İfadə azadlığını təşviq edən PEN America təşkilatı Nyu Yorkda qala tədbirdə həbsdə olan üç iranlı yazısını mükafatlandırıb. Onlar PEN/Barbi Yazmaq Azadlığı Mükafatına layiq görülüblər.
Bektaş Abtin, Keyvan Bajən və Rza Xəndan Məhabadi “yazılarına, azad sözü müdafiə etdiklərinə, dövlət senzurasına dinc etirazlarına görə İran hakimiyyəti tərəfindən həbs olunmuş tanınmış yazıçılardır”, – PEN America oktyabrın 5-də bildirib.
Qrupun rəhbəri Suzanna Nossel qeyd edib ki, PEN/Barbi Yazmaq Azadlığı Mükafatı “cəsarətilə bizi azad cəmiyyətləri müdafiəylə bağlı kollektiv vədimizi yeniləməyə vadar edən” yazıçılara verilir.
Azadlıq çağırışları
Abtin, Bajən və Xəndan Məhabadi İran Yazıçılar Assosiasiyasındakı fəaliyyətə görə 3-6 illik həbsə məhkum ediliblər. Hakimiyyət bu təşkilatın üzvlərini dindirir, hədələyir, həbs edir.
Beynəlxalq insan haqları və media azadlığı təşkilatları üçlüyə kəsilmiş həbs cəzalarını pisləyib, onları azad etməyə çağırıb.
Dünyadan 370-ə yaxın incəsənət xadimi və ziyalı bu yaxınlarda İranın mühafizəkar prezidenti İbrahim Rəisiyə məktub yazaraq yazıçılara azadlıq istəyib.
“Bu üç yazıçı İranın zəngin ədəbiyyat tarixinə böyük töhfə veriblər, kitablar, poeziya, qısa hekayələr yazıb, çoxcildli İran ədəbiyyatı ensiklopediyasını, böyük yazıçıların şifahi irsini redaktə ediblər”, – məktubda deyilir.
Məktubu imzalayanlar içində Nobel mükafatlı yazıçılar JM Kutzee, Orxan Pamuk, həmçinin Xalid Hüseyni, Hollivud ulduzu Meril Strip olub.