Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Pentaqonun Yaxın Şərqə 5000 əsgər göndərməyi ‘təhlil etdiyi’ xəbər verilir


ABŞ müdafiə naziri əvəzi Patrick Shanahan
ABŞ müdafiə naziri əvəzi Patrick Shanahan

Reuters agentliyi ABŞ rəsmilərinə istinadən xəbər verir ki, İranla bağlı gərginliyin artması ilə əlaqədar Pentaqon Yaxın Şərqə 5000 hərbçidən ibarət əlavə qüvvə göndərilməsinə dair təklifi təhlil etməkdədir.

ABŞ rəsmiləri adlarının çəkilməməsi şərtilə mayın 22-də Reuters agentliyinə bildiriblər ki, ABŞ Mərkəzi Komandanlığı belə bir təkliflə müraciət edib. Lakin elə həmin rəsmilər bu təklifin Müdafiə Nazirliyi tərəfindən təsdiq edilib-edilməyəcəyinin məlum olmadığını əlavə ediblər.

İran və Birləşmiş Ştatlar arasında münasibətlər ötən il prezident Donald Trump ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxartdıqdan sonra ən aşağı həddinə enib.

Sözü gedən müqavilə İranla, ABŞ da daxil, dünyanın 6 gücü arasında imzalanıb və üzərindəki sanksiyaların qaldırılması müqabilində Tehranın nüvə fəaliyyətinin məhdudlaşdırılmasını nəzərdə tutur.

ABŞ bu sazişdən çıxandan bəri Vaşinqton ritorikasını sərtləşdirib və Tehran üzərinə sanksiyaları bərpa edib.

Birləşmiş Ştatlar bu ay İrandan qaynaqlanan “real təhdidləri” əsas gətirərək Yaxın Şərq və Fars Körfəzindəki hərbi gücünü möhkəmləndirib. Bu hərəkət öz növbəsində İranla potensial münaqişəyə dair artmaqda olan narahatlıq yaradıb.

Bu da xəbər verilir ki, Pentaqon dünya boyunca ABŞ komandanlıqlarından əlavə qoşun və avadanlığın ayrılmasına dair müraciətləri vaxtaşırı alır və icrasından imtina edir. Rəsmilərdən biri söyləyib ki, istənilən əlavə qoşunlar müdafiə xarakterlidir.

Bu barədə hər hansı konkret müraciətin nəticədə Ağ Evə təqdim edilib-edilməyəcəyi bilinmir. 5000-lik əsgəri qüvvə üçün müraciət barədə xəbərin ilkin mənbəyi Reuters agentliyidir.

ABŞ rəsmiləri bunu da bildiriblər ki, Yaxın Şərqdəki ABŞ qüvvələrinə və maraqlarına qarşı İrandan qaynaqlanan inandırıcı təhdidlər mövcuddur.

Pentaqon bu barədə xəbəri şərh etməkdən imtina edib.

Pentaqonun sözçüsü xanım Rebecca Rebarich mayın 22-də deyib: "Çoxdan mövcud olan siyasətimizə uyğun olaraq biz potensial gələcək planlarımızı və qoşunların ayrılmasına dair müraciətləri şərh və müzakirə etmirik”.

ABŞ müdafiə nazirinin əvəzi Patrick Shanahan mayın 21-də Konqresdə ABŞ millət vəkillərinə məlumat verdikdən sonra media təmsilçilərinə demişdi ki, Trump administrasiyası bundan sonra eskalasiyanın artmasını önləmək istəyir:

"Söhbət müharibədən yox, çəkindirməkdən gedir. Biz müharibəyə başlamaq ərəfəsində deyilik”.

Shanahan bildirmişdi ki, Yaxın Şərqdə İrandan qaynaqlanan təhlükə ehtimalı yüksək olaraq qalır, lakin Pentaqonun gördüyü tədbirlər sayəsində amerikalılar üzərinə potensial hücumların qarşısını indilik dayandırmaq mümkün olub.

ABŞ hərbiyyəsi Yaxın Şərq regionuna təyyarədaşıyan gəmilər eskadriliyasının göndərilməsini sürətləndirib və bu ayın əvvəllərində regiona bombardmançı təyyarələr və Patriot tipli raketlər göndərib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG