Kremlin sözçüsü Dmitri Peskov, Mərkəzi Seçki Komissiyası (MSK) onu Vladimir Putinin təbliğatı kimi qiymətləndirilə biləcək bəyanatlarına görə məzəmmət etdikdən sonra üzr istəyib.
Peskov fevralın 2-də deyib ki, MSK-nin xəbərdarlığını qəbul edir və martın 18-də keçiriləcək prezident seçkisinədək verdiyi bəyanatlarda ehtiyatlı olacağını bildirir.
Peskov bildirib ki, o kampaniya kimi qəbul edilə biləcək hər hansı bəyanatına görə üzrxahlıq edir.
Bundan əvvəl MSK-nın sədri Ella Pamfilova demişdi ki, Peskovun yanvarın 29-da verdiyi bəzi bəyanatlar “seçki təbliğatının aşkar əlamətlərinə” malik olub.
Buna baxmayaraq Pamfilova konkret olaraq hansı bəyanatlardan söhbət getdiyini açmayıb. Lakin müşahidəçilər hesab edirlər ki, bu, Peskovun Putinin hər hansı seçkidən yüksəkdə durduğuna dair bəyanatı idi.
Peskov o vaxt jurnalistin “Kreml müxalifətçi Navalnıdan qorxurmu” sualına cavabında demişdi: “Mən düşünmürəm ki, Putinin ictimai rəyə mütləq lider olduğuna, siyasət Olimpinə mütləq lider olduğuna kimsə şübhə edir”.
Tənqidçilər deyirlər ki, Kremlin ölkə boyunca bütün siyasi alətlərə sahib olduğu və fərqli düçşüncənin illər boyu əzildiyi bir şəraitdə Putinin dördüncü müddətə də prezident seçiləcəyinə dair doğrudan da şübhə yeri qalmır.