Ukraynada məhkəmə keçmiş prezident Petro Poroşenkonun həbs olunmasıyla bağlı prokurorluğun vəsatətini rədd edib. Keçmiş prezident vətənə xəyanət ittihamını siyasi motivli hesab edir.
Yanvarın 19-da Kiyevdəki Peçersk Rayon Məhkəməsi yaxınlığında Poroşenko tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Məhkəmə Poroşenkonun həbsinə qərar verməyib, amma o, prokuror və müstəntiqlərin çağırışlarına cavab verməli, onların qarşısına çıxmalıdır. Qərarda Poroşenkonun pasportunu təhvil verməsi də nəzərdə tutulur.
***
Ukraynanın keçmiş prezidenti Petro Poroşenko ölkəsinə qayıdıb.
“Biz buraya Poroşenkonu müdafiə etməyə yığışmamışıq. Biz Ukraynanı müdafiə etməyə gəlmişik”, – o, Kiyev aeroportuna yığışmış tərəfdarlarına deyib.
“Biz Ukraynanın güclü olduğunu, Rusiya Prezidenti Vladimir Putinin təcavüzünə qarşı dayana bildiyini göstərmək üçün birləşməliyik”, – dekabrdan bəri ölkədə olmayan Poroşenko vurğulayıb.
Keçmiş prezidentin tərəfdarlarından bəziləri “Bizə demokratiya lazımdır”, “Repressiyaları dayandırın” şüarları yazılmış plakatlar qaldırıblar.
Ukraynanın Dövlət Təhqiqatlar Bürosu (DBR) isə bildirib ki, keçmiş prezidentə məhkəməyə çağırış vərəqəsi göndərmək istəyir, o isə sənədləri götürməkdən imtina edir.
Yanvarın 17-də Kiyev məhkəməsi Poroşenkonun haqda istintaq və məhkəmə dövründə həbsdə qalıb-qalmaması barədə qərar çıxarmalıdır.
***
Keçmiş prezident Petro Poroşenko yanvarın 17-də Ukraynaya qayıdır. O özünə qarşı irəli sürülmüş vətənə xəyanət ittihamlarını indiki Prezident Volodimir Zelenskinin müttəfiqlərinin siyasi motivli hücumu hesab edir.
Dekabrdan ölkə xaricində olan Poroşenko yanvarın 16-da Varşavada mətbuat konfransı keçirib. O, bir gün sonra Polşa paytaxtından Kiyevə uçmağı planlaşdırır.
56 yaşlı keçmiş prezident, hazırda deputat və müxalifətdə olan Avropa Həmrəylik partiyasının lideri vətənə xəyanətdə ittiham olunur. Onun vəzifədə olduğu 2014-15-ci illərdə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların kömür satmasına kömək etdiyi iddia olunur.
“Ukrayna üçün savaşmağa qayıdıram”
Poroşenko və partiyası isə ittihamları rədd edir, Zelenskini Rusiya aqressiyasına qarşı milli vəhdət gərəkdiyi bir vaxtda siyasi təqiblə məşğul olmaqda suçlayır.
“Mən Ukraynaya Ukrayna üçün savaşmağa qayıdıram, Zelenski ilə savaşmağa deyil”, – Poroşenko Varşavada jurnalistlərə deyib.
“Məncə, bu, indiki rəhbərliyin ölkəni parçalamaq və birliyi pozmağa yönəlik çox məsuliyyətsiz addımıdır”, – o vurğulayıb.
Ukraynanın ən varlı biznesmenlərindən olan Poroşenko Kiyevə çatan kimi həbs olunacağına inanmadığını söyləyib.
Yanvarın 6-da Kiyevdə məhkəmə vətəndə xəyanət ittihamı üzrə təhqiqat çərçivəsində Poroşenkonun əmlakını müsadirə edib. Ötən ay isə müstəntiqlər məhkəmə qarşısında onun həbsinə dair vəsatət qaldırıblar. Vəsatətdə Poroşenkonun 1 milyard qrivna (37 milyon dollar) müqabilində girovluğa buraxmaq ehtimalı da nəzərdə tutulub.
Hesab çürütmək?
Poroşenko 2014-cü ilin xalq etirazlarından sonra qərbyönlü hökumətin başçısı seçilib. Bu etirazlar Rusiyanın dəstəklədiyi prezident Viktor Yanukoviçin devrilməsilə nəticələnib. Rusiya həmin il Krım yarımadasını ilhaq edərək Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb.
Zelenski isə 2019-cu il seçkisində korrupsiya ilə mübarizə, oliqarxların təsirini məhdudlaşdırmaq vədləri ilə qalib gəlib.
Poroşenkoya qarşı iddialar Zelenski və müttəfiqlərinin hesab çürütməsi sarıdan yerli və beynəlxalq miqyasda narahatlığa səbəb olub.
Bu arada Rusiyanın Ukrayna ilə sərhədə qoşun cəmləməsi Vladimir Putinin bu ölkəyə hücum planlaşdırmasıyla bağlı ehtimallara yol açıb.
“İndiki məqamda, mənə elə gəlir ki, Ukraynanın bütün siyasi liderləri birlik nümayiş etdirməli, qütbləşmə yarada biləcək addımlardan çəkinməlidirlər”, – Britaniyanın Ukraynadakı səfiri Melinda Simmonz yanvarın 15-də tvitində yazıb.