2026, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:42

Kürmük məbədində ibadətə icazə verilməyib. 'Təhlükəsizliklə bağlıdır'

Kürmük məbədi
Kürmük məbədi

Noyabrın 23-də Qax rayonunda polis əməkdaşları Müqəddəs Georgi bayramı münasibətilə Kürmük məbədini ziyarət etmək istəyən pravoslav dindarların qarşısını aldıqları bildirilir.

Gürcüstanın “Dedoplistskaro” televiziyasının yaydığı görüntülərdə adamların məbədə gedən yolun başlanğıcında, dağın ətəyində toplaşdıqları görünür. Əllərində şam tutan şəxslər polislərə etiraz edirlər.

“Gürcüstan da günahkardır. Nə yepiskop var, nə patriarx, nə də keşiş”, – görüntülərdəki şəxslərdən birinin belə dediyi eşidilir.

Televiziyanın məlumatına görə, ildə iki dəfə dindarların üzünə açılan məbədə gedən yol bu dəfə arxeoloji qazıntılar səbəbindən bağlanıb.

AzadlıqRadiosunun Azərbaycan xidməti baş verənlərlə bağlı Daxili İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib. Mədəniyyət Nazirliyi əvvəlcə sorğunun qəbul edildiyini bildirsə də, sonradan həmin mesajı silib. Hələlik, hər üç qurumdan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Deputat: “Bu, dini ziyarətlərin qadağan edilməsi kimi təqdim olunmamalıdır”

Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə AzadlıqRadiosuna deyib ki, məbədə girişin məhdudlaşdırılması abidənin qorunması və ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Deputatın sözlərinə görə, hazırda məbədin ərazisində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti arxeoloji tədqiqat və konservasiya işləri aparır: “Bu, dini ziyarətlərin qadağan edilməsi kimi təqdim olunmamalıdır. İşlər başa çatdıqdan sonra ziyarətlərin əvvəlki qaydada davam etdirilməsi nəzərdə tutulur”.

A.Əlizadə Azərbaycanda gürcü icmasının nümayəndələrinin dini etiqad azadlığından sərbəst istifadə etdiklərini bildirir. “Kürmük məbədi qədim Qafqaz Albaniyası irsinin tərkib hissəsi və Azərbaycanın zəngin mədəni irsinin nümunəsidir”, – deyən deputat məsələ ətrafında “süni gərginlik” yaradılmasını düzgün saymır, Azərbaycan və Gürcüstanın həm qonşu, həm də strateji tərəfdaş ölkələr olduğunu vurğulayır.

“Nə üçün məhz bayram günündə?”

Sosial elmlər üzrə fəlsəfə doktoru Cavid Əsədov isə AzadlıqRadiosuna deyib ki, dindarların məhz dini bayram günündə məbədə buraxılmaması Azərbaycan hakimiyyətinin bəyan etdiyi multikulturalizm siyasəti fonunda suallar doğurur. Azərbaycanda etnik və dini azlıqlara yönəlik dövlət siyasəti üzrə tədqiqatçı olan C.Əsədovun sözlərinə görə, hakimiyyət beynəlxalq tədbirlədə və hesabatlarda ölkədə qeyri-müsəlman dini icmalarının maneəsiz ibadət edə bildiklərini bildirir: “Lakin hazırda yayılan videodan, kadrlardan görünür ki, həmin etnik qrupların, konkret olaraq, gürcülərin öz xüsusi günlərində, bayramlarında kilsələrinə çıxışı məhdudlaşdırılır”.

Cavid Əsədov
Cavid Əsədov

C.Əsədovun sözlərinə görə, dövlət öz addımlarında etnik azlıqların dini və mənəvi dəyərlərini nəzərə almalıdır: “Burada müəmmalı olan məqam ondan ibarətdir ki, məhz nə üçün bu günlərdə, yəni bayram ərəfəsində onların məbədə çıxışı qadağan olunur? Düşünmürəm ki, Azərbaycan hökuməti bunun necə reaksiyaya səbəb olacağını bilməyəcək qədər sadəlövh olsun”.

Tədqiqatçı bir ehtimal kimi Azərbaycanın Gürcüstan hökumətindən hansısa istəyinin olduğunu, onun gerçəkləşməsinə nail olmaq üçün belə bir addım atdığını istisna etmir.

Kürmük məbədi ilə bağlı diplomatik mübahisə

Gürcüstan dövləti və Patriarxlığı Kürmük məbədini gürcü tarixi və dini irsinin abidəsi, Azərbaycan hakimiyyəti isə Qafqaz Albaniyasının mədəni irsinin bir hissəsi hesab edir.

Kürmük məbədində arxeoloji qazıntıların aparıldığı bu ilin sentyabrında məlum olub. Gürcüstan Patriarxlığı məbəddə aparılan işlərdən narahatlığını ifadə edib, gürcü mütəxəssislərin də prosesə cəlb olunmasını istəyib. Qurum yaranmış vəziyyətin iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Patriarxlığın bəyanatına etiraz edib, məbədin yerləşdiyi ərazinin “tarixi Hereti” adlandırılmasını Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı ərazi iddiası kimi qiymətləndirib. Nazirlik Gürcüstan Patriarxlığını erməni kilsəsinin yanaşmasını təkrarlamamağa və iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

Gürcüstan rəsmiləri də Qaxda olublar

Noyabrın 23-də Qax-İngiloy kəndindəki Müqəddəs Georgi adına kilsədə keçirilən dini ayində Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze və Gürcüstanın Azərbaycandakı səfiri Giorgi Zakaraşvili də iştirak ediblər. Agentliyin yaydığı məlumatda dindarların Kürmük məbədinə buraxılmamasından bəhs edilməyib. AzadlıqRadiosunun gürcü xidmətinin məsələ ilə bağlı agentliyə və onun rəhbərinə ünvanladığı suallar cavabsız qalıb.

Ayaqyalın çıxılan məbəd

No media source currently available

Noyabrın 11-də Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstan səfiri ilə görüşündə Azərbaycanda gürcü pravoslav dini icmalarının fəaliyyəti üçün şərait yaradıldığını bildirmişdi. AzadlıqRadiosunun gürcü xidməti noyabrın 12-də Azərbaycan XİN-dən həmin görüşdə Kürmük məbədi məsələsinin müzakirə olunub-olunmadığını soruşsa da, cavab ala bilməyib.

Noyabrın 24-də Zaza Vaşakmadzenin Ramin Məmmədovla görüşü, eləcə də Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilinin Azərbaycana səfəri nəzərdə tutulub. Bu görüşlərdə Kürmük məbədi məsələsinin müzakirə edilib-edilmədiyi hələlik, bəlli deyil.

Məbəddə ibadətə əvvəllər də məhdudiyyətlər qoyulub

Kürmük məbədi ildə iki dəfə - mayın 6-da və noyabrın 23-də Müqəddəs Georgi bayramı münasibətilə dindarların üzünə açılırdı. Bu ilin mayında da məbəddə ənənəvi Kürmükoba bayramı keçirilib.

Kürmük məbədində ibadətlə bağlı məhdudiyyətlər əvvəllər də Azərbaycanla Gürcüstan arasında fikir ayrılığına səbəb olub. 2007-ci ildə məbədin bağlanması barədə məlumatlar yayılsa da, Azərbaycan bunu rəsmən təkzib etmişdi.

Dini etiqad azadlığı məsələlərini işıqlandıran “Forum 18” 2011-ci ildə gürcü pravoslav keşişinin Azərbaycandan deportasiya edildiyini, 2015-ci ildə isə onu əvəz edən keşişin ölkəyə yenidən girişinə icazə verilmədiyini yazıb. Nəticədə iki gürcü pravoslav dini icması təxminən bir il daimi keşişsiz qalıb.

2019-cu ildə Azərbaycanda keçirilmiş əhalinin siyahıyaalınmasının nəticələrinə görə, ölkədə 8 min 400 etnik gürcü yaşayır. Onlar əsasən Qax, Zaqatala və Balakən rayonlarında məskunlaşıblar.

​
XS
SM
MD
LG