Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:36

'Playboy'un üz qabığına müsəlman qadın çıxdı, amma...


Amerikalı jurnalist Nur Taguri (Noor Tagouri)
Amerikalı jurnalist Nur Taguri (Noor Tagouri)

22 yaşlı amerikalı müsəlman jurnalist Nur Taguri məşhur erotik nəşr olan “Playboy”un üz qabığına çəkilib. Amma onun fotosu jurnalın ənənəsindən fərqli tərzdə çəkilib. Yəni, çılpaq yox, idman ayaqqabısı və dəri gödəkçədə. O, jurnal üçün verdiyi müsahibəsində qadınları ciddi olmağa dəvət etmək istədiyini bildirib.

Nur Taguri əslən Liviyadandır. “Playboy”un sözügedən nömrəsi işıq üzü gördükdə, Taguri bu jurnalın üzqabığında şəkli verilmiş ilk hicablı qadın olacaq.

Qərbi Virciniyada yaşayan Taguri burada müxtəlif media orqanlarında – CBS radiosunda, CTV telekanalında və Newsy video-xəbər layihəsində jurnalist fəaliyyəti ilə məşğul olur.

Buna da bax:​ “Playboy” jurnalı əvvəlki imicindən rəsmi imtina etdi

Yeri gəlmişkən, Amerika Birləşmiş Ştatlarının bir federal kanalında tarixdə hicabla ekranlara çıxmış ilk jurnalist də məhz bu 22 yaşlı gənc müxbir olub.

“Playboy”un redaksiyası jurnalın oktyabr nömrəsini hamılıqla qəbul edilmiş qaydaları pozaraq, mövcud çərçivədən kənara çıxmağa müvəffəq olan və buna görə ictimai qınaq və qalmaqallarla üzləşsə də öz istəyinə nail olan insanlara həsr etməyi planlaşdırır.

Bir qız özünü ciddi aparması üçün nələr etməlidir?

Jurnalın üz qabığında Taguri özü üçün xarakterik geyimdə çıxacaq: dəri gödəkçə və ağ ketada. Özünün dediyinə görə, müsahibəsində bir qızın özünü ciddi aparması üçün nələr etməli olduğu barədə danışacaq.

Jurnalın həmin nömrəsində bir sıra digər tanınmış insanlarla yanaşı, aktrisa və standapçı komik Aleksandra Vong, yazıçı Pol Bitti və balet karyerasına son verərək pornobiznes aləminə daxil olmağa qərar vermiş balerina Stoya da yer alacaq.

Buna da bax:​ İsveçin ən gənc və ilk müsəlman qadın naziri içkiyə görə istefa verib

Nur Taguri Merilend Universitetinin məzunudur. O, “yeni” amerikan jurnalistikasında ən istedadlı gənclərdən biri sayılır. Taguri həm də bir çox motivasiya video-roliklərinin müəllifi kimi də məşhurdur. Yeni nəslə aid bu cür gəncin Instagram ulduzlarından biri olduğunu qeyd etmək isə yəqin ki, artıq olar.

Taguri dünyaca məşhur TED təlim portalında da bir neçə mühazirə deyib. O, həmin mühazirələrində insanları özlərinin fərqli irqi və ya dini identikliyini gizlətməməyə və bu fərqliliklərdən utanmamağa, daim öz arzularının arxasınca gedib nəyin bahasına olur-olsun onları gerçəkləşdirməyə çağırıb.

Onun özünün isə hicabda televiziya ekranına çıxmaq arzusu olub. Bu arzusunu 2012-ci ildə gerçəkləşdirə bilib. Həmin vaxt o, ABC telekanalında, Amerikada ilk dəfə olaraq, hicabda xəbərlər proqramını təqdim edib.

Buna da bax:​ Soyunan müsəlman aktrisalar

Tənqidlər də var: Müsəlman qız hara, “Playboy” hara?

Tagurinin sözlərinə görə, “Playboy”a çəkilmək qərarını onun heç də bütün pərəstişkarları və tanışları təqdir etməyib. Əksinə, çoxları erotik jurnalın üzqabığında müsəlman qadını görmək ideyasından şoka düşüb. Tagurinin bu qərarı sosial şəbəkə istifadəçiləri arasında da müzakirələrə səbəb olub. Onu alqışlayanlar da olub, bir müsəlmanın belə bir jurnala çıxmasına görə tənqid edənlər də olub. Ancaq jurnalistin dediyinə görə, o özü bütün bu neqativ reaksiyalara fikir verməməyə çalışır.

“Playboy” jurnalı 1952-ci ildə yaradılıb. Ötən əsrin 70-ci illərində 5,6 milyon tirajla çıxıb. Ancaq son illərdə jurnalın tirajı azalaraq 800 minə düşmüşdü.

“Playboy” internet qadağalarını aşıb Facebook və Twitter kimi sosial media platformalarından yararlana bilmək üçün bir müddət əvvəl internet saytında çılpaq qadın fotoları dərc etməmək qərarı vermişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG