Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 09:45

Sonrakı... faydalı peşmançılıq


Dörd cür məyusluq varmış
Dörd cür məyusluq varmış

Publisist Deniel Pink özünün "Dünya peşmanlıq sorğusu"na (World Regret Survey) 16 min peşmanlıq nümunəsi daxil edib. Bütün bu məlumatı təhlil edən və ən son elmi təcrübələrə əsaslanan Pink təəssüf hissinin dörd fərqli tipini və onların hər birinə səbəb ola biləcək hadisələrin növlərini müəyyən edə bilib.

Pink bu araşdırmasının detal və nəticələrini "Peşmanlığın gücü" (The Power of Regret) adlı yeni kitabında dərc edib. Kitab peşmanlıq hissinin insanların həyatındakı mühüm rolu haqdadır. Müəllif, eyni zamanda, oxuculara məyusluq və səhvləri ilə barışmağın yollarını göstərməyə çalışır.

Qərar qəbuletmədə rolu

Bir çox mənfi emosiyalar kimi, peşmanlıq da çox zaman yan keçməli olduğumuz şeylərdən biri sayılır. Edit Piafın məşhur "Je ne regrette rien" mahnısı həyatı peşmanlıq olmadan yaşamaq haqda çoxsaylı mahnılardan biridir.

Ancaq psixoloqlar bu hissin çox faydalı ola biləcəyini deyirlər. Belfastdakı Kuins Universitetinin psixologiya professoru Eydan Fini deyir ki, peşmanlıq insanların qərar qəbuletmə bacarıqlarını təkmilləşdirməsi üçün ən mühüm mexanizmlərdən biridir. Bu hiss gələndə insan anlayır ki, strategiyasını dəyişmək, hadisələrin alternativ gedişatlarını nəzərdən keçirməyin vaxtıdır.

Pink deyir ki, alimlərin bu qəbildən olan tapıntıları insanlara emosiyalarını daha müsbət yöndən görmək imkanı verir: "Biz peşmanlığı bizə vacib şeylər öyrətməyə çalışan müəllim kimi görməliyik".

Dörd cür məyusluq

Pink "Dünya peşmanlıq sorğusu"nun müəyyən bir hissəsini təhlil edərkən dünyada əksər insanların ən böyük məyusluqlarının bu dörd qrupdan birinə daxil olduğunu aşkar edib:

Təməl məyusluqlar insanların məsuliyyətli ola bilməməsi ilə bağlıdır. Bu zaman insanların sabitlik ehtiyacı ödənməmiş qalır. Bura məktəbdən yayınma, həddindən çox pul xərcləmə, sağlamlığın qeydinə qalmama, həyatboyu mənfi nəticələrə gətirib çıxaran pis vərdişlər və s. daxildir.

Cəsarət məyusluqları həddindən artıq ehtiyatlı olmaqdan qaynaqlanır. Bəzən insanlar potensial olaraq həyatlarını dəyişdirə biləcək imkanlarla qarşılaşır, ancaq onları əldən buraxırlar.

Əxlaqi məyusluqlar başqa insanlarla bağlıdır. Məyusluğa qapılan insan nə vaxtsa kimisə incidibsə, buna görə peşman ola bilər. Partnyora xəyanət etmək bunun ən bariz nümunələrindən biridir.

Əlaqə məyusluqları ailə üzvləri, dostlar və həmkarlarla bəsit etinasızlıq səbəbindən itirilən münasibətlərlə bağlıdır.

"Pre-mortem" metodu

Gələcək məyusluqlardan necə qaçmalı? Pink deyir ki, əlaqə məyusluqları ən çox rast gəlinən məyusluq növüdür. Bu məyusluğun qarşısını almaq üçün həmin insanlarla yenidən ünsiyyətə girmək istəyib-istəmədiyiniz haqda düşünməlisiniz.

Pink gələcək məyusluqlardan qaça bilmək üçün "pre-mortem" metodunu təklif edir. Bu üsul qərar qəbul etməzdən öncə baş verə biləcək ən pis ssenarini təsəvvür etməkdən ibarətdir. Bu üsul xüsusən də əxlaqi və təməl məyusluqlardan qaçmağa kömək edə bilər.

Bəs, artıq başımıza gəlmiş məyusluqların öhdəsindən necə gəlməli?

Pink dərdini başqa bir insanla bölüşməyə çətinlik çəkən insanlara öz məyusluqları haqda esse yazmağı tövsiyə edir. Emosiyaları sözlərə çevirəndə onları konstruktiv istiqamətə yönəltmək asanlaşır.

Bundan başqa, toksik özünütənqiddənsə, özünü anlama praktikasına müraciət etmək olar. Bunun üçün sizi atdığınız yanlış addıma vadar edən kontekstə yenidən nəzər salın, onu təhlil edin. Məyusluq hissinin təkcə sizin başınıza gəlmədiyini anlamağa çalışın.

Pink yazır ki, özünü məyusluqdan sağaltmağa çalışmaq heç vaxt gec deyil. O, "Dünya peşmanlıq sorğusu"nun iştirakçıları ilə söhbət zamanı onların bir çoxunun artıq özləri ilə barışıq prosesinə başladığını anlayıb. Bəziləri hətta itirilmiş əlaqələrini yenidən bərpa etməyə çalışırlar.

XS
SM
MD
LG