Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:08

M.İbrahimin sentyabrın 29-da azadlığa buraxılacağı deyilir


Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan AXCP sədrinin müşaviri Məmməd İbrahimin sabah, sentyabrın 29-da azadlığa buraxılacağı bildirilir.

Bu haqda siyasətçinin oğlu Turan İbrahim danışıb.

Bu gün, sentyabrın 28-i səhərdən müəssisənin qarşısında gözləyən T.İbrahimin deməsinə görə, günortadan sonra 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Şahin Həsənov onu qəbul edib: ​«Şahin Həsənov qəbul etdi. Mənə bildirdi ki, elə görüşdən əvvəl Məmməd İbrahimin yanında olub. Hər şeyin yaxşı olduğunu, aclığı dayandırdığını, onunla çay içdiyini söylədi. Eyni zamanda bildirdi ki, atamın yatağında qanunsuz əşya aşkar edilib, buna görə də iki günlük cərimə kamerasına salınıb. Səhhətinin yaxşı olduğunu, heç bir fiziki zorakılığa məruz qalmadığını bildirdi».

T.İbrahimin sözlərinə görə, atası sabah, sentyabrın 29-da günortadan sonra azadlığa buraxılacaq. O vurğulayıb ki, bunu da ona 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Ş.Həsənov söyləyib.

Bu deyilənləri 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyindən dəqiqləşdirmək mümkün olmayıb.

10 nəfərdən çox fəalın saxlandığı deyilir

16 Saylı Cəzaçəkmə Müəssisəsində tutulan AXCP sədrinin müşaviri Məmməd İbrahimdən xəbər almaqdan ötrü 16 Saylı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşanlardan bəzilərinin saxlandığı bildirilir.

«Turan» agentliyinin xəbərinə görə, bu haqda məlumatı Suraxanı rayonu 31-ci Polis Bölməsindən də təsdiq ediblər.

Verilən məlumata görə, cəzaçəkmə müəssisənin qarşına toplaşanların bəziləri polis bölməsinə aparılıb. Onların 3 saatdan artıq polisdə saxlandığı deyilir.

Agentliyin xəbərinə görə, bölmədən vurğulayıblar ki, saxlanan şəxslərlə söhbət edilib, izahatları alınıb və sərbəst buraxılıblar. Bölmədən əlavə məlumat verməyiblər.

AXCP-dən verilən məlumata görə isə, 10-dan artıq partiya üzvü polisə aparılıb. Məlumatda vurğulanır ki, partiya üzvlərindən başqa bir neçə siyasi fəal, eləcə də jurnalist polisə aparılanlar arasında olub. Onların hamısının sərbəst buraxıldığı deyilir.

M.İbrahimin oğlu zorakılıqla üzləşdiyini bildirir

16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan AXCP sədrinin müşaviri Məmməd İbrahimdən xəbər tutmaqdan ötrü 16 Saylı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşan fəalların zorakılıqla üzləşdiyi deyilir.

Bu haqda AXCP təmsilçisi Səadət Cahangir bildirib.

«Müəssisənin qarşına toplaşanların hamısını dağıtdılar. Bəzilərini zorla avtobuslara doldurdular. Çəkiliş edən jurnalistlərə də maneə yaradıldı», - o, bildirib.

M.İbrahimin oğlu Turan İbrahim də müəssisənin qarşısında zorakılığa məruz qaldığını bildirir. Onun deməsinə görə, müəssisənin qarşısına çağırılan polislərin təzyiqinə məruz qalıb.

«Daha ətraflı sonra məlumat verəcəyəm. Mənə zor tətbiq edən, vuran polis haqqında da şikayət edəcəyəm», - o, deyib.

T.İbrahim atasının durumu ilə bağlı, hələlik, onlara hər hansı dəqiq bilgi verilmədiyini söyləyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisənin əməkdaşları ora toplaşan fəallara M.İbrahimin məhkəməyə aparılacağını deyiblər.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

M.İbrahimin həbsdə aclığa başladığı deyilir

16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanan AXCP sədrinin müşaviri Məmməd İbrahimin aclıq aksiyasına başladığı bildirilir. Bu barədə onun oğlu Turan İbrahim məlumat yayıb.

«Atam məhbus həyatının başa çatmasına iki gün qalmış cərimə təcridxanasına salınmasına etiraz edir. Onu guya yastığının altından bıçaq tapılmasına görə cərimə kamerasina salıblar», -T.İbrahim deyib.

M.İbrahimin aclıq aksiyasına başlaması ilə bağlı deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

AXCP rəhbərliyi cəzaçəkmə müəssisəsinin önündə

Bu gün, sentyabrın 28-i, səhər saatlarında bir qrup fəalın M.İbrahimin taleyinə aydınlıq gətirməkdən ötrü onun saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşdığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna hadisə yerində olan şəxslər məlumat verib.

Amma verilən məlumata görə, polis insanların bir yerdə toplaşmasına imkan verməyib. Ora toplaşanlardan bəzilərinin maşınlara əyləşdirilərək həbsxana önündən yola salındığı bildirilir.

Hazırda AXCP rəhbərliyinə daxil olan 5 nəfərin 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi ilə görüşmək istədiyi deyilir. Həmin şəxslərə, hələ ki, müsbət cavab verilməyib.

Penitensiar Xidmətdən M.İbrahimlə bağlı açıqlama

«Qüvvədə olan qanunvericiliyə görə, məhkumların saxlandığı məkanda axtarış-baxış tədbirləri keçirilir. Belə axtarış-baxış tədbirləri zamanı məhkum Məmməd İbrahimin yastığı altından kəsici-deşici alət tapılıb». Bunu Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

M.Sadıqov deyib ki, həmin kəsici-deşici alət tapılan kimi M.İbrahim cərimə təcridxanasına (karser) salınıb.

«Hazırda məsələ ilə bağlı araşdırma gedir və yekunda buna hüquqi qiymət veriləcək», - deyə o vurğulayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri M.İbrahimin cərimə kamerasına salınması dünən, sentyabrın 27-də ictimaiyyətə açıqlanmışdı. Bu haqda siyasətçinin oğlu Turan İbrahim məlumat vermişdi: «Guya, atamın yastığının altından bıçaq tapıblar. Buna görə karsa salınıb».

T.İbrahimin sözlərinə görə, atasının cəzasının başa çatmasına cəmi bir neçə gün qalır. O, həftəsonu azadlığa buraxılmalıdır. Oğlu atasının şərləndiyini düşünür.

Xatırlatma

Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

M.İbrahim ittihamları qurama sayır və həbsini siyasi fəaliyyəti ilə izah edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG