Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:26

Polad Aslanovun şikayətini Baş Prokurorluq araşdırır


Polad Aslanov

Avqustun 16-da həbsdə olan "xeberman.com" saytın redaktoru Polad Aslanovla bağlı müraciətə Ombudsman Aparatı və Baş Prokurorluqdan cavab gəlib.

Bu barədə AzadlıqRadiosuna Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova danışıb. Onun sözlərinə görə, Ombudsman Aparatından gələn məktubda bildirilir ki, redaktorun əsassız həbs edilməsi, işgəncələrə məruz qalması, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Baş İstintaq İdarəsində istintaqın qeyri-obyektiv aparılması və vəkilinə təzyiqlərin olması barədə şikayətinin yoxlanması, tədbirlərin görülməsi üçün Baş Prokurorluğa müraciət olunub: "Baş Prokurorluqdan gələn məktubda isə qeyd edilir ki, şikayətimlə bağlı araşdırma aparılır. Bunun üçün məni prokurorluğa dəvət ediblər".

G. Aslanova habelə vurğulayıb ki, bu həftə ərzində onun müraciəti əsasında Baş Prokurorluğun nümayəndəsi Polad Aslanovun saxlandığı DTX-nin İstintaq Təcridxanasına gedib. "O, Polad Aslanovdan saxlandığı şəraitdən razı qalıb-qalmamasını soruşub. Halbuki, nümayəndə cinayət işinin düzgün aparılıb-aparılmamasını, həbsin əsl səbəblərini araşdırmalıdır. Polad Aslanov həmin nümayənə ilə bağlı Baş Prokurorluğa müraciət ünvanlayıb ki, O, ya öz işini bilmir, ya da təlimatlandırılmış şəkildə göndərilib. Ümumilikdə, Polad Aslanov prokurorluğun apardığı araşdırmadan narazıdır", - deyə G. Aslanova bildirib.

Bu deyilənlər ilə bağlı, hələlik, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluqdan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

P.Aslanov bu il iyunun 12-də saxlanılıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.O, cinayət məcəlləsinin (CM) 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə, qəbzləri imzalayıb.Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanov 2018-ci il aprelin 19-da - 29 yaşında hərbi xidmətə aparılmışdı.

O zaman ailəsi bildirirdi ki, o səhhətindəki problemlərlə əlaqədar bundan əvvəl hərbi xidmətə aparılmayıb, ona “sülh şəraitində hərbi xidmətə yararsız” olması barədə hərbi bilet verilib. Həyat yoldaşı iddia edirdi ki, onu peşə fəaliyyətinə görə, cəzalandırmaqdan ötrü bu addımı atıblar:

“Yoxsa ürəyində damar tıxanmasından, təzyiqdən əziyyət çəkən adamı qəfildən komissarlığa çağırıb, Naxçıvana göndərməyə nə ad vermək olar?”

Amma həmin vaxt ailəsinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Polad Aslanov birillik hərbi xidmətini bu ilin aprelində başa vurub, iki ay sonra həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG