Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:23

Penitensiar Xidmətdən dindar fəalın ailəsinə: 'Bu, xəbərdarlıqdır...'


Ə.Nuruzadə

«Müsəlman Birliyi» Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin yaxınları onun cəzaçəkmə müəssisəsində incidildiyini deyir. Bu barədə AzadlıqRadiosuna dindar fəalın anası Zeynəb Hüseynova danışıb.

Anası deyir ki, Ə.Nuruzadə avqustun 17-də 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Ora çatan kimi də rəhbərliyin təzyiqi ilə üzləşib, onu Qobustandakı qapalı həbsxanaya göndərməklə hədələyiblər: «Cəzaçəkmə müəssisəsində onu 15 gün karantində saxlayıblar. Karantindən dərhal sonra da heç bir əsas olmadan birbaşa «kars»a salıblar. Bu adam ora çatan kimi neylədi ki, onu «kars»a saldılar?».

Z.Hüseynova hesab edir ki, oğluna bu cür münasibət ona qarşı qərəzdən qaynaqlanır: «Günahsız yerə şərləyib yeddi il verməklə ürəkləri soyumayıb...».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, təkcə Ə.Nuruzadə yox, hər bir məhkum cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra iki həftəyə qədər karantində saxlanılır: «Bu müddətdə ona müəssisənin daxili intizam qaydaları öyrədilir, hüquq və vəzifələri izah olunur, məhkumun psixoloji durumu öyrənilir. İslah, tərbiyə prosesi üçün bu çox vacibdir. İntizam qaydaları pozulduğu halda görülə biləcək tədbirləri izah eləmək sadəcə, xəbərdarlıqdır. Bunu hədə-qorxu kimi qəbul etmək düzgün deyil».

Ə.Nuruzadənin cərimə təcridxanasına salınmasına gəlincə, M.Sadıqov deyir ki, ailə üzvləri onun əsassız cəzalandırıldığını hesab edirsə, bu barədə Penitensiar Xidmətə rəsmi şəkildə müraciət edə bilər: «Müraciət araşdırılar, əgər, deyildiyi kimi, cəzanın əsassız olduğu aydınlaşarsa, lazımi addım atılar».

Xatırlatma

Ə.Nuruzadəni ötən il oktyabrın 6-da Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar. Ona Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma o, ittihamı rədd edir, narkotikin cibinə idarənin əməkdaşları tərəfindən atıldığını bildirir.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Nuruzadənin 7 il azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Ə.Nuruzadəni bundan öncə də iki dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Ailəsinin deməsinə görə, bu zaman günlərlə onlara onun yeri haqda heç bir məlumat verilməyib. Ardınca da hər dəfə 10 sutka inzibati həbs cəzası alıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.

«Müsəlman Birliyi» Hərəkatı Ə.Nuruzadənin ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olduğuna və ictimai fəallığına, sosial şəbəkələrdə Milli Şuranın mitinqlərinə çağırış etdiyinə görə cəzalandırıldığını bildirib.

XS
SM
MD
LG