Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:50

'Devalvasiya qərarını dövlət veribsə, məsuliyyəti də götürməlidir'


Bakıda valyutadəyişmə məntəqəsi. 2011
Bakıda valyutadəyişmə məntəqəsi. 2011

Hakimiyyət təmsilçiləri könülsüz də olsa, 5 ildir haqqında danışılan problemli kreditlərlə bağlı məsələyə baxıldığını, hökumətin Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına uyğun tapşırıqlar verdiyini deyirlər. Problem necə həll olunacaq, banklar nə təklif edirlər?

Banklar cavab vermir

Hələ bir həftə öncə AzadlıqRadiosu 15-dək banka problemli kreditlərlə bağlı suallar göndərib. Suallar belədir:

Problemli kreditlər sizin kredit biznesinizə necə təsir göstərib?

Problemin yoluna qoyulması üçün bank müştərilərinə necə yardımçı olur?

Hökumətin problemə müdaxiləsinə onlar necə baxırlar?

Bir həftə ərzində suallar ikinci dəfə göndərilsə də, banklardan hər hansı cavab gəlməyib.

Problemli kreditlərin həll olunması məqsədilə ötən ilin sonunda REAL Partiyası imza toplayaraq hökumətə müraciət etmişdi. Bu həftə fevralın 23-də mitinq keçirmək istəyən Milli Şuranın da tələblərindən biri bu haqda olmalı idi. Elə bundan sonra hakimiyyət təmsilçiləri, əvvəl prezidentin köməkçisi Əli Həsənov, daha sonra hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov bu mövzuda danışmağa başladı.

Deputat dedi ki, məsələ araşdırılır. Amma bir izahat da verdi: «...kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıbsa, buna yanaşma fərqli olmalıdır. Amma digəri əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Burada yanaşma tam fərqli olmalıdır».

N.Cəfərli
N.Cəfərli

«Hökumət devalvasiya qərarını vətəndaşla məsləhətləşərəkmi vermişdi?»

REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli bu yanaşmanı adil saymır. Onun sözlərinə görə, devalvasiya qərarını Mərkəzi Bank, dövlət veribsə, məsuliyyəti də üzərinə götürməli və vətəndaşa dəyən ziyanı özü qarşılamalıdır.

«2015-ci ildə hökumət devalvasiya qərarını vətəndaşla məsləhətləşərəkmi və ya qanuni şəkildəmi vermişdi? Təbii ki, yox. Bir gecəlik qərar idi. Birinci dəfə 34-35, ikinci dəfə 47-48 faizlik devalvasiya olub. Burda vətəndaşın günahı yoxdur, axı. Lap özünə maşın almaq üçün dolların məzənnəsi 78 qəpik olanda xarici valyuta ilə kredit götürüb. Bir ildə onun krediti iki dəfə bahalanıb. Burda vətəndaşın günahı yoxdur», – iqtisadçı söyləyir.

N.Cəfərlinin sözlərinə görə, Azərbaycanda real bazar iqtisadiyyatı olsaydı və valyuta birjası fəaliyyət göstərsəydi, məzənnə birjalarda müəyyənləşdirilsəydi, bu zaman vətəndaşı riskə getməkdə, kredit götürməkdə qınamaq olardı.

«Azərbaycanda məzənnə inzibatidir və bir gecəlik qərarla dəyişirsə, məsuliyyəti də qərar verən dövlət daşımalıdır», – iqtisadçı bildirir.

«Problemli kreditlərin həcmi 3 faiz olanda həyəcan təbili çalınır»

N.Cəfərli deyir ki, başqa ölkələrdə problemli kreditlərin həcmi 3 faiz olanda həyəcan təbili çalınır və proqram qəbul edilir: «3 faiz kritik həddir. Bizdə rəsmi rəqəmlərə görə, 17 faizə çatır. Yəni Azərbaycanda problemli kreditlərin həcmi dünyada qəbul edilmiş normadan 6-7 dəfə çoxdur. Əslində, devalvasiyadan sonra problemi məsuliyyəti üç yerə – bank, dövlət və vətəndaş arasında bölünməsi prinsipi ilə həll etmək olardı. Amma çox təəssüf ki, o zaman hökumət buna getmədi. O zaman problemli kreditlərin həcmi 4-5 faiz idi, amma indi 16-17 faizə çatıb. Bu, həm bankların, həm də vətəndaşların üzərində yükdür. Məhkəmələrdə işlərin 65-70 faizi problemli kreditlərlə bağlıdır».

N.Əliyev
N.Əliyev

AXCP İdarə Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev də hakimiyyətin yanaşmasını doğru saymır: «Vətəndaş kreditə görə faiz dərəcələrinin soyğunçu xarakter almasına cavabdeh deyil. Və yaxud vətəndaş haradan bilməliydi ki, dövlət başçısı maliyyə naziri və Mərkəzi Bankın müdiriylə günlərin bir günü birləşib milli valyutanı kəskin şəkildə dəyərdən salacaq. Nə dəxili var o istehlak krediti götürüb ev alıb, ya maşın alıb, ya da biznesini inkişaf etdirib? Bu məsələdə ayrıseçkilik yolverilməzdir. İnsanları differensiallaşdırmaq olmaz».

«Ən ədalətli, ən düzgün qərar bu olardı ki...»

N.Əliyev hesab edir ki, bu məsələdə hökumət yanlışını düzəltməlidir, problemli kreditlər dövlət hesabına bağlanmalıdır.

«Ən ədalətli, ən düzgün qərar bu olardı ki, həmin kreditlər devalvasiya qərarı verənlərin vəsaiti hesabına bağlansın. Bunun dövlət vəsaiti hesabına edilməsinə mən də razı deyiləm. Amma bu mümkün olmayanda, heç olmasa, Dövlət Neft Fonduna neft satışından daxil olan milyardlar hesabına həll olunmalıdır. Bu da münasib yoldur», – o bildirir.

Hər iki iqtisadçı da düşünür ki, hökumət əvvəl-axır bu məsələni həll etməli olacaq, çünki sözügedən problem ölkədə 700 min insanı əhatə edir. Həmin rəqəm isə artıq 2 milyard manata yaxınlaşmaqdadır. Amma hökumətin təklif edəcəyi çıxış yolu necə olacaq, iqtisadçıların öz sözləri ilə desək, «kosmetik şəkildə, ya kökündən» həll ediləcək bu barədə danışa bilmirlər.

V.Əhmədov
V.Əhmədov

V.Əhmədov: «Kredit məsələsi müsbət həll olunacaq, müəyyən güzəştlər ediləcək»

Problemli kreditlərin məsələsini vaxtaşırı gündəmə gətirənlərdən biri də deputat Vahid Əhmədovdur. O, həmkarı Əli Məsimli ilə hökumətə öz təkliflərini də təqdim edib. Onun sözlərinə görə, təklif verən təkcə onlar deyil, hökumətin rəsmi qurumları da əliboş deyillər: «Biz öz təkliflərimizi vermişik, bundan başqa, Maliyyə Bazarına Nəzarət Palatasının öz təklifi var, Mərkəzi Bankın öz təklifi var, Maliyyə Nazirliyinin də öz təklifi. İndi hökumət yığışıb o təkliflərə baxar. Əsas odur ki, dövlət başçısının məsələyə baxılması ilə bağlı göstərişi var. Bu təkliflərlə bağlı müzakirə aparılmalıdır, hesablamalar aparılmalıdır, nə qədər vəsait tələb olunur, ondan başqa vəsait haradan cəlb edilməlidir və s.».

V.Əhmədov rəsmi qurumların təklifləri haqda danışmır. Amma deputat həmkarı ilə problemli kreditin dörd yerə bölünməsini təklif etdiklərini söyləyir: «10 min dollara qədər olan kreditin bu sxem üzrə ödənməsini təklif edirik: Mərkəzi Bank, bank, dövlət, əhali arasında bölüşdürülsün. Hərənin üzərinə 25 faiz düşür. Təklif var ki, ehtiyacı olanların, ünvanlı sosial yardım alanların, müharibə veteranlarının borcu silinsin».

O ki qaldı deputat S.Novruzovun dediklərinə, V.Əhmədov onun fikrində həqiqət payı olduğunu düşünür: «Elə insan var 1000, 2000, 5000 dollar götürüb, amma biznes qurmayıb, başqa işə xərcləyib, əşya alıb və s. Yenə deyirəm, buna baxılmalıdır».

Deputatın fikrincə, artıq 5 ildir gündəmdə olan, maliyyə bazarına mənfi təsir göstərən bu problemi həll etmək lazımdır, bu, bank sisteminin sağlamlaşdırılmasından ötrü vacibdir.

«Belə hesab edirəm ki, problemli kreditlər müsbət həll olunacaq və müəyyən güzəştlər ediləcək», – deputat belə güman edir.

Xatırlatma

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat dollar qarşısında iki dəfə dəyər itirib.

Rəsmi məlumatlara görə, bu ilin əvvəlində vaxtı keçmiş kreditlərin həcimi 1.6 milyard manata yaxın olub. Bu müddət ərzində Konstitusiya Məhkəməsi iki dəfə problemli kreditlər məsələsi ilə bağlı müraciətə baxıb. Amma devalvasiyalardan əvvəl xarici valyutada götürülən kreditlərin mövcud məzənnə ilə qaytarılmasını əsaslı sayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG