Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:03

Prezident problemli kreditlərdən danışdı


Müşavirə
Müşavirə

«Bu il biz minimum əməkhaqqını əhəmiyyətli dərəcədə artırdıq - 38 faiz. Bu, böyük artımdır, 130 manatdan 180 manata qalxıb. Bu, 600 min insanı əhatə edir. Ancaq o da həqiqətdir ki, bu rəqəm bizi heç də razı sala bilməz. Ona görə müvafiq göstərişlər verildi ki, minimum əməkhaqqının gələcək artımı ilə bağlı təkliflər hazırlansın».

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev fevralın 25-də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bildirib.

Dövlət başçısı qeyd edib ki, bu il minimum pensiyalarla bağlı da çox ciddi qərar qəbul edilib: «Minimum pensiyaların məbləği də təxminən 38 faiz, bir qədər çox artmışdır - 116 manatdan 160 manata qədər. Bu gün minimum pensiyanın səviyyəsinə görə Azərbaycan MDB məkanında ikinci yerdədir. Ancaq onu da bilməliyik ki, bu, son hədd deyil».

Prezident habelə çıxışında deyib ki, manatın məzənnəsi bir ildən çoxdur sabit olaraq qalır, inflyasiya ən aşağı səviyyədədir.

Dövlət başçısı əlavə edib ki, artıq bir neçə aydır ciddi sosial paket üzərində iş aparılır: «Minimum əməkhaqqının, minimum pensiyanın, tələbələrin təqaüdlərinin artırılması, digər ödənişlərin verilməsi bütün böyük sosial paketin tərkib hissəsidir. Eyni zamanda, sosial müavinətlərlə bağlı olan məsələ də öz həllini tapacaq. Sosial müavinətlər çox əhəmiyyətli dərəcədə artırılacaq».

Prezident vurğulayıb ki, problemli kreditlərdən əziyyət çəkən vətəndaşların da sayı müəyyən edilsə, təqribən 2 milyon 200 min əhali dövlətin sosial təşəbbüslərinin icrasından böyük dərəcədə faydalanacaq.

İ.Əliyev deyib ki, vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlıdır: «Bu məsələ artıq neçə vaxtdır ki, müzakirə olunur. Hökumət üzvlərinə müvafiq göstərişlər verilmişdir. Keçən ildən başlayaraq çox fəal iş aparılır, təkliflər paketi hazırlanır. Bilirəm ki, Milli Məclisdə də bu məsələ müzakirə olunur. Müxtəlif təkliflər səsləndirilir. Əlbəttə, biz istəyirdik ki, bu məsələ ciddi ictimai diskussiyalara da səbəb olsun və buna nail olduq. Ancaq deyə bilərəm ki, bu məsələ ilə son mərhələdə işçi qrupu çox ciddi məşğuldur. İki aydan çoxdur ki, təkliflər üzərində iş aparılır. Bu, o qədər də sadə məsələ deyil».

Prezident İ.Əliyev daha sonra da həmin məsələ ilə bağlı əlavə edib: «Deyə bilərəm ki, bir neçə ay ərzində aparılan çox ciddi müzakirələr artıq nəticəyə gəlməyə şərait yaradır. Ümid edirəm ki, biz bu təhlilin son mərhələsindəyik. Ümid edirəm ki, yaxın gələcəkdə bu məsələ də öz həllini tapacaq və Azərbaycan bu məsələnin həlli ilə bağlı da öz liderliyini göstərəcək və çox ciddi nümunə göstərəcək. Çünki biz bilirik ki, buna oxşar addımların atılması ilə bağlı bəzi ölkələrdə müvafiq qərarlar qəbul edilmişdir, ancaq onlar icra edilməmişdir. Yəni, burada xoş niyyətin olması əsas şərt deyil. Burada, əlbəttə ki, düzgün təhlilin aparılması və vətəndaşlar üçün ən məqbul variantın seçilməsidir. Əlbəttə ki, bizim buna maliyyə imkanlarımızın çatması məsələsi də ön plandadır. Bu gün, sadəcə olaraq, anons vermək istəyirəm ki, bu məsələ artıq yekunlaşmaq üzrədir».

Xatırlatma

2015-ci ildə (fevral və dekabr aylarında) baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirdi. Bundan sonra problemli kreditlər məsələsinin aktuallaşdığı ilə bağlı məlumatlar yayıldı. Konstitusiya Məhkəməsi iki dəfə bu məsələyə baxsa da, xarici valyutada götürülən kreditlərin əvvəlki məzənnə ilə qaytarılmasına əsas görməmişdi. Hazırda Azərbaycanda problemli kreditlərin həcminin 1.6 milyard manat olduğu bildirilir.

Müxalifəti təmsil edən Milli Şura da yaxın günlərə planlaşdırılan aksiyalarının tələbləri sırasına problemli kreditlərlə bağlı əhaliyə güzəşt olunması məsələsini daxil etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG