə müxbir keçib. Telefon xəttinin o başından gələn səs boğulur, sanki...

Buna da bax:​ Pirşağıda məcburi köçkünlər etiraz edir

Xəqani Abbasov Ağdam köçkünüdür. 2 övladı var, 23 ildir Yevlaxdakı köhnə inzibati binalardan birində məskunlaşıb. Problemlər məngənəsində çırpınması onu, deyəsən, canından bezdirib.

Xəqani Abbasov azyaşlı övladlarını böyüdə bilmədiyini deyir. Yana-yana, onların ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirir. Evsizlik, işsizlik, kommunal xərclər, dövlət qayğısının yetərsizliyi, üst-üstə yığılan borclar... Qısası, problemləri sadalamaqla bitmir (dediyindən belə çıxır):

“Qaz, su yoxdur...”

“Bu bina qəzalıdır, qaz, su yoxdur. Ümidimiz təkcə işığadır. Donmamaq üçün elektrik qızdırıcısı-filan qoşuruq. Köçkün kimi 27 manat limit verilir, qaz olmadığından, elektrik işlədirik deyə, limiti aşırıq. İndi də qəbz gətiriblər ki, işıqpulu 300 manatı keçib. Deyirlər, işığı elə işlədin ki, limiti aşmayın. İndi sizə yaşadığım şəraiti çəkib göndərəcəyəm. İki uşağı göz görə-görə soyuqdan dondurub aparıb basdırmalı deyiləm ki...”.

Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

Bu bina qəzalıdır, qaz, su yoxdur...
Bu bina qəzalıdır, qaz, su yoxdur...

Xəqani Abbasova, ara-sıra, Rusiyada yaşayan qohumları yardım əlini uzadarmış, ancaq... Ancaq son vaxtlar o əllər də “kəsilib”. Səbəb qohumların özünün də maddi durumunun ürəkaçan olmaması – Rusiyanın heç də qibtə edilməyən iqtisadi durumudur.

Son “dayanacaq”

Köçkün, əli hara çatırsa, oraya giley-güzarını yazıb göndərir - ölkə başçısına, Baş Prokurorluğa, icra hakimiyyətinə... Yazdıqlarının da son “dayanacağı” “Qaçqınkom” olur. Məktublar bu quruma araşdırılmağa göndərilir. Di gəl, köçkünün iddiasına görə, qurum indiyədək onun vəziyyəti ilə heç maraqlanmayıb da.

Buna da bax:​ 'Şikayətə başladım, 4 gün sonra vaqonu yandırdılar'

Əlqərəz, köçkün Azərbaycan hökumətindən 23 ildə ona dəyən maddi və mənəvi zərərə görə 70 min manat təzminat tələb edir:

“Qohumlarım olmasaydı... ailəlikcə məhv olmuşduq”

“Sovet hökuməti dağılandan sonra bu binaya gələn qaz xəttini kəsib qonşu kəndə sataraq, bizi soyuqda qoyublar. Məmurların acgözlüyü üzündən 23 ildir ki, canımızı isitməyə odun alıram. Suyu kəsiblər, rayon mərkəzindən maşınla su gətirirlər, pulla alıram. Dediyim kimi, qohumlarım olmasaydı, indiyədək ailəlıikcə məhv olmuşduq. Guya qaldığım yerə qaz verilir, mənə ayrılan qaz limitini 23 ildir “Qaçqınkom”da mənimsəyirlər. Uşağım anadan qüsurlu doğulub, köçkün kimi hökumət indiyədək bir manat da əl tutmayıb, müalicələrini özüm eləmişəm. İş verməyib, ac-susuz qalmışam. Halbuki, məmurlar köçkünün adından büdcədən milyonlar silib ciblərinə qoyublar. İndi o milyonlardan gətirib 70 min manat təzminat ödəsinlər. Hələ mən mənəvi zərbəyə görə təzminatı sonraya saxlayıram”.

Buna da bax:​ Bələdiyyə deyir kəndlilər, kəndlilər deyir bələdiyyə edir...

“Qaçqınkom” nə deyir?

Qaçqın və Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən “Qaynar xətt”ə bildirilib ki, başqaları kimi, köçkün Xəqani Abbasov da qanunda nəzərdə tutulmuş bütün imtiyazlardan istifadə edir. Növbəsi çatanda o da köçkünlərə tikilən şəhərciklərdən birinə köçürüləcək.

Hüquqşünas nə deyir?

Hüquqşünas Vaqif Alıyev deyir, köçkün təzminat iddiasını prezidentə və başqa qurumlara yox, məhkəməyə ünvanlamalı idi: “Əslində, köçkünün tələbi haqlıdır. O, ayrılmış qaz limitinin mənimsənildiyinin həqiqiliyinə əmindirsə, övladının müalicə xərclərini özü çəkibsə, göstərdiyi digər hallar həqiqətə uyğundursa, məhkəmədə iddia qaldıra bilər”.

Buna da bax: 'Dayaqları məftillərlə sarımışıq ki, körpü aşmasın'

Hüquqşünas onu da bildirib ki, yerli məhkəmələr köçkünün iddiasını təmin etməsə, sözügedən köçkün təzminatın alınmasına Avropa İnsan Haqları Məhkəməsində nail ola bilər.

XS
SM
MD
LG