Polşanın Müdafiə Nazirliyi bəyan edib ki, Belarusun iki helikopteri sərhədi pozaraq ölkənin hava məkanına daxil olub.
Varşava bildirir ki, bu insident barədə NATO-ya məlumat verilib:
"2023-cü il, avqustun 1-də Polşa hava məkanının sərhəd yaxınlığında hərbi təlim keçən iki Belarus helikopteri tərəfindən pozulması baş verib. Sərhəd keçilməsinin Beloveja rayonunda, aşağı yüksəklikdə baş verməsi bunun radiolokasiya sistemləri tərəfindən aşkarlanmasını çətinləşdirib”.
Polşanın müdafiə naziri Mariuş Blaşşak insidentdən dərhal sonra sərhəddəki Polşa qoşunlarının sayının artırılmasını əmr edib. Sərhədə əlavə qüvvələr, o cümlədən hücum helikopterləri göndərilib.
Polşa XİN bildirmişdi ki, Belarusun müvəqqəti işlər müvəkkili hadisə ilə bağlı nazirliyə dəvət olunacaq.
Varşava bunu da bildirir ki, son vaxtlar Belarus və Rusiya “Polşa Respublikasına qarşı hibrid fəaliyyətlərini fəallaşdırıblar”.
Belarus helikopterlərinin Polşa hava məkanına girməsini bundan əvvəl SluzbyiObywatel layihəsinin təhlilçiləri xəbər vermişdilər.
Belarusun Müdafiə Nazirliyi iyulun 20-də bildirmişdi ki, ölkənin silahlı qüvvələri Rusiyada yarımçıq qiyamdan sonra Belarusa köçürülmüş Vaqner özəl hərbi şirkətinin muzdluları ilə birgə hərbi təlim keçirəcək.
Təlimin Brestsk poliqonunda, Polşa sərhədinin bilavasitə yaxınlığında keçiriləcəyi bildirilirdi.
Polşa Müdafiə Nazirliyi buna cavab olaraq bəyan etmişdi ki, hökumət Belarusla sərhəddəki vəziyyəti ciddi nəzarət altında saxlayır və “istənilən ssenarilərə hazırdır”.
Bundan üç gün sonra Belarusun avtoritar başçısı Alyaksandr Lukaşenka Rusiya prezidenti Vladimir Putinlə Sankt Peterburqda keçirilmiş görüşü zamanı iddia etmişdi ki, guya vaqnerçiləri Varşavaya yürüşdən güclə saxlayır.
Lukaşenka avqustun 1-də bu sözlərin zarafat olduğunu bildirsə də, iddialarını yenidən dilə gətirib.
Polşa ordusunu gücləndirir
Polşa hökuməti bundan əvvəl bəyan etmişdi ki, Belarusda Vaqner dəstəsi döyüşçülərinin yerləşdirilməsi ilə bağlı təhlükəyə görə ölkə ordusunun sayını artıracaq.
Baş nazirin müavini Yaroslav Kaçinski deyib ki, əvvəllər üç diviziyadan ibarət Polşa ordusunun 6 diviziyası olacaq.
O habelə qeyd edib ki, hökumət hazırda köhnə hərbi hissələrin bərpası və yenilərinin yaradılması üzərində işləyir.
Kaçinskinin sözlərinə görə, Polşa bu yaxınlarda raket divizionunu bərpa edib. Bu divizion ABŞ-ın Hımars raketləri ilə silahlandırılıb.
“Suvalki arakəsməsi”
CNN yazır ki, helikopterlərin sərhədi “Suvalki arakəsməsi” kimi tanınan ərazidə baş verdiyi düşünülür.
60 kilometrlik bu torpaq zolağı Rusiyanın Kalininqrad eksklavını onun müttəfiqi Belarusun ərazisi ilə birləşdirir.
Məhz bu səbəbdən də bu ərazi həm NATO və Avropa İttifaqı, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır.
Bu, həm də Baltikyanı ölkələrlə Avropa İttifaqı ərazisini birləşdirən yeganə torpaq yoldur.
Ötən həftə Polşanın baş naziri Mateuş Moravetski demişdi ki, Vaqner muzdluları Belarusun Qrodno şəhərindən keçərək Suvalki istiqamətində hərəkət edirlər və vəziyyət “daha da təhlükəli şəkil alır”.
Avqustun 1-də Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski yerli RMF.FM radiosuna deyib ki, gələcəkdə Belarus və Rusiya qüvvələrinin törədəcəyi təxribatların sayı arta bilər.
Qarşıdurmanın tammiqyaslı müharibəyə çevrilməsi riski
İngiltərədəki Lankaster Universitetinin beynəlxalq siyasət üzrə mühazirəçisi Barbara Yokson deyib ki, Varşava Minski hazırkı Avropanın təhlükəsizlik böhranının faktorlarından biri hesab edir:
“Suvalki zolağına qoşun çıxarılması Rusiya və Kalininqrad arasında birbaşa əlaqə yarada bilər və Rusiya rejimi bunda çox maraqlıdır. Rusiyanın Kalininqraddan qərbdə və Belarusdan şərqdə qoşun yerləşdirməsi Baltik ölkələrini onların mərkəzi və qərbi Avropadakı NATO müttəfiqlərindən ayrı sala bilər. Bu isə Putinə Litva, Latviya və Estoniyaya potensial baxımdan müdaxilə etmək imkanı verərdi”.
Bununla belə, Yokson əlavə edib ki, Rusiyanın Suvalki zolağına qüvvə çıxarması başqa NATO üzvlərinin dərhal reaksiyasına səbəb olacaq:
“Belə bir hərəkət onun siqnalı olacaq ki, Rusiya NATO ilə qarşıdurmasını tammiqyaslı müharibəyə çevirməyə və hər iki tərəfi nüvə eskalasiyası riskinə çəkməyə hazırdır”.
Bundan əvvəl Lukaşenka və Putin arasında Polşa barədə “zarafatla” bağlı ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller demişdi ki, belə “zarafatlar” iki diktatorun məsuliyyətsizliyini nümayiş etdirir.
Miller əlavə etmişdi ki, “ABŞ ehtiyac olarsa, NATO ərazisinin hər qarışını müdafiə etməyə hazırdır”.
Sözçü əlavə etmişdi ki, ABŞ-ın Polşa ilə müttəfiqliyi çox güclüdür.