Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Qarabağ döyüşlərində övlad itirən ananın daha bir acısı


 Elbrus Teymurov, Təbriz qospitalı, 2018
Elbrus Teymurov, Təbriz qospitalı, 2018

Astara rayonun Əsxənəkəran kənd sakini Vahimə Ağayevə ailəsinə biganəlikdən şikayətçidir. O Azadlıq Radiosuna ünvanladığı məktubda qarşlaşdıqları problemlərdən bəhs edir:

“Oğlum Pəncəli Teymurov 2016-cı ilin aprelində gedən döyüşlərdə həlak olub. Xüsusi təyinatlı dəstədə gizir idi, 17 il hərbidə xidmət çəkib. “İgidliyə görə”, ölümündən sonra “Vətən uğrunda” medalları ilə təltif olunub. Mən belə bir igidin anasıyam. Övlad itirməyin nə qədər ağır olduğunu izah etməyə ehtiyac yoxdur. Son aylarda başımıza gələn hadisələrdə məmurların və həkimlərin etinasızlığı məni həddindən artıq üzüb...”

“Elbrus odun doğrayərkən sol ayağı ağacın altında qaldı.”

Pəncəli Teymurovun kiçik qardaşı Famil Teymurovla rayon mərkəzində görüşdük. Onun sözlərinə görə, birinci vitse prezidentə, Ombudsmana, baş prokurora şikayət məktubu yollayıblar:

Famil Teymurov
Famil Teymurov

“Kəndimiz dağ ərazisində, rayon mərkəzindən 25-30 kilometr uzaqda yerləşir. Dağ ərazisində yerləşən kəndlərdə təbii qaz yoxdur. Bizdə qış sərt və uzun keçir. Buna görə də, odun tədarük etmək lazım gəlir. Anam və atam yaşlı adamlardır. Həm də xəstədirlər. Çalışırıq ki, qışda soyuqdan əziyyət çəkməsinlər. Odun üçün Astara rayonun Meşə Mühafizəsi və Bərpası idarəsinə müraciət etdik. İdarənin müdiri bizə bildirdi ki, hər kub odun üçün 10 manat ödəməlisiniz. Ondan sonra odun tədarükü üçün yer göstərərik. Razılaşdıq. Çox çətin keçilən yerdə bizə iki qurumuş ağac göstərdi. Qardaşım Elbrus odun doğrayərkən sol ayağı ağacın altında qaldı.”

O deyir ki, qardaşını ağır vəziyytdə Lənkəran rayon Mərkəzi Xəstəxanası-na çatdırıblar. Xəstəxanada ilkin yardım göstərilsə də vəziyyəti ağırlaşıb:

“Bu hadisə 2018-ci il sentyabrın 6-da baş verib. Lənkəran xəstəxanasında məlum oldu ki, Elbrusun ayaqlarındakı damarlar da qırılıb, sıradan çıxıb. Biz xəstəxananın rəhbərliyinə müraciət edib xəstəni Bakıya çatdırlması üçün təcili tibbi yardım avtomobilinin verilməsini xahiş etdik. Bizi orda 5 saatdan artıq saxlasalar da təcili tibbi yardım avtomobili vermədilər. Astara rayon Mərkəzi Xəstəxanasına müraciət etməli olduq. ”

Famil Teymurovun dediklərinə görə, Bakıda edilən müalicənin də heç bir əhəmiyyəti olmayıb:

“ Xəstəni Təbrizə apardıq”

“Xəstəni Bakıda Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirdk. Orada 10 saat əməliyyat altında qaldı. 9 gün orada yatdı. Orada 7 min manatdan çox xərcimiz çıxdı. Pul verməyəndə xidmət göstərmirdilər. Burda böyük bir haqsızlıq gördük. Qeyri-insanı hərəkətlərə rast gəldik.Vəziyyəti gündən-günə pisləşirdi.Ayağı irinləməyə başladı.Xəstəni İranın Təbriz şəhərinə apardıq.”

“Təbrizdə böyük hörmət gördük”

Təbriz şəhəri
Təbriz şəhəri

Famil Teymurovun bildirdiyinə görə, qardaşı Təbrizin “Behbud” klinkası-nda müalicə alıb:

“Xəstəni ora aparan kimi yoxaldılar. Məlum oldu ki, müalicə düzgün getmyib. Damarlara tikiş qoyulsa da işləmir. Həkim bildirdi ki, xəstə 5-6 gün tez gətirilsəydi ayağını xilas etmək olardı. Məcbur olub ayağını kəsdilər.Təbrizdə böyük hörmət gördük. Eşidəndə ki, şəhid qardaşıdır, bir çox işləri təmanəsız gördülər. Orda 4-5 min manat pul xərcləmişik. Qardaşmın bu vəziyyətə düşməsində günahkar olan şəxslər barəsində cinayyət işinin açılmasını istəyirik.”

“Əks halda ailəmlə birlikdə...”

Famil Teymurovun anası Vahimə Ağayevanın baş prokurora ünvanladığı məktubda da bu işin araşdılması istənilir:

“Sizdən bir şəhid anası olaraq xahiş edirəm, oğlum Elbrusun ayağının itirilməsinə səbəb olan məmurların və Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkimləri barəsində lazımi tədbir görülməsinə göstəriş verəsiniz. İnanıram ki, övlad acısıyla qovrulub yanan ananın harayına biganə qalmayacaqsınız. Əks halda ailəmlə birlikdə ölkə vətəndaşlığından imtina etmək məcburiyyətində qalacağıq...”

Rəsmilər nə deyir ?

Əsxənəkəran kənd ərazi icra nümayəndəsi Səlahəddin Əliyevn sözlərinə görə, bu ailəyə həmişə diqqətlə yanaşıblar:

“ Şəhid ailəsinə 264 manat prezidemt təqaüdü verilir. Bundan əlavə 93 manat kommunal xərc ödənlir. Buna baxmayaraq biz onlara həmişə baş çəkirik, problemləri ilə maraqlanırıq. Bu bizim bocumuzdur. Bu gün Elbrus Teymurov İrandan müalicədən qayıdıb. Evlərinə baş çəkdim. İmkan daxilində dəstək də oldum. Burda meşə idarəsinin günahı yoxdur.”

Astara Meşə Mühafizəsi və Bərpası idarəsin müdiri Elşad Şükürov isə bunları deyir:
“Mən baş verənlərdən təəssüf edirəm. Ürəyim ağrıyır. Mən onlara dedim ki, heç olmasa bir qədər rüsum ödəsinlər. Meşələrdən ancaq quru ağaclardan odun verə bilirik. Müəyyən qaydalar var, qanun var. Ondan kənarə çıxa bilmirik. Özləri gedib odun doğrayıblar.”

Həkimin cavabı

Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitunun həkimi Fikrət Bayramov da onların ünvanına deyilənləri düzgün hesab etmir:

“Bu, xəstə bizdə olub. Reanimasiyada yatıb. İki dəfə əməliyyat etmişik. Kiməsə pul veriblər, düz demirlər. Reanimasiyda yatan adamdan kim pul alar? Onu nahaq apardılar. Bir də gördük ki, aparıblar...”

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG