Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 22:15

Polis vətəndaşı razılığı olmadan psixiatrik müayinəyə göndərə bilər – Yeni təklif

Psixiatriya xəstəxanası
Psixiatriya xəstəxanası

Azərbaycanda prokurorların və Daxili İşlər Nazirliyinin (DİN) araşdırma aparan səlahiyyətli əməkdaşlarının qərarları vətəndaşların psixiatriya müayinəsinə göndərilməsi üçün rəsmi əsas ola bilər. Yerli medianın məlumatına görə, bu yenilik "Psixiatriya yardımı haqqında" Qanuna təklif edilən yeni dəyişiklik layihəsində əksini tapıb. Sözügedən sənəd iyunun 17-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində qeyd edilir ki, əgər psixi pozuntusu olan şəxsə tibbi yardımın gecikdirilməsi onun özü və ya ətrafındakılar üçün təhlükə yaradarsa, həmin şəxs özünün və ya yaxınlarının razılığı olmadan da müayinəyə aparıla biləcək. Bu zaman prokurorun və ya DİN rəsmisinin qərarı müayinə üçün əsas şərtlərdən biri sayılacaq.

Sosial şəbəkə istifadəçiləri isə qanuna təklif olunan bu dəyişikliyin gələcəkdə siyasi məqsədlərlə sui-istifadəyə yol açacağından narahatdırlar.

Azərbaycanda vətəndaşların öz rəsmi razılığı və ya yaxınlarının icazəsi olmadan psixiatriya xəstəxanalarına yerləşdirilməsi ilə bağlı bundan əvvəl də dəfələrlə narazılıqlar qeydə alınıb. Xüsusilə Naxçıvan Muxtar Respublikasından daxil olan şikayətlərdə bəzi tənqidçi fəalların və müxalif mövqeli şəxslərin heç bir tibbi əsas olmadan, sadəcə baxışlarına görə psixiatriya müəssisələrinə qapadıldığı iddia edilib.Amma rəsmi qurumlar belə şikayətləri bir qayda olaraq təsdiqləməyiblər.

Psixiatriyadan siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi hallarına Azərbaycanın da tərkibində olduğu keçmiş SSRİ dövründə də ayrı-ayrı respblikalarda vaxtaşırı rast gəlindiyi bildirilirdi.

XS
SM
MD
LG