Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Dövlətə xəyanətdə suçlanan sayt rəhbəri həbsdə qaldı


Polad Aslanov
Polad Aslanov

"Polad Aslanova həmin yazıları saytdan çıxarmaq, hətta pul müqabilində əməkdaşlıq da təklif olunmuşdu. Bu məqsədlə müxtəlif şəxslər vasitəsilə onu DTX-ya çağırmışdılar. Getməmişdi. Bilirdi ki, getsə, iki yolu var: ya saytdan yazıları silib, qeyri-rəsmi əməkdaşlığa getməlidir, ya da aqibəti indiki kimi olacaq...", – dövlətə xəyanətdə suçlanan "xeberman.com" və "press.az" saytlarının rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova belə deyir.

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində P.Aslanov haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Qapalı keçirilən məhkəmədə sayt rəhbərinin özü də iştirak edib. Həyat yoldaşının AzadlıqRadiosu-na bildirdiyinə görə, P.Aslanov günahsız olduğunu, DTX-nın zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyib.

"DTX ƏMƏKDAŞLARINDAN YAZIRDI"

Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası jurnalistin apellyasiya şikayətini təmin etməyib, həbs qərarı qüvvədə saxlanılıb.

Həyat yoldaşı bildirib ki, həbs qərarıyla əlaqədar növbəti hüquqi addım Avropa Məhkəməsinə şikayət etmək olacaq:

"Polad hələ 2018-ci ilin yanvarında DTX əməkdaşlarının ziyarət təşkil edən şirkətlərdən Məşhəd ziyarətinə gedənlərin hər birinə görə 10, Kərbəlaya gedənlərə görə isə 20 dollar alması barədə yazı yazmışdı. Bundan sonra ona qarşı təzyiqlər başladı. Çəkisi hərbi xidmətə imkan vermədiyi halda, sülh şəraitində hərbi xidmətə yararsızlığı haqda hərbi bileti ola-ola, evimizə heç bir çağırış vərəqi göndərmədən hərbi xidmətə apardılar. Orada çox ağır vəziyyətdə saxlandı. Qayıdandan sonra da təzyiqlər davam elədi. Sonradan dediyim kimi, onların istədiklərini eləmədiyinə görə bu işi başına gətirdilər".

Gülmirə Aslanova
Gülmirə Aslanova

​DTX-nın P.Aslanovla bağlı məlumatında bildirilir ki, onun xarici xüsusi xidmət orqanı ilə əməkdaşlığını təsdiqləyən sübutlar var, özü də etiraf edir. Həyat yoldaşı isə deyir ki, belə sübutların olduğuna inanmır:

"Varsa, açıq məhkəmə keçirib, ortaya qoysunlar, hamı da görsün".

Xatırlatma

P.Aslanov iyunun 12-də saxlanılıb, 14-də isə Sәbail Rayon Mәhkәmәsinin qərarıyla barəsində ilkin istintaq dövrü üçün 4 aylıq hәbs qәtimkan tәdbiri seçilib.

P.Aslanov CM-nin 274-cü maddәsi ilә (dövlәtә xәyanәt) ittiham olunur. Bu ittihamda 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Məlumatda onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG